Şirkətin 135,5 min pulunu mənimsəyən qadın mühasibə şərti cəza verildi
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə və vəzifə saxtakarlığında təqsirləndirilən Ləman Əlizadənin (Mustafayeva) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Dövlət Sosial Müdafiə Fondunun mülki iddiası qismən təmin olunub. Ləman Əlizadədən (Mustafayeva) 55550 manat tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi qərara alınıb. 55550 manat pulun ödənilməsi təqsirləndirilən şəxs tərəfindən depozitə qoyulmuş pula yönləndirilib.
İttihama görə, Ləman Əlizadə (Mustafayeva) MMC-lərdən birinin Mühasibatlıq Departamenti Gəlirlər və xərclər şöbəsinin gəlirlər və xərclər üzrə mühasibi vəzifəsində işləyib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla ona etibar edilmiş əmlakı qulluq mövqeyindən istifadə edərək mənimsəmə yolu ilə talayıb. Ləman Əlizadə (Mustafayeva) 2019-2022-ci illərdə zərərçəkmiş MMC-nin Bakı şəhəri, Xətai rayonu, Xocalı Prospekti 33 ünvanında yerləşən ofisində Cəmiyyətdə müxtəlif vəzifələrdə işləyən 20 şəxsə hamiləliyə və doğuma görə, uşağın üç yaşı tamam olanadək qulluq etməyə görə, əmək qabiliyyətinin müvəqqəti itirməyə görə sosial müavinətlərin ödənilməsi ilə bağlı ümumilikdə 135 519,39 pulu mənimsəyib.