Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Prezident İlham Əliyevin proqram xarakterli çıxışı siyasi kulisdə geniş əks-səda doğurub. Xüsusilə, dövlət başçısının xarici müdaxilələr, silah alış-verişi və ideoloji təhlükəsizliklə bağlı işlətdiyi ifadələr müxtəlif yozumlara yol açıb. Siyasi şərhçilərin bir qismi bu mesajların guya Bakı-Ankara münasibətlərindəki son detallara işarə etdiyini iddia etsələr də, regional xronologiyaya və faktlara soyuqqanlı nəzər saldıqda tamam fərqli mənzərə ortaya çıxır.
Sözügedən mənzərənin mərkəzində Türkiyə deyil, son aylarda Bakıya qarşı həm mediada, həm də diplomatik masada təzyiqi artıran Tehran dayanır.
Prezident nə deyib, nəyə diqqət çəkib?
İlham Əliyev qurultay kürsüsündən Azərbaycanın keçdiyi mübarizə yolunu xatırladarkən xüsusi bir məqamı qabartdı: "Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kimə qarşı müharibə aparmışıq. Ermənistanın arxasında onlar dayanmışdılar və bu gün də dayanırlar, hərə öz bildiyi formada. Ona görə biz həm Qələbəmizlə fəxr edirik, həm cəsarətimizlə fəxr edirik, iradəmizlə fəxr edirik, xalqımızla fəxr edirik, dövlətimizlə fəxr edirik. Ona görə bu da ideoloji təxribatlara qarşı ciddi bir maneədir. Əlbəttə ki, bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır. Xarici siyasəti biz elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər. Mən sizə tam məsuliyyətlə deyirəm, Ali Baş Komandan kimi, bütün bu məsələlərə rəhbərlik edən şəxs kimi. Bilirsiniz ki, 2003-cü ildən bu yana Azərbaycan nə qədər silahlanıb, həm yerli istehsalı yaradıb, həm xaricdən alıb. Bir dəfə də bizə bir manat, bir dollar güzəşt etməyiblər. Hətta bəzən dünya qiymətindən bir neçə dəfə baha satıblar. Biz də məcbur olub buna göz yummuşuq. Ona görə bu, çox ciddi bir məsələdir”.
Xatırladaq ki, İranın siyasi və hərbi elitası - xüsusən də Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai kimi fiqurlar mütəmadi olaraq Azərbaycanın İsrail, Türkiyə və ya digər tərəfdaşlarla hərbi-tekniki əməkdaşlığını hədəf alır. Tehrandan tez-tez "Azərbaycanın xarici güclərin plasdarmına çevrilməsi" iddiaları səsləndirilir.
Prezident İlham Əliyevin "Silahları son gülləsinə qədər bazar qiymətinə, öz pulumuzla almışıq" vurğusu məhz bu ittihamların təməlini sarsıdır:
Ermənistandan fərqli olaraq, Bakı heç bir ölkədən pulsuz hərbi pay və ya hərbi yardım almayıb;
Müdafiə sənayesi məhsulları İsraildən, Türkiyədən, Rusiyadan və ya Pakistandan dövlət büdcəsinin vəsaiti hesabına alınıb. Azərbaycan 44 günlük müharibəni kiminsə hərbi çətiri altında deyil, öz imkanları ilə qazanıb;
Dolayısı ilə, ölkəni "başqasının plasdarmı" kimi qələmə vermək cəhdləri sadəcə qərəzli təbliğatdan başqa bir şey deyil.
Son aylarda Tehran-Bakı xəttində baş verən hadisələri də xatırlayaq. Möhsün Rezai dəfələrlə Zəngəzur dəhlizini İran üçün "qırmızı xətt" elan edərək, bunu NATO-nun regiona yerləşməsi cəhdi kimi təqdim etməyə çalışıb. ABŞ-nin İrana tətbiq etdiyi aviasiya sanksiyalarından sonra isə Azərbaycan beynəlxalq mülki aviasiya qaydalarına əsasən "Iran Air" kimi şirkətlərin uçuşlarını müvəqqəti dayandırdı. Buna cavab olaraq Rezai kəskin dildə "İran təyyarələrinə məhdudiyyət qoyan qonşuların aeroportları da təhlükəsiz olmayacaq" deyərək üstüörtülü hədə gəlmişdi. Lakin Bakının prinsipial mövqeyi Tehranı ritorikasını dəyişməyə məcbur etdi. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Tehrana rəsmi səfəri zamanı Rezai diplomatik nəzakətsizlik nümayiş etdirməyə cəhd etsə də sonucda ikitərəfli münasibətlərdə ciddi suallar doğuran məsələlər masaya yatırıldı.
Bu dəfə Rezai daha təmkinli danışıb. O, ABŞ-nin blokada siyasətini tənqid etsə də, Azərbaycanla münasibətlərin dostluq ruhunda qalmasının vacibliyini bildirib. Azərbaycan tərəfi də öz növbəsində ərazisinin İrana qarşı istifadə olunması haqqında iddiaları kəskin şəkildə təkzib edib. Nəticədə, həm Rezai, həm də İran Prezidenti Məsud Pezeşkian Azərbaycanı "dost və qardaş ölkə" adlandıraraq, tonu yumşaltmağa üstünlük verdilər.
Dövlət başçısının işlətdiyi digər bir cümlə isə məsələnin ideoloji tərəfini açıq şəkildə ortaya qoydu: "Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün... O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır".
Sual olunur: Bakının düz "böyründə" gecə-gündüz azərbaycandilli resurslarla hansı ölkə ideoloji hücum təşkil edir? Cavab çox sadədir: İrandan yayımlanan "Səhər TV" və ona bağlı şəbəkə.
"Səhər TV" və İrana bağlı informasiya şəbəkələrinin əsas ideoloji silahlarından biri də məhz hicab məsələsi və dini azadlıqlar mövzusudur. Azərbaycanın dünyəvi dövlət quruluşunu hədəf alan bu dairələr dini həssaslıq amili ilə manipulyasiya edərək, dindarlarla dövlət arasında çat yaratmağa cəhd edirlər. Prezidentin ideoloji müstəvidə "yad ünsürlərdən azad olmaq" çağırışı həm də dini etiqadın xarici kəşfiyyat və təbliğat şəbəkələrinin siyasi alətinə çevrilməsinin qarşısını almağa yönəlib.
Konkretləşdirsək, "Səhər TV" kimi platformalar illərdir Azərbaycanda hicab, dini etiqad azadlığı və teokratik dəyərlər mövzusunu qabardaraq aşağıdakı məqsədləri güdür:
Azərbaycanın dünyəvi dövlət modelini hədəf almaq, dindar təbəqə ilə dövlət arasında süni qarşıdurma obrazı yaratmaq;
Tehran özünü region dindarlarının "yeganə hamisi" kimi qələmə verməyə çalışır, lakin eyni zamanda Ermənistanla ən yaxın iqtisadi-siyasi əlaqələr saxlayaraq bu "təəssübkeşliyin" sırf siyasi konyuktur olduğunu nümayiş etdirir;
Dövlət başçısının qeyd etdiyi "gənclərin beynini zəhərləmək" təhlükəsi məhz din maskası altında gənc nəsildə dövlətçiliyə və dünyəvi dəyərlərə qarşı inamsızlıq aşılamaq cəhdlərində özünü göstərir.
Beləliklə, siyasi mənzərəni bütöv qiymətləndirdikdə aydın olur ki, dövlət başçısının YAP qurultayındakı çıxışını Bakı-Ankara xəttində "inciklik" kimi yozmaq prosesləri səthi qiymətləndirməkdir. Şuşa Bəyannaməsi ilə müttəfiqliyini rəsmiləşdirən Bakı və Ankara hərbi-siyasi sahədə tam uzlaşmış fəaliyyət göstərir.
İlham Əliyevin sərt ritorikası məhz İrandan gələn ideoloji-siyasi təzyiqlərə, "Səhər TV" kimi platformaların təxribatlarına və Zəngəzur dəhlizi ətrafında aparılan manipulyasiyalara cavab xarakteri daşıyır. Bakı bir daha bəyan etdi: Azərbaycanın suverenliyi, hərbi seçimləri və xarici siyasəti ilə heç kim şərtlərlə danışa bilməz. pressklub.az