Azərbaycan universitetlərindən tarixi sıçrayış: "İrəliləyiş var, amma kifayət deyil”
Azərbaycanın 7 universiteti İlk dəfə olaraq, 22 proqramı əhatə edən QS Ən Yaxşı Dünya Universitetləri Reytinqində təmsil olunub. Bu o deməkdir ki, fənn reytinqində Azərbaycan universitetlərinin sayı təxminən iki, proqramların sayı isə dörd dəfə artıb.
Bir Azərbaycan universiteti (Bakı Dövlət Universiteti) fənn reytinqində ilk 100-lüyə daxil olub.
Azərbaycan Qafqaz regionunda fənn reytinqində təmsil olunan yeganə ölkə olaraq qalır. Bundan əlavə, bu il universitetlərinin reytinqlərində faiz dəyişikliyi Türkiyə, Qazaxıstan və Özbəkistandan daha yüksəkdir. Üç Azərbaycan universiteti (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universiteti) reytinqin hazırkı nəşrində göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə fənn reytinqinə qayıdıb. Ölkədəki üç universitet (Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Mühəndisliyi Universiteti və Azərbaycan Texniki Universiteti) bu il fənn reytinqində debüt edir.
Fənn reytinqləri dünyanın 100 ölkəsində və ərazisindəki 1900 universitetdə 21 000-dən çox təhsil proqramının müstəqil müqayisəli təhlilidir və 55 fənni və 5 geniş fənn sahəsini əhatə edir. Reytinqlər beş meyara əsaslanır: akademik nüfuz, işəgötürənin nüfuzu, bir dərc üçün sitat sayı, h-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi.
Necə düşünürsünüz, bu nə dərəcədə yaxşı uğurdur?
Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb:
"Bəli, universitetlərimizdən ən azı 7-si dünyanın ən yaxşı 200 universitetinin reytinqində təmsil olunur. Məlum olduğu kimi, əvvəlki illərdə bu cür reytinqlərdə yer almaqda çətinlik çəkirdik. Lakin son dövrlərdə ölkə universitetləri tədricən müxtəlif beynəlxalq reytinq təşkilatlarının siyahılarında yer almağa başlayıb. Bununla yanaşı, QS reytinqində də bir neçə universitetimiz məhz fənn reytinqləri üzrə təmsil olunur.
Əlbəttə ki, bu, ötən illərlə müqayisədə müsbət nəticə kimi qiymətləndirilə bilər. Lakin bu, o demək deyil ki, bütün parametrlər üzrə üstün mövqedəyik. Hələ də inkişaf etdirilməli olan sahələr mövcuddur və bu istiqamətdə daha sistemli addımların atılmasına ehtiyac var.
Arzuolunandır ki, ölkə universitetləri bütün əsas reytinqlərdə ən azı ilk minliyə daxil ola bilsinlər. Şübhəsiz ki, bu baş verdiyi təqdirdə, ali təhsil istiqamətində daha mühüm nailiyyətlər əldə etmiş olarıq və beynəlxalq akademik mühitdə mövqeyimiz daha da güclənər".