Sosial şəbəkədə biz:

"Fazil Mustafa Xətainin qılıncını da əlinə alıb üstümə hücum çəkir" - Ləman Ələşrəfqızı

"Fazil Mustafa Xətainin qılıncını da əlinə alıb üstümə hücum çəkir" - Ləman Ələşrəfqızı
Xəbər Şəkli
07 August 2026, 09:53
Siyasət

Fazil Mustafa mənə savadsız, Taleh Sahsuvarova da nadan deyib. Səbəb bir gün əvvəl Fazil Mustafanın sevmədiyi Şah İsmayılı müzakirə etməyimiz olub. Doğrudur, mən bu verilişin debat şəklində olmasını çox arzulayırdım. Bir Allah şahiddir ki, verilişdə iştirakı üçün Fazil Mustafaya zəng də vurmuşam, amma telefonu şəbəkə xaricində olub. Sonradan ANS-çi dostlarımla təxminən 5-6 saat vaxt keçirmişik, başım qarışıb, evə gec saatlarda qayıtmışam və görmüşəm ki, Taleh Fazil Mustafanı status yazaraq efirə çağırıb.Əlbəttə, Talehin statusundakı ritorika, çağırış tərzi məni qane etməyib və ertəsi günü bunu özünə demişəm də. Və...verilişdə də Fazil Mustafanı əzən-keçən hər hansı bir fikir şəxsən mənim  dilimdən çıxmayıb. Hətta verilişdən sonra Ulviyya Alovlu mənə zəng vurub verilişə görə təşəkkür edəndə bir cümlə də işlədib:  Fazil Mustafanı sanki müdafiə etdin!-kimi. Demişəm, əzizim, o adam efirdə deyil və mən bunu mütləq nəzərə almalıyam. 

  Buna rəğmən Fazil Mustafa Xətainin qılıncını da əlinə alıb mənə hücum çəkir. Mənim "tanınmış jurnalist" olmağıma gülməyi tutur, savadıma şübhə edir. Ola bilər, Azərbaycanda ən savadlılar FETO məktəbindən çıxanlardır, mən o məktəbin heç yanından da ötməmişəm. Amma özümə görə 3-5 kitab oxumuşam. Onlarla tarixi sənədli filmin müəllifiyəm. Fazil Mustafa mənim məşhurluğuma istəyir lap qaranlıq otağa girib doyunca gülsün, şaqqanaq çəksin, qəşş eləsin - yenə də reallığı dəyişə bilməyəcək. Onun kinayə etdiyi adamı -məni  ölkə prezidenti təltif edib, özü də 11 il bundan qabaq. Onda Fazil Mustafa hələ müxalifət düşərgəsindən hakimiyyətə necə transfer edəcəyini götür-qoy edirdi. 

Ümumiyyətlə, Azərbaycanda siyasətlə məşğul olanların çoxu elə siyasətlə MƏŞĞUL OLUR. Siyasətçi ola bilmirlər. Siyasətçi odur ki, düşməni də dosta çevirə bilsin. Siyasətçinin dilinin altında şəkər olmalıdır, zəhər yox. Fazil Mustafa onu tənqid edən hər kəsə cəbhə açır, düşmən elan edir, dalaşır. Bu məsələdə o tək deyil. Çoxu elə onun günündədir. ADP-nin sədri Sərdar Cəlaloğlu 5 ildir nə efirimə gəlir, nə məni danışdırır. Niyə? Çünki, Kəramət Böyükçöl LAF TV-də ona yüngülcə sataşıb. Partiyasının adına DEMOKRAT sözünü həkk edən adam niyə bu qədər cılız davransın ki?! Tahir Kərimlinin deputat olarkən parlamentdə etdiyi ƏJDAHA çıxışdan hazırlanan xəbəri canlı yayımda oxuyarkən özümü saxlaya bilməyib gülmüşdüm. İnsanlıq halıdır, "gülmə krizi"deyirlər.Adam o vaxtdan düşmənə çevrildi. Və.bu adamlar Azərbaycanda siyasətlə məşğuldurlar. Sizin siyasətinizə nə deyim...

Ləman Ələşrəfqızı