Sosial şəbəkədə biz:
Misir Mərdanov: “Ermənilər uydurublar ki, guya ata evimin hazırkı sahibləri mənə qonaqlıq veriblər, çox razı qalmışam...”
Xəbər Şəkli

Misir Mərdanov: “Ermənilər uydurublar ki, guya ata evimin hazırkı sahibləri mənə qonaqlıq veriblər, çox razı qalmışam...”

21 June 2026, 09:33
Cəmiyyət

Sabiq təhsil naziri Misir Mərdanov Ermənistanın “Hraparak” nəşrinin onun Dilican rayonunun Göyərçin kəndində yerləşən ata evi barədə dərc etdiyi məqaləyə münasibət bildirib.

Sabiq nazir Pravda.az-a açıqlamasından deyib ki, ermənilərin məqaləsində yazılanların əksəriyyəti düz olsa da, bəziləri həqiqəti əks etdirmir.

M.Mərdanov bildirib ki, məqalədə bəzi məqamları ermənilər özlərindən uydurublar: “Uydurublar ki, guya ata evimin hazırkı sahibləri mənə qonaqlıq veriblər, mən də çox razı qalmışam. Qətiyyən belə olmayıb. Biz gedəndə özümüzlə Dilicandan kolbasa-çörək aldıq, getdik, evimizin eyvanında oturub yedik. Yəni heç bir qonaqlıq söhbəti olmayıb, yalandır. Evimizin sonradan iki dəfə satılması məsələsi də düz deyil”.

Sabiq nazir Sülh imzalandıqdan sonra ata evini geri qaytaracaqmı?” sualına isə belə cavab verib: “Əlbəttə, sülh bağlanarsa, saziş imzalanarsa, hər birimiz gedib anadan olduğumuz yerləri, torpaqlarımızı, dərələrimizi, bulaqlarımızı, dədə-babalarımızın məzarlarını ziyarət edərik. Bunu, şübhəsiz ki, hamı istəyər. Gələcəkdə orada yaşamaq isə... Düşünürəm, ermənilərin gəlib Azərbaycanda yaşamaları mümkün olan şey deyil, çünki çox qan tökülüb. O hadisələr hər bir ailəyə təsir edib. İnanmıram ki, yaxın illərdə ermənilər gəlib Azərbaycanda yaşaya bilsinlər. Biz isə... Ola bilər, arzuladığımız sənədlər imzalanarsa, beynəlxalq təşkilatlar bu işi dəstəkləsələr, sağ-salamat Ermənistana gedib-gələ biləcəyimizə zamin dursalar, onda, yəqin ki, bu məsələlər də həllini tapa bilər”.