Arzuxan Əlizadə: “Bu təyinatı cənab Prezidentin Tahir müəllimə növbəti etimadı kimi dəyərləndirirəm”
Məlum olduğu kimi, Tahir Yaqub oğlu Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Tahir Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Məsələ ilə bağlı Azinforum.az AMİP sədri, millət vəkili Arzuxan Əlizadənin fikirlərini öyrəndi.
- Prezidentin Tahir Budaqovla bağlı qərarını necə dəyərləndirirsiniz? Bəziləri bunu onun vəzifəsinin aşağı salınması kimi baxır. Sizin buna münasibətiniz necədir?
- Bəli, cənab Prezidentin sərəncamı ilə Tahir Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ola bilər bu təyinata fərqli prizmadan yanaşanlar olsun, amma mən buna tamamilə təbii baxıram. Əslində vəzifə vəzifədir. Vəzifəyə təyin edilən şəxsə etimad göstərilirsə, etimadın böyüyü-kiçiyi olmur. Eləcədə vəzifənin böyüyü-kiçiyi olmur. O baxımdan Prezident etimad göstərirsə, bu, birmənalı etimaddır. Bakının bu yaxınlarda insident olmuş əsas rayonlardan birinə, mərkəzi rayona icra başçısı təyin olunmaq bu, Prezidentin həmin şəxsə göstərdiyi etimadın nümunəsidir. Onu da qeyd edim ki, Tahir müəllim bundan əvvəl də icra başçısı vəzifəsində çalışıb və çox layiqincə etimadı doğruldub. Digər vəzifələrdə də çalışıb. Artıq səhv etmirəmsə 5 il idi ki, Yeni Azərbaycan Partiyası sədrinin müavini və Mərkəzi Aparatın rəhbəri vəzifəsini tuturdu. Tahir Budaqovun Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi ona olan etimadın nümunəsidir.
- Tahir müəllimlə tanışlığınız necə yaranıb?
- İş elə gətirib ki, Tahir müəllimlə təmaslarımız olubdur, səfərlərdə olmuşuq. İşğaldan azad edilmiş rayonlarda bir neçə dəfə səfərdə olmuşuq. Eyni nəqliyyat vasitəsi ilə getmişik və dəfələrlə təmasda olduğumuz dönəmdə münasibətimiz formalaşıb. Həmçinin, AMİP-in 30 illik yubileyi olanda YAP adından dəvətimizi qəbul edərək tədbirdə iştirak edib. Hakim partiyanın adından təbriklər çatdırıb, xoş sözlər deyibdir. Həmçinin tədbirdə sona qədər iştirak edib. Bir mənalı olaraq Tahir müəllimi çox yüksək intellektə malik səmimi bir insan və əsil ziyalı olaraq tanımışam. Artıq bir neçə ildir şəxsən tanıdığım şəxs olaraq deyirəm ki, hər kəslə bərabər müstəvidə danışan, vəzifəsinə baxmayaraq hər kəslə səmimi münasibət qurmağa çalışan çox pozitiv ruhlu, müasir fikirli və birmənalı olaraq təmsil etdiyi düşərgəyə, cənab Prezidentə çox böyük sədaqəti ilə gündəmdə olan bir şəxs olaraq təmaslarımızda tanımışam onu. Ona Prezident tərəfindən növbəti etimad göstərilibdir. Tahir müəllimə yeni vəzifəsində böyük uğurlar arzulayıram. İnanıram ki, o, bu vəzifənin öhdəsindən layiqincə gələcək və gələcəkdə yenə də digər vəzifələrə etimad göstərilib Prezident tərəfindən təyin ediləcəksə, bu da gözləniləndir. Bir sözlə, gələcək karyerasında yüksəliş və bütün işlərində uğurlar arzu edirəm.
VİDADİ