Sosial şəbəkədə biz:
Bakıda ictimai nəqliyyat pulsuz olacaq?
Xəbər Şəkli

Bakıda ictimai nəqliyyat pulsuz olacaq?

09 July 2026, 08:53
Cəmiyyət

Avropanın ən varlı ölkələrindən biri olan Lüksemburq, ictimai nəqliyyatı hər kəs üçün tamamilə ödənişsiz etməklə diqqət çəkir. Təxmini 6 il öncə qüvvəyə minən bu qərar təkcə sakinlərin deyil, turistlərin də büdcəsinə qənaət etməsinə imkan yaradır və ölkəyə marağı əhəmiyyətli dərəcədə artırır.

Bəs Azərbaycan da Lüksemburq kimi ictimai nəqliyyatı ödənişsiz edə bilərmi?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, bu mövzu zaman-zaman gündəmə gəlir:

“Dünyada ictimai nəqliyyatın tamamilə pulsuz olduğu ölkə və şəhərlərin sayı çox məhduddur. Buna nümunə kimi Lüksemburqu, Estoniyanın paytaxtı Tallini və Serbiyanın paytaxtı Belqradı göstərmək olar. Lakin burada vacib bir məqam var: heç nə əslində tam pulsuz olmur. Bu xidmətin xərcini yenə də kimsə ödəyir. Həmin şəhərlərdə bunun maliyyələşməsi əsasən vergi gəlirləri hesabına həyata keçirilir. Məqsəd insanların mobilliyini artırmaq, onları şəhərin müxtəlif hissələrinə rahat şəkildə çatdırmaqdır. Nəticədə biznes canlanır, iqtisadi aktivlik artır və əldə olunan vergi gəlirləri hesabına ictimai nəqliyyatın xərcləri kompensasiya edilir. Azərbaycanda isə məncə, daha real və perspektivli müzakirə mövzusu yaxın zamanda tətbiqinə başlanılan brutto müqavilə modelidir. Bu model ilk dəfə təxminən 40 il əvvəl Londonda tətbiq olunub və hazırda dünyanın bir çox aparıcı şəhərində, eləcə də regionumuzdakı bəzi şəhərlərdə uğurla istifadə edilir”.

Ekspertin sözlərinə görə, “Brutto müqaviləsi” modelində daşıyıcılar topladıqları gedişhaqqına görə deyil, qət etdikləri hər kilometrə görə subsidiya alırlar:

“Bunun nəticəsində onların maliyyə dayanıqlığı təmin edilir. Daşınmanın xərclərinin bir hissəsini sərnişin ödəyir, digər hissəsini isə dövlət və ya şəhər büdcəsi qarşılayır. Bu yanaşma ictimai nəqliyyatın daha dayanıqlı fəaliyyətinə imkan yaradır. Eyni zamanda, bu model gündəlik, aylıq və illik bilet paketlərinin tətbiqini, eləcə də uzaq ərazilərdən gələn sərnişinlər üçün 90 dəqiqəlik pulsuz transfer imkanının yaradılmasını asanlaşdırır. Bundan başqa, sərnişin axınının az olduğu, lakin sosial baxımdan vacib marşrutların fəaliyyətini də davamlı şəkildə təmin etməyə imkan verir”.

R.Ağamirzəyev qeyd edib ki, “Brutto müqaviləsi” modelinin digər üstünlüklərindən biri də odur ki, aparılan təhlillər əsasında gecə avtobus marşrutlarının təşkili mümkün olur:

“Bu isə vətəndaşların nəqliyyat xərclərinin azalmasına, eyni zamanda ictimai nəqliyyatın daha cəlbedici alternativə çevrilməsinə xidmət edir. Bu baxımdan hesab edirəm ki, hazırda qəbul olunan qərarların operativ və düzgün icrası yaxın gələcəkdə real və hiss olunan nəticələr verəcək”.

Rauf Ağamirzəyevin fikrincə, ictimai nəqliyyatın tamamilə pulsuz olması daha çox istisna xarakterli və utopik yanaşmadır:

“Çünki belə nümunələr dünyada barmaqla sayılacaq qədər azdır. Əvəzində brutto müqavilə modeli bir çox inkişaf etmiş şəhərlərdə özünü doğrultmuş, ictimai nəqliyyatın maliyyə dayanıqlığını və xidmət keyfiyyətini təmin edən uğurlu mexanizmlərdən biridir”.