Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ
“"Qazprom"un Avropa İttifaqındakı son əsas müştərilərindən biri olan Slovakiya təbii qazın alınması üçün Azərbaycanla uzunmüddətli müqavilə imzalamağa hazırdır.
Biz Azərbaycanla ən azı 10 il müddətinə uzunmüddətli müqaviləni müzakirə edirik. Slovakiya enerji təchizatını şaxələndirmək istəyir və Azərbaycan bizim üçün çox etibarlı tərəfdaşdır".
Bunu Slovakiya Baş nazirinin müavini və ətraf mühit naziri Tomaş Taraba bildirib.
Onun sözlərinə görə, əsas problem Qafqazdan Mərkəzi Avropaya resursların tədarüküdür, lakin tərəflər hazırda "hansı boru kəmərlərindən və hansı həcmdə istifadə edilə biləcəyini" müzakirə edirlər. Taraba həmçinin Rusiya qaz idxalının kəsilməsi zamanı Bakıya göstərdiyi dəstəyə görə təşəkkür edib.
Əvvəllər Slovakiyanın ən böyük neft və qaz istehsalçısı olan SPP-nin baş direktoru Martin Huska Slovakiyanın Azərbaycanın SOCAR şirkəti ilə uzunmüddətli qaz müqaviləsi üzrə danışıqlar apardığını bildirmişdi.
O qeyd edib ki, Bratislava Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılması fonunda "lazımi həcmdə təbii qazı münasib qiymətlərlə çatdıra bilən" yeni təchizatçılar axtarmağa başlayıb. Azərbaycan artıq 2024-cü ildə pilot müqavilə çərçivəsində Slovakiyaya qaz tədarükünə başlamışdı. Sazişin şərtləri, o cümlədən ixrac həcmləri və qiymətləri açıqlanmayıb.
Slovakiya və Macarıstan Rusiya qazını birbaşa alan sonuncu Avropa İttifaqı ölkələri olaraq qalır. 1 yanvar 2025-ci ilə qədər onlar yanacağı Ukraynadan tranzit yolu ilə alırdılar, lakin bu tranzit dayandırıldıqdan sonra qaz "Türk Axını" boru kəməri ilə axmağa başladı.
Ötən ilin sentyabr ayında Slovakiyanın Baş naziri Robert Fiko bildirib ki, ölkə ildə təxminən 3,5 milyard kubmetr Rusiya qazı alır. Bu ilin may ayında Fiko ilə görüşdükdən sonra Vladimir Putin Moskvanın "Slovakiya Respublikasının enerji ehtiyaclarını ödəmək üçün hər şeyi edəcəyinə" söz verib.
Ötən il “Qazprom”un Avropa bazarına tədarükü 18 milyard kubmetrə düşdü ki, bu da 1973-cü ildən bəri ən aşağı səviyyədir. 2024-cü il səviyyələri ilə müqayisədə ixrac həcmləri 44% və müharibədən əvvəlki pik dövrlərlə müqayisədə on dəfədən çox azalıb.
3 fevralda Aİ-də Rusiya qazının idxalına qadağa qüvvəyə minib, lakin mövcud müqavilələr üçün keçid dövrü nəzərdə tutulur. Mayeləşdirilmiş təbii qaz tədarükü 1 yanvar 2027-ci ildə, boru kəməri ilə qaz tədarükü isə 30 sentyabr 2027-ci ildə tamamilə dayandırılacaq.
Slovakiya bu məhdudiyyətlərə qarşı çıxdı. Fiko AB-nin Rusiya qazından imtina planını "özünü dizinə vurmaq" adlandırdı. Aprelin sonlarında Bratislava Rusiya qazının idxalına qoyulan qadağaya qarşı Aİ Ədalət Məhkəməsində iddia qaldırıb.
“Cebheinfo.az”