Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycanda ictimai və dini xadimlərə qarşı sui-qəsd hazırlamaqda, həmçinin terrorçuluğun maliyyələşdirilməsində şübhəli bilinən şəxslərlə bağlı beş ölkədə əməliyyat keçirdiyini açıqlayıb.
DTX-nin sentyabrın 18-də yaydığı məlumata görə, müxtəlif ölkələrdə keçirilən əməliyyatlar nəticəsində 10 nəfər saxlanılıb. Onlardan Azərbaycan vətəndaşı Elşən Əsgərovun Azərbaycana ekstradisiya edildiyi bildirilib.
Qurum iddia edir ki, əvvəllər “Sumqayıt camaatı” adlı terror qruplaşmasının tərkibində fəaliyyətə görə məhkum edilmiş Vüqar Abdullayev Azərbaycanda bir sıra ictimai və dini xadimlərə qarşı sui-qəsd planında iştirak edib.
DTX-nin məlumatında deyilir ki, qrup üzvləri hədəf seçdikləri şəxslərin hərəkət marşrutları və mühafizəsi barədə məlumat toplayıblar. İddialara görə, onlar hücumları həyata keçirdikdən sonra xaricdəki münaqişə bölgələrinə getməyi planlaşdırıblar.
Məlumatda terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı ayrıca epizodun da araşdırıldığı qeyd olunur.
DTX bildirir ki, Cəlal Hacıyev və xaricdə yaşayan digər Azərbaycan vətəndaşları vasitəsilə xarici ölkələrdə silahlı münaqişələrdə iştirak edən şəxslərə və beynəlxalq səviyyədə tanınmış terror təşkilatlarına kriptovalyuta ilə pul köçürülməsi təşkil edilib.
Qurumun bildirdiyinə görə, vəsaitlərin toplanması məqsədilə sosial şəbəkələrdə dini mərasimlərlə bağlı saxta elanlar yerləşdirilib. İstintaq zamanı pulun toplanması və köçürülməsi mexanizmləri ilə bağlı sübutların əldə edildiyi bildirilir.
Əməliyyatların digər ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları ilə əməkdaşlıq çərçivəsində keçirildiyi açıqlanıb.
DTX-nin məlumatına əsasən, Vüqar Abdullayev, Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə, Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov və Elgün İsmayılov barəsində cinayət işi üzrə araşdırma aparılır.
Onlar terrorçuluğun maliyyələşdirilməsi, cinayətkar birlik yaratma və dövlət və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıqda ittiham olunurlar. Məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxslərin, vəkillərinin və ya yaxınlarının məsələyə münasibəti məlum deyil.