Sosial şəbəkədə biz:

Azərbaycana turistlər bu səbəbdən GƏLMİR

Azərbaycana turistlər bu səbəbdən GƏLMİR
Xəbər Şəkli
31 July 2026, 08:18
İqtisadiyyat

Bu ilin I yarısında Azərbaycana 189 ölkədən 1 milyon 92,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, bu ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq 1 807,9 min olub.

Həmçini, bu aylarda (yanvar-iyun) əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq 1 milyon 69,8 min olub ki, bu da ümumi gecələmələrin 59,2 %-ni təşkil edir.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında turizm eksperti Cabir Dövlətzadə bildirib ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, bu ilin ilk yarısında turist sayında təxminən 11 faizə yaxın azalma qeydə alınıb:

"Bu göstərici ilin əvvəlindən gözlənilən idi. Azalmanın əsas səbəblərindən biri məhz Yaxın Şərqdə İran, İsrail və ABŞ arasında bir aydan çox davam edən müharibədir. Həmin dövrdə Azərbaycana turist axınında ciddi azalma müşahidə edildi, bir çox rezervasiyalar ləğv olundu, turizm obyektləri isə demək olar ki, boş qaldı.

Bunun təsirləri sonrakı aylarda da özünü göstərdi. Hazırda ölkəyə gələn turistlərin sayında müəyyən artım müşahidə olunur. Lakin Yaxın Şərqdəki gərginliyin tam aradan qalxmaması səbəbindən region hələ də bəzi turistlər tərəfindən tam təhlükəsiz hesab edilmir. Buna görə də bir çox səyahətçi daha təhlükəsiz hesab etdikləri istiqamətlərə üstünlük verir”.

Onun sözlərinə görə, qonşu ölkələrdə davam edən müharibə turistlərin Azərbaycana səfərlərinə tərəddüd yaradır:

“Bununla belə, regionda sülhün və sabitliyin bərqərar olması Azərbaycanın turizm sektorunun inkişafına ciddi təkan verə bilər. İnsanlar daha çox təhlükəsiz ölkələrə və bölgələrə səyahət etməyə üstünlük verirlər.

Təəssüf ki, qonşuluğumuzda davam edən müharibə turistlərin bölgəyə səfərləri zamanı müəyyən tərəddüdlər yaradır. Ümid edirik ki, münaqişə yaxın zamanda başa çatacaq və əldə olunacaq razılaşma Azərbaycanın turizm potensialının daha da inkişafına müsbət təsir göstərəcək.

Hesab edirəm ki, Azərbaycanın Dövlət Turizm Agentliyinin bu istiqamətdə müəyyən inkişaf planları var. Artıq Qarabağa xarici turistlərin səfərlərinə də icazə verilir və həmin istiqamətə maraq getdikcə artır.

Gələcəkdə yeni turizm marşrutlarının yaradılması xarici qonaqların yeni məkanları kəşf etməsinə və ölkənin turizm imkanlarının daha da genişlənməsinə şərait yaradacaq”.