Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri, Neftçala rayon sakini Fəqan Samir oğlu Ağayev vəfat edib. Yaxınlarının məlumatına görə, o, DSX-nın cənub sərhədində hərbi xidmət keçirdi.
Ailəsinin sözlərinə görə, hərbi qulluqçuya “sürətli yayılan meningit” diaqnozu qoyulub. Fəqan Ağayev səhhəti ağırlaşdıqdan sonra üç gün koma vəziyyətində qalıb və daha sonra xəstəxanada həyatını itirib.
Yaxınlarının verdiyi məlumata əsasən, əsgər cəmi üç ay əvvəl hərbi xidmətə yollanmışdı. 2008-ci il təvəllüdlü Fəqan Ağayev avqustun 24-də dəfn edilib.
Hadisə hərbi qulluqçular arasında qeyri-döyüş şəraitində ölüm hallarının davam etdiyi bir vaxta təsadüf edir. Xəzər Hərbi Tədqiqatlar İnstitutunun monitorinqinə görə, 2026-cı ilin əvvəlindən avqustun ortalarınadək Azərbaycanda azı 38 hərbi qulluqçu həyatını itirib. Onlardan 8-i Dövlət Sərhəd Xidmətinin əməkdaşı olub. Monitorinqdə həyatını itirən hərbçilərdən 12-nin ölüm səbəbi kimi müxtəlif xəstəliklər göstərilir.