Bakıda küləklər güclü əsə bilər, lakin dostluğumuz möhkəm köklərə söykəndiyi üçün sarsılmır -FRANSA SƏFİRİ
Fransanın Azərbaycandakı səfiri Sofi Laqut ölkəsinin Milli Günü ilə bağlı Bakıda təşkil olunan qəbulda Azərbaycanla münasibətlər barədə danışıb.
Səfir deyib ki, insanlar arasında qurulan əlaqələr Fransa–Azərbaycan münasibətlərinin əsas sütunudur:”Bu əlaqələr möhkəm, uzunömürlü və bütün sınaqlara davamlıdır. Bakıda küləklər bəzən çox güclü əsə bilər, lakin dostluğumuz möhkəm köklərə söykəndiyi üçün sarsılmır. Bu axşam burada toplaşan qonaqlar bunun ən gözəl sübutudur. Aranızda hələ 1990-cı illərdə Strasburqda və ya Monpelyedə təhsil almış insanlar var və onların Fransa–Azərbaycan dostluğuna sadiqliyi bu gün də dəyişməyib.
Son otuz ildə birlikdə əldə etdiyimiz nəticələr həqiqətən təsirlidir. Onların ən parlaq nümunələrindən biri bu il 10 illiyini qeyd edən Fransa–Azərbaycan Universitetidir (UFAZ). Fransızların dediyi kimi: “Tez-tez təqlid olunur, amma heç vaxt ona çata bilmirlər.”
Diplomat əlavə edib ki, bu əməkdaşlığın artıq real nəticələr verdiyini görməkdən qürur duyurlar:
“UFAZ ölkənin ən nüfuzlu ali təhsil proqramlarından birinə çevrilib. Tələbələr dünyanın aparıcı universitetlərində təhsil almaq imkanı əldə edir, ilk məzunlar isə artıq ölkəyə qayıdaraq rəhbər vəzifələrdə çalışır və mühüm elmi tədqiqat layihələrinə rəhbərlik edirlər.
Biz münasibətlərimizin gələcəyinə sərmayə qoyuruq. Fransız İnstitutunun təşkil etdiyi “Fransız Kəndi” layihəsi vasitəsilə fransız dili müəllimlərini dəstəkləyir, akademik göstəricilərinə görə tələbələrə təqaüdlər təqdim edir, yüksək vəzifəli dövlət qulluqçularını Fransanın inzibati təlim müəssisələrində qəbul edir və fransız sənətçilərinin Azərbaycanın nüfuzlu mədəni tədbirlərində iştirakına dəstək veririk.
Azərbaycanda fəaliyyət göstərən Fransa şirkətləri də ölkənin gələcəyinə inanırlar. Onlar uzunmüddətli investisiyalar yatırır, təqaüdlər və peşə hazırlığı proqramları vasitəsilə yerli insan kapitalının inkişafına töhfə verir və ölkədə uzunmüddətli müsbət irs qoymağa çalışırlar”.