Boran Əziz: “Azərbaycan bayrağı 4 deyil, 3 rənglidir”
Türkiyənin TRT1 kanalında yayımlanan “3-də 3” verilişində iştirakçılardan birinə Azərbaycanla bağlı sual ünvanlanıb. “Azərbaycanın bayrağında neçə rəng var?” sualına düzgün cavab kimi “4” variantı göstərilib. Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər qeyd edirlər ki, bayraqda ağ rəngdə təsvir olunan ay və ulduz olsa da, rəsmi olaraq Azərbaycan bayrağı 3 rəngdən – mavi, qırmızı və yaşıl rənglərdən ibarətdir.
Müzakirələrdə həmçinin Azərbaycan himnində yer alan “üçrəngli bayrağımız” ifadəsinə istinad edilərək sualın cavabının düzgün tərtib olunmadığı vurğulanır.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən tarix elmləri doktoru, professor Boran Əzizin sözlərinə görə, Azərbaycan dövlət bayrağı 3 rənglidir və 1918-ci il, noyabr ayının 9-da Cümhuriyyət Parlamentində qəbul edilmiş qərara uyğundur.
O bildirib ki, bayraq rənglərinin o cür düzülüşü də təsadüfi deyil: “Bayrağımızdakı rənglər və onun düzülüşü ilə bağlı araşdırma yazım var. İlk dəfə də mən araşdırmışam. Bəzən bayraqdakı rəngləri türkçülük, müasirlik, islamçılıq kimi qeyd edirlər. Bu yarımçıq cavabdır. Əslində isə mavi rəng nəhəng, sonsuz, əzəmət bildirən türk hürriyyətpərvərliyinin nişanəsidir, türkçülük deyil. Qırmızı rəng Avropa elm və texnikasına sahib olmaqla bərabər, insan haqları və demokratiyasına əməl etmək və belə bir yaşam prinsipi seçmək deməkdir. Yaşıl İslam mədəniyyətinin parçasıdır. Bu baxımdan da biz orada digər rənglərin olduğunu bilmirik və qəbul etmirik. Həm parlamentin iclasında Fətəli Xan Xoyskinin, Məhəmməd Əmin Rəsulzadənin də əsərlərində, o cümlədən 1923-cü ildə Türkiyədə çap etdirdiyi “Azərbaycan Cümhuriyyəti” əsərində də kitabın üz qabığında yalnız üç rəng var. Cəfər Cabbarlının, Əhməd Cavadın və digərlərinin şeirlərində də 3 rəngin olduğu qeyd edilir”.
B.Əziz qeyd edib ki, dünyada ən böyük təhlükələrdən biri etnik millətçilikdir: “Azərbaycanda da bilərəkdən və ya bilməyərəkdən, bəzən də qonşu güclü dövlətlərin məqsədyönlü şəkildə apardıqları təbliğat nəticəsində buradakı xalqlar, etnik qruplar bir-birinə qarşı qoyulmağa cəhd göstərir. Çünki Azərbaycan çoxmillətli dövlətdir. Ona görədə ölkədə etnik millətçiliyin baş qaldırmasına ortadakı demokratiya və insan haqlarını özündə əks etdirən qırmızı rəng imkan verməz. Dini və ya təriqət dövləti yaratmağa da cəhd göstərilir və Yaxın Orta Şərqdə də böyük bəlalara, qarşıdurmalara gətirib çıxarır. Xalqların qədimdən yaşadığı yerləri tərk etməsinə, yaşadıqları evləri yandırılmasına səbəb olub. Belə bir dövlətin yaranmasına insan haqları və demokratiyaya əsaslanan qırmızı rəng imkan vermir. Bu gün dünyada ən böyük təhlükədən biri də qloballaşmanın gücləndiyi dövrdə xalqı öz milli və mənəvi dəyərlərindən uzaqlaşdırmaq, onun qan yaddaşını unutdurmaq cəhdidir. Azərbaycan xalqı tolerant xalq olsa da, əlbəttə, belə cəhdlər qəbuledilməzdir. Millətimizin gənclərini öz milli-mənəvi dəyərlərindən uzaq adam kimi formalaşdırmağa da yuxarıdakı türk hürriyyətpərvərliyi, aşağıdakı İslam imanı imkan vermir və bu baxımdan da bayrağımızdakı bu rənglər həm çoxmənalıdır, həm də əslində bir-birinə nəzarət edir. Ona görə də belə yüksək dərəcədə məntiq əsasında düzülüşü böyük elmi, tərbiyəvi və siyasi əhəmiyyət daşıyır”.