Bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Ulu Öndər Heydər Əliyev dilin hər bir millətin milliliyinin əsası olduğunu bildirmişdi. Keçmiş ittifaq dövründə dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər hər zaman cəsarətli mövqe nümayiş etdirib. Ümummilli Liderin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur. 1978-ci il aprelin 2-də Ulu Öndərin təklifi ilə Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasına dövlət dilinin Azərbaycan dili olması əlavə olunmuşdur.
Hazırda dünyada 50 milyondan çox insan Azərbaycan dilində danışır. Azərbaycan dili dünyada ən çox danışılan 40 dildən biridir. Dünyada ən çox danışılan dil isə ingilis dilidir. 1 milyard 493 milyon nəfər məhz bu dildə danışır. İlk üçlüyü Çin və İspan dilləri tamamlayır.
Türk dünyasının vahid dili olacağı halda isə bu dil danışaların sayına görə dünyada ilk onluğa daxil olacaq. Bu, Türk dünyasının daha yaxından inteqrasiyasına və inkişafına dəstək olardı.
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Dilimizi qoruyaq və daha da zənginləşdirək.
Vüqar Bayramov, millət vəkili