Sosial şəbəkədə biz:

Banklarda şirkətlərin depozitləri niyə azalır?

Banklarda şirkətlərin depozitləri niyə azalır?
Xəbər Şəkli
31 August 2026, 16:03
İqtisadiyyat

Əhalinin banklardakı əmanətləri sürətlə artır. Avqustun 1-nə əhalinin banklardakı əmanətləri son bir ildə 15,8% artaraq 17,9 milyard manata çatıb.

İqtisadçı Əmirov hesab edir ki, bu artımın 3 əsas səbəbi ola bilər.

Birincisi, gəlirlərin artması, ikincisi, banklara inamın yüksəlməsi və yüksək depozit faizləri, üçüncüsü isə vəsaitlərin yatırılması üçün alternativ imkanların məhdudluğudur


Ekspert xatırladır ki, DSK-nın məlumatına görə, 2026-cı ilin ilk 7 ayında əhalinin nominal gəlirləri 9,8% artıb. Deməli, əmanətlərin 15,8% artmasını yalnız əhali gəlirlərinin artması ilə izah etmək olmaz. 

“Görünür, banklara inam, yüksək depozit faizləri və alternativ yatırım imkanlarının məhdudluğu daha böyük rol oynayır”, - o əlavə edib.

E.Əmirovun sözlərinə görə, digər maraqlı göstərici maliyyə təşkilatlarının depozitlərinin 41,8% artaraq 4,36 milyard manata çatmasıdır:“Bunun da 3 əsas səbəbi ola bilər. Birincisi, maliyyə təşkilatlarının sərbəst vəsaitlərinin artması, ikincisi, büdcə vəsaitlərinin xərclənənədək müvəqqəti olaraq bank depozitlərində yerləşdirilməsi, üçüncüsü isə maliyyə təşkilatlarının sərbəst vəsaitlərini digər istiqamətlərə yönəltmək əvəzinə daha çox banklarda saxlamasıdır”.

İqtisadçının sözlərinə görə, eyni zamanda, qeyri-maliyyə təşkilatlarının depozitləri 4,3% azalıb.

“Nəzəri baxımdan bunun bir neçə səbəbi ola bilər. Bu səbəblərə şirkətlərin cari və əməliyyat xərclərinin artması, dövriyyə kapitalına daha çox vəsait yönəltməsi, vergi və digər ödənişlərin həcminin artması, eləcə də idxal və digər xarici ödənişlər üçün vəsaitlərin bank hesablarından çıxması aid edilə bilər. Konkret səbəbləri müəyyən etmək üçün isə depozitlərin azalmasının sahələr və şirkətlər üzrə strukturuna baxmaq lazımdır”, - o vurğulayıb.

Eldəniz Əmirov hesab edir ki, əmanətlərin artması bank sisteminə etimadın və maliyyə sabitliyinin güclənməsi baxımından müsbət göstəricidir, eyni zamanda bankların kredit vermək üçün resurs bazasını genişləndirir. Digər tərəfdən, əhalinin vəsaitlərinin getdikcə daha çox depozitlərdə cəmlənməsi alternativ investisiya alətlərinin yetərincə inkişaf etmədiyinin və sərbəst vəsaitlərin real iqtisadiyyata birbaşa yönəldilməsi imkanlarının məhdudluğunun da göstəricisi ola bilər. AzPolitika.info