Qubada tikinti qalmaqalı məhkəməyə daşındı
Deputat Əlibala Məhərrəmzadə Xaçmaz Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət təqdim edib. Artıq deputatın şikayəti hakim Samir Bayramovun icraatına verilib.
Deputat Şimal regionunda fəaliyyət göstərən jurnalist Cəlal Fərzəliyevin hazırladığı reportajda yer alan iddiaları təhqir və böhtan hesab edir. Jurnalistin hazırladığı reportaja gəlincə, girişdə xüsusi olaraq vurğulanır ki, deputat qanunların aliliyinə hörmət etməli, davranışı ilə təmsil etdiyi statusun etibarını qorumalıdır.
Ali qanunverici orqanının üzvü kimi deputatın qanunlara münasibəti təkcə şəxsi məsələ deyil, bütövlükdə dövlət institutlarına olan inamın göstəricisidir. Məhz bu kontekstdə reportajda Milli Məclisin deputatı Əlibala Məhərrəmzadənin adı Quba şəhərində bir sıra qanunsuz tikililərlə bağlı hallandırılır. İddialara görə, Nəriman Nərimanov küçəsi 75 ünvanında yerləşən “Aqua Park” və ətrafında aparılan tikinti işləri Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla, icazəsiz və ehtiyat fondu torpaqlarında həyata keçirilir. Bununla bağlı FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müxtəlif tarixlərdə tikintinin dayandırılması barədə qərarlar qəbul edilsə də, inşaatın davam etdiyi bildirilir.
Reportajda qeyd olunur ki, sifarişçi qismində çıxış edən “A & J Holding” MMC-nin deputatın ailə üzvləri ilə bağlı olduğu iddia edilir və şirkətin rəhbərliyinin formal şəkildə dəyişdirilməsi seçki dövrü ilə əlaqələndirilir. Buna baxmayaraq, tikinti işlərinin dayandırılmadığı və artıq yekun mərhələyə çatdığı vurğulanır.
Eyni zamanda Quba şəhərinin digər ərazilərində - 30-32-ci məhəllədə və Əziz Əliyev küçəsində də oxşar qanunsuz tikinti və torpaq zəbt etmə halları barədə məlumatlar təqdim olunur. Bu tikililərin də deputatla əlaqəli şəxslər tərəfindən həyata keçirildiyi iddia edilir. Hətta bəzi obyektlərin fəaliyyət üçün zəruri icazə sənədlərinin, o cümlədən qida təhlükəsizliyi ilə bağlı rəsmi razılıqların olmadığı qeyd olunur.
Qeyd edək ki, bu reportajın yayımlanmasından sonra deputat Əlibala Məhərrəmzadə jurnalist Cəlal Fərzəliyevi məhkəməyə verib. Deputat jurnalistin Cinayət Məcəlləsinin 147.1 - böhtan və 148-ci – təhqir maddələri ilə cəzalandırılmasını tələb edir. Xatırlatmaq yerinə düşər ki, deputat ictimai şəxsdir və onun fəaliyyəti, o cümlədən ictimai maraq doğuran məsələlərlə bağlı jurnalist araşdırmaları qanun çərçivəsində ictimai nəzarətin tərkib hissəsi hesab olunur.
Musavat.com