“Vardanyan qələt edir Füzulinin qəzəllərini oxuyur” – DEPUTAT
“Nəriman Axundzadə Amerikadan Messi kimi qayıdacaq”
Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin suallarını deputat Aqil Abbas cavablandırıb. Millət vəkili ilə üç ayrı mövzuda söhbətləşmişik. Müsahibəni təqdim edirik:
- Aqil müəllim, ABŞ vitse-prezidenti Bakıya gələnə qədər ermənilər kampaniya başlatmışdı ki, Araik və digər hərbi canilərin azad olunması məsələsi qaldırılsın. Bunun bir nəticəsi ola bilərmi?
- Heç bir nəticəsi ola bilməz. Onlar cinayətkarlardır, Azərbaycan ərazilərində terrorçuluqla məşğul olublar, mənim evimi yandırıblar. Evimi tikib versinlər, sonra onların məsələsinə baxarıq. İkincisi, bu, Azərbaycanın “Nürnberq prosesi”dir. O vaxt nasistləri buraxdılarmı? Hamısına ağır cəzalar verildi, edam olundular. İndi biz də öz “Nürnberq” məhkəməmizi qurmuşuq. O canilərə heç bir güzəşt yoxdur. Üstəlik, Vens ABŞ kimi böyük dövlətin vitse-prezidentidir. O, axmaq adam deyil ki, belə bir məsələni qapalı görüşdə qaldırsın. Ona görə də ermənilər çox da ümidlənməsinlər. Yenə deyirəm, onların törətdiyi cinayətlərin misli-bərabəri yoxdur, ev-eşiyimizi yandırıblar, uşaq qatilləridirlər.
- Maraqlıdır ki, Ruben Vardanyan da məhkəmədə Füzulinin, Hüseyn Cavidin şeirlərini oxuduğunu deyib. Amma ailəsinə göndərdiyi məktubda “Artsax yaşayır, yaşayacaq” söyləyib. Onun da ekstradisiyası mümkündürmü?
- Vardanyan elədiyi cinayətin cəzasının çəkir və çəkəcək. Ola bilsin ki, ruslar gələcəkdə onu aparacaq. Ancaq ona ən ağır cəza verilməlidir. İndi Füzulidən, Caviddən şeir oxumaqla deyil. Əvvəla, qələt edir Füzulinin qəzəllərini oxuyur. Vaxtında oxuyub adam olardı və bu cinayətlərə əl atmazdı. İndi gecdir və bizim ədəbiyyatımızı oxumaqla ona ürəyimizin yumşalmasını gözləməsin!
- Son sualım qeyri-siyasidir, amma sosial medianın gündəmidir – “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə ABŞ klubuna transfer olunur. Onu son oyunlarda kəskin tənqid atəşinə tutdular. Sizcə, gedişinə səbəb budur, yoxsa ABŞ-da oynamağı karyera yüksəlişi kimi görür?
- Məncə, Nəriman düzgün addım atıb. O, Amerikadan Messi kimi qayıdacaq. Çox təəssüf ki, adamlar onun üstünə düşdü, az qala linç etdilər, o da uşaqdır və tənqidlərdən təsir altına düşdü. Yəqin ki, getməyinə səbəb də budur. Amma Nəriman istedadlı futbolçudur və onun gələcəyini görürəm.