Sosial şəbəkədə biz:

Yaralı komandirini xilas edərkən şəhid olan həkim: Vətən onu unutmayacaq

Yaralı komandirini xilas edərkən şəhid olan həkim: Vətən onu unutmayacaq
Xəbər Şəkli
07 November 2026, 15:45
Müsahibə

Zəfər Günü Azərbaycanın müasir tarixində dövlətçilik iradəsinin, milli birliyin və ərazi bütövlüyü uğrunda mübarizənin təntənəsi kimi xüsusi yer tutur.

2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi qələbə Azərbaycan xalqının onilliklər boyu davam edən torpaq həsrətinə son qoyulması istiqamətində həlledici mərhələ oldu.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində torpaqlarımızın azadlığı təmin edildi, ölkəmizin hərb tarixinə şanlı səhifə yazıldı. Dövlət başçısının qətiyyətli siyasi mövqeyi, diplomatik fəaliyyəti və müharibə dövründə orduya rəhbərliyi Zəfərə aparan prosesin mühüm tərkib hissəsi kimi tarixə düşdü.

Noyabrın 8-də Şuşanın azad edilməsi ilə nəticələnən tarixi hadisə isə Azərbaycanın qələbəsində xüsusi əhəmiyyət daşıdı. Mədəniyyət paytaxtımızın azadlığı həm hərbi, həm də mənəvi baxımdan böyük tarixi hadisəyə çevrildi. Artıq həmin qələbədən altı il ötür. Azərbaycan xalqı bu il də Zəfər Gününü böyük qürur və ehtiramla qeyd etməyə hazırlaşır.

Ölkənin müxtəlif bölgələrində bayram tədbirləri, konsert proqramları, sərgilər və anım mərasimləri keçiriləcək. Lakin Zəfər Gününün mahiyyəti yalnız bayram tədbirləri ilə məhdudlaşmır.

Bu tarix həm də Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini yad etmək, qazilərimizin fədakarlığını qiymətləndirmək, onların ailələrinin qarşısında mənəvi borcumuzu xatırlamaq günüdür.

Qəhrəman şəhidlərimizdən biri olan Adil Əfəndiyev Qədir oğlu 1995-ci il avqustun 12-də Qazax rayonunda anadan olub. O, 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı olan hərbi tibb qulluqçusu Adil Əfəndiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə feldşer olmamasına baxmayaraq, yaralanan hərbçilərə yerindəcə yardım edib.

Adil Əfəndiyev oktyabrın 21-də Şuşa döyüşləri gedişatında həmin istiqamətdə strateji yüksəkliklərin azad olunması zamanı Xocavənd rayonunun Tuğ kəndində polkovnik-leytenant Anar Əliyev ilə birgə şəhid olub. Oktyabrın 25-də Qazax rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Adil Əfəndiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Adil Əfəndiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən, Adil Əfəndiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə də təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən, Adil Əfəndiyev ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Şəhidimizin bacısı Nərmin Əfəndiyeva “Cebheinfo.az”-a müsahibəsində qardaşının həyat yolu, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, onunla bağlı xatirələri və Zəfər Gününün ailəsi üçün ifadə etdiyi mənəvi məna barədə sualları cavablandırıb:

- 8 Noyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Lakin bu Zəfərin arxasında minlərlə ailənin övlad itkisi dayanır. Siz bu günü hansı hisslərlə qarşılayırsınız?

- 8 Noyabr bizim üçün sadəcə bir tarix deyil. Həm qürur, həm də sözlə ifadə olunması mümkün olmayan bir ağrıdır. Bu gün Azərbaycan xalqının böyük Zəfərini qeyd edirik. Torpaqlarımızın azad olunması hər bir azərbaycanlının arzusu idi. Ancaq bu Zəfərin qazanılması üçün minlərlə igidimiz canından keçdi, minlərlə qazimiz, döyüş iştirakçılarımız canını bu Vətənə sipər etdi.

Biz də ailə olaraq bu Zəfərin qazanılmasında iştirak etdik. Biz bu Zəfəri qardaşımızın yoxluğu ilə qarşılayırıq. Bir tərəfdən onun kimi igidlərin sayəsində bu gün azad Vətəndə yaşamağımızla fəxr edirik, digər tərəfdən isə hər bayramda, hər sevincli gündə onun yoxluğunu daha dərindən hiss edirik. Bizim üçün Zəfər həm müqəddəs qürur, həm də heç vaxt bitməyəcək bir həsrət dolu bir gündür.

- Şəhidimizin uğrunda canından keçdiyi torpaqlarda bu gün həyatın yenidən bərpa olunması, bayrağımızın dalğalanması sizə hansı hissləri yaşadır?

- Bu torpaqlarda bu gün həyatın yenidən canlanmasını görmək bizim üçün çox böyük qürurdur. Xüsusilə qardaşımın şəhid olduğu Xocavəndin Tuğ kəndini düşünəndə keçirdiyim hissləri ifadə etmək çox çətindir. O, həmin torpaqlarda hərbi həkim kimi xidmət edirdi. Yaralı komandirini xilas etməyə çalışarkən özü şəhid oldu.

Bu gün həmin torpaqlarda Azərbaycan bayrağının dalğalanması bizə təsəlli verir. Düşünürük ki, qardaşımın canından keçdiyi torpaqlar artıq azaddır. Onun qanı yerdə qalmayıb. Kaş ki, bu azadlığı o da öz gözləri ilə görəydi, kaş ki, bu günləri birlikdə yaşayaydıq. Kaş ki bizim də Zəfər sevincimiz yarım olmayaydi.

- Bəzən deyirlər ki, zaman bütün ağrıları yüngülləşdirir.  Övladını, qardaşını Vətən uğrunda itirən ailələr üçün zaman həqiqətənmi nəyisə dəyişir?

- Zaman məfhumu bizim üçün iki yerə bölünür: qardaşım Adildən öncə və sonra. Mən düşünmürəm ki, zaman şəhid ailələrinin ağrısını azaldır. Zaman sadəcə insanı bu ağrı ilə yaşamağa alışdırır. Amma itirdiyin insanın yoxluğuna alışmaq mümkün deyil. Qardaşımın 25 yaşı vardı. O, hədəfləri, istəkləri olan biri idi. Qarşıda onu gözləyən neçə-neçə arzusu, yaşamalı olduğu gözəl günləri var idi. O, ağıllı, tərbiyəli, ailəsinə bağlı bir insan idi. Biz hər gün onun yoxluğunu hiss edirik.

Bəzən bir xatirə, bir söz, bir şəkil insanı yenidən həmin günlərə qaytarır. Bu zaman anlayırıq ki, dəyişən sadəcə rəqəmlərdir. Şəhid ailəsi üçün təqvimdə illər dəyişir, amma itirdiyin insanın yoxluğu heç vaxt dəyişmir. Bizim üçün o, həmişə 25 yaşında qalacaq. O heç vaxt qocalmayacaq, saçlarına ağ düşməyəcək. Biz elə onu 25 yaşında xatırlayacıq....

- Qardaşınızın şəhid olduğu torpaqlara, onun son döyüş yolunun keçdiyi yerlərə getmisinizmi? Getmisinizsə, həmin torpaqlarda olarkən hansı hissləri keçirdiniz?

- İşğaldan azad olunmuş torpaqların hər qarışı bizlər üçün müqəddəs hesab olunmalıdı. Çünki hər qarış torpağında bir igidimizin qanı, canı var. Qardaşımın şəhid olduğu Xocavəndin Tuğ kəndi isə bizim üçün adi bir coğrafi məkan deyil. O torpaqlar onun son nəfəsini verdiyi, Vətənə olan borcunu canı bahasına yerinə yetirdiyi müqəddəs torpaqlardır.

Orada dayanmaq, onun son anlarını düşünmək insanın qəlbini sözlə ifadə olunmayacaq qədər ağrıdır. Düşünürsən ki, bir vaxtlar qardaşın həmin torpaqlarda olub, yaralıları xilas etmək üçün mübarizə aparıb. Dediyim kimi, o, hərbi həkim idi və yaralı komandirini xilas etməyə çalışarkən şəhid oldu. Onun son ana qədər bir insanın həyatını xilas etmək üçün çalışması bizim üçün həm böyük bir qürur, həm də böyük bir təsəllidir. Çünki o, öz peşəsinə, andına və insan həyatına son nəfəsinə qədər sadiq qaldı.

- İllər sonra insanlar qardaşınızı xatırlayanda onun haqqında nəyi bilmələrini, hansı dəyərləri ondan örnək götürmələrini istərdiniz?

- İstərdim ki, insanlar qardaşımı yalnız şəhid kimi deyil, həm də necə gözəl bir insan olduğunu bilərək xatırlasınlar. O, cəmi 25 il yaşadı, amma bu qısa ömrə böyük bir insanlıq, mərdlik, tərbiyə və Vətən sevgisi sığdırdı. O öz adını Azərbaycan tarixinin şanlı səhifələrinə qızıl hərflərlə yazdırdı. Ağıllı, sakit təbiətli, tərbiyəli, öz peşəsinə və məsuliyyətinə bağlı biri idi.  

Onun vəzifəsi insanları yaşatmaq, həyat xilas etmək idi. Son ana qədər də bu missiyasına sadiq qaldı. Neçə-neçə yaralını həyata qaytardı. İstəyirəm ki, gələcək nəsillər ondan mərhəməti, insan həyatına dəyər verməyi, məsuliyyəti, cəsarəti və Vətənə sevgini öyrənsinlər. Biz onunla həmişə fəxr edəcəyik. Çünki o, bizim ailəmizin qüruru, Azərbaycanın isə unudulmaz qəhrəmanıdır.

Gülər Həsənli
“Cebheinfo.az”