Sosial şəbəkədə biz:

Aqşin Yenisey: “Kollektiv həmrəylik hamının eyni cür düşünməsi deyil”

Aqşin Yenisey: “Kollektiv həmrəylik hamının eyni cür düşünməsi deyil”
Xəbər Şəkli
11 August 2026, 09:54
Mədəniyyət

Şair-yazıçı Aqşin Yenisey cəmiyyətdə sosial bərabərlik, kollektiv həmrəylik və fərqli düşüncəyə münasibət barədə fikirlərini bölüşüb.

Aqşin Yenisey “mülk Allahındır” anlayışı ilə siyasi kommunizmdəki “mülk dövlətindir” prinsipini müqayisə edib.

O, hər iki yanaşmanın sosial bərabərlik yaratmaq məqsədi daşıdığını, lakin nəticənin fərqli olduğunu bildirib.

“İslamın “mülk Allahındır” deyən ərəb kommunizmi olduğunu bizdən əvvəl də yazıblar. Bunun üstünə bir də “mülk dövlətindir” deyən siyasi kommunizmə urcah olduq”, – deyə Yenisey yazıb.

Onun sözlərinə görə, mülkü Allaha və dövlətə verən bu iki fərqli “kommunizm” sosial bərabərlik yaratmaq məqsədi güdsə də, nəticədə sosial bərabərsizlik daha da dərinləşib:

“Əvəzində şüur, dünyagörüşü, düşüncə bərabərliyi yarandı”.

Yazıçı hesab edir ki, bu iki sistemdən cəmiyyətə eyni dünyagörüşlü, eyni düşüncəli kollektiv həmrəylik və fərqli düşüncəyə qarşı dözümsüz “sürü psixologiyası” miras qalıb.

“Mülk məsələsində Allahı və dövləti unudan, yerdə qalan bütün məsələlərdə həmrəylik göstərən “eyniliyin cəhənnəmi” “,-  deyə o qeyd edib.

Aqşin Yenisey kollektiv həmrəyliyin mahiyyətinin hamının eyni cür düşünməsində deyil, fərqli düşüncələrin bir-birinə tolerant münasibətində olduğunu vurğulayıb.

O, cəmiyyətdə dəyər müzakirələrinin aparılmasının vacibliyini də qeyd edib və yazıb ki, təhqirə yol verilmədiyi halda belə müzakirələrdən çəkinmək doğru deyil.

“Kim bu müzakirələri özünə, dünyagörüşünə yaraşdırmırsa, getsin öz işləriylə məşğul olsun”, – deyə Yenisey bildirib.

Yazıçı sonda fərdi və fərqli düşüncənin kollektiv həmrəyliyə qurban verilməsinin cəmiyyətin inkişafına mane olduğunu vurğulayıb:

“Nə qədər ki fərdi və fərqli düşüncə dini və siyasi kommunizmin mirası olan bu boz kollektiv həmrəyliyə qurban veriləcək, ölkədə heç bir sahədə inkişaf olmayacaq”. Gununsesi.info