Deputat Xəzərdə “Sea Breeze”ə ayrılan torpaq sahəsindən danışdı: “Məşğulluğun təmin olunmasına müsbət təsir göstərəcək”
““Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması haqqında" qərar qəbul edilib. Süni adaların yaranması, özəl sektorun inkişaf etdirilməsi üçün şəraitin olması Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinə imkan verir. Digər tərəfdən turizmi daha da intensivləşdirir. Premium turizmə də müsbət nəticəsini verir”.
Bu sözləri Pravda.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov yeni qərarın “Xəzərin qurudulması” kimi qələmə verilməsinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, Baş nazir tərəfindən Xəzərdə torpaqların ayrılması məhz qəbul olunan qanunlar çərçivəsində həyata keçirilir: “Qeyd etdiyimiz kimi, qanunla tənzimlənən, qanunun tələblərinə uyğun olaraq süni adaların yaradılması, biznes sektorunun inkişaf etdirilməsi ölkə iqtisadiyyatına, məşğulluğun təmin olunmasına müsbət təsir göstərəcək. Bir sözlə, Baş nazir tərəfindən Xəzərdə torpaq ayrılması qanundan irəli gələn tələblərin tərkib hissəsidir”.
Qeyd: Baş nazir Əli Əsədov “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması haqqında” qərar qəbul edib. Qərar əsasən, Bakı şəhərinin Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində “Sea Breeze Resort” istirahət zonası üçün yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə əlaqədar Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında 9.08 hektar və su akvatoriyasında 46 hektar olmaqla, sahilboyu zolağa bitişik biri düzbucaqlı, digəri gəmi formasında olan iki süni torpaq sahəsinin yaradılması məqsədilə ümumilikdə 55.08 hektar su fondu torpaq sahəsi ayrılıb.