Sosial şəbəkədə biz:

“DƏBDƏBƏLİ EHSAN SÜFRƏSİNƏ SON!”

“DƏBDƏBƏLİ EHSAN SÜFRƏSİNƏ SON!”
Xəbər Şəkli
30 October 2026, 15:02
Cəmiyyət

Sadə ehsan – daha az xərc, daha az yük, daha çox xeyirxahlıq

Artıq xeyli vaxtdır ki, dəbdəbəli ehsan süfrəsinə son qoyulması ilə bağlı çağırışlar eşidilməkdədir. Bu çağırışlara haqq qazandıran səbəblərdən biri, daha doğrusu, ən başlıca səbəb o idi ki, hüzr sahiblərinin açdıqları ehsan süfrəsi toy süfrəsindən çox da fərqlənmirdi. Nəticə isə, etiraf edək ki, göz önündə idi: sanki hər kəs dəbdəbəli ehsan süfrəsi açmaqla bağlı yarışa girmişdi. Biri digərindən geri qalmaq istəmir, masanın üzərini hər cür naz-nemətlə bəzəməyə çalışırdı. Amma kənardan baxanda bu aşırı dəbdəbənin, əslində, rəhmətə gedən adama hörmətsizlik əlaməti olduğunu ya görmür, ya da görmək istəmirdik. 

Tamam, toy-düyünü, şadlıq məclislərini anladıq, - sevinmək, şadyanalıq etmək istəyirik. Bəs yas məclislərimizdəki bu qədər dəbdəbə ilə nəyin sevincini yaşayırıq? Doğmalarımızın, yaxınlarımızın dünyadan köçmələrininmi, bizi əbədi tərk etmələrininmi? Əlbəttə, yox... amma nəticə, daha doğrusu, kənardan görünən budur. Və ən pisi də odur ki, biz bunu bilə-bilə edirik. Paradoksdur, sağlam düşüncəyə zidd olan haldır, deyilmi? Etiraf edək ki, belədir. Bununla belə, bir neçə vaxtdır ki, yaxın tarixin məlum adət-ənənələrinə münasibətdə fərqli yanaşma, anlaşma, oyanış və hətta dirənişlə bağlı eninə-uzununa bütün ölkə boyu bir-birinin ardınca təqdir olunası xəbərlər də eşidilməkdədir. Belə ki, dəbdəbəli ehsan probleminə son qoyulması, nəticədə mənəvi baxımdan onsuz da yüklənən hüzr sahibinin, əlavə olaraq maddi cəhətdən yüklənməsinin qarşısının xeyli alınması ilə əlaqədar çağırışları eşidənlərin, eşidib də alqışlayanların, təqdir edənlərin sayı getdikcə artmaqdadır. Belə regionlardan biri də Cəbrayıl rayonudur. 

Bu yaxınlarda rayonun ağsaqqallardan ibarət Xələfli kənd sakinləri də bir araya gələrək problemi çözməyə çalışıblar. Belə ki, sözügedən məsələ barədə bir həftə ərzində qrup xidmətli müxtəlif rəqəmsal ünsiyyət platformalarında təkliflər səslənib. Məhlə-məhlə, ev-ev hər bir ailənin fikirləri nəzərə alınıb. Nəhayət 25 oktyabr 2026-cı ildə kənd ağsaqqallarının, ziyalılarının, kənd ictimaiyyətinin iştirakı ilə dəbdəbəli ehsan süfrəsinə son qoyulmasına dair təkliflər müzakirə olunaraq yekun qərar qəbul edilib.

Qərara əsasən, qəbir hazırlayanlar istisna olmaqla, dəfn günü dəfndə iştirak edənlərə açılan süfrənin ləğv edilməsi, mərhumun 3 və 7 məclislərinin eyni günə təyin olunması, imkan və şəraitin olduğu halda bu mərasimlərin mərhumun öz həyətində, imkanı olmayanlar üçünsə mərasim evində keçirilməsi, həmçinin cümə axşamları, qırx və il mərasimlərində də ehsan süfrəsinin sadə formada, həm də həyətdə təşkil edilməsi məsləhət bilinib. Mərasimdə iştirak edənlərə, ayrı-seçkilik olmadan sadə çay, qənd (konfetsiz), xurma, limon və yuxaarası halva verilməsi, həmçinin qadınlardan ibarət  mərasimi idarə etmək üçün din xadiminin dəvət olunmaması tövsiyə edilib. Maddi yükünün azaldılması məqsədi ilə, mərasimdə iştirak edənlərin yas sahibinə öz imkanları daxilində maddi kömək göstərmələri ilə yanaşı, dünyasını dəyişmiş şəxsin qəbrinin sadə formada götürülməsi də məsləhət bilinib.

“DƏBDƏBƏLİ EHSAN SÜFRƏSİNƏ SON!” təşəbbüsünə qoşulmaqla əlaqədar keçirilmiş yığıncaqda qeyd edilən tələblərə 01 noyabr 2026-cı ildən başlayaraq əməl olunması tövsiyə edilib. Bu tövsiyənin 01.11.2026-ci il tarixindən əvvəl dünyasını dəyişənlər üçün açılacaq süfrələrdə də nəzərə alınması məsləhət bilinib.

Mərhumun dəfn olunduğu günün axşamı kəndin ağsaqqallarından və yas məclisinin keçirildiyi məhlənin aktiv nümayəndələrindən ibarət bir neçə nəfərin, həmçinin kənd icra nümayəndəsinin hüzr sahibinə dəstək göstərmək və 25 oktyabr 2026-cı il tarixində qəbul edilən tələblərə nəzarət etmək üçün yas sahibi ilə görüşməsi də tövsiyə olunub. Əgər hər hansı tələbin pozulması hallarına rast gəlinərsə, bu barədə “XƏLƏFLİ KƏNDİ” WhatsApp qpupunda və Facebook platformasının “XƏLƏFLİ” qrupunda paylaşım etməsi xahiş olunub. Tövsiyə xarakterli tələblərin bərpa olunmadığı təqdirdə isə kənd sakinlərinin həmin mərasimdə iştirak etməmələri məsləhət bilinib.

Yığıncaqda əlavə olaraq hər məhlənin aktiv nümayəndəsinin sakinlərlə tez-tez maraqlanması, maddı kömək göstərilməsi üçün ağır xəstəsi, həmçinin maddı vəziyyəri çox ağır olan şəxslər barədə məlumat verməsi, bu məqsədlə Xələfli kəndi üzrə xəstə və imkansızlar üçün fond yaradılması, kənd qəbiristanlıqlarının ehtiyat daş, qum və digər bəzi alətlərlə təchizatı, bundan ötrü ilk növbədə kənd yolunun təmir olunması məsələsi də tövsiyə edilib.

Nəriman Mahmud

yazıçı-publisist.

Azərbaycan Yazıçılar Birliyinin üzvü

WhatsApp Image 2026-10-29 at 12.17.32.jpeg 319.88 KB