Ötən ay Azərbaycan iqtisadiyyatda artım niyə azalıb?
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-fevral aylarında ümumi daxili məhsulun (ÜDM) istehsal həcmi 18 milyard 473,1 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çoxdur.
Halbuki, Komitənin yanvar ayına dair açıqladığı məlumatda ÜDM artımı 1,7 faiz göstərilib. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, yanvar ayı ilə müqayisədə fevral ayında iqtisadi artım tempi xeyli zəifləyib. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyərin iki ay ərzində 1,7 faiz azalması ÜDM artım tempinin aşağı düşməsinin əsas səbəblərindən biri hesab olunur. Məlumatda qeyd edilir ki, qeyri-neft sektorunda isə 1,4 faiz artım qeydə alınıb.
ÜDM istehsalının strukturuna nəzər salsaq, onun 32,7 faizi sənayenin, 11,4 faizi isə ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsinin payına düşür. Ölkədə sənaye məhsulunun 56,4 faizini mədənçıxarma sənayesi təşkil edir. Məhz neft hasilatının azalması bu sektorda istehsal həcminin aşağı düşməsinə səbəb olub.
Bundan əlavə, ÜDM istehsalının 7,5 faizi nəqliyyat və anbar təsərrüfatının, 3,9 faizi tikintinin, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 2,1 faizi informasiya və rabitə sahələrinin, 24,1 faizi isə digər sahələrin payına düşüb. Xalis vergilərin ÜDM-dəki payı isə 12,3 faiz təşkil edib.
Qeyd etmək lazımdır ki, yanvar ayında iqtisadiyyatda istehsal tempinin aşağı olması müəyyən mənada bu ay üçün xarakterik göstərici hesab olunur. Əvvəlki illərin göstəricilərinə nəzər saldıqda, növbəti aylarda bu tempin yüksəldiyi və məhsul buraxılışında artım tendensiyasının müşahidə olunduğu görünür. Məsələn, 2025-ci ilin yanvar ayında ÜDM 0,9 faiz azalsa da, fevral ayında 0,2 faiz artım qeydə alınıb. Eyni tendensiya digər illərdə də müşahidə olunub.
Lakin 2026-cı ilin əvvəlində fərqli vəziyyət yaranıb. Yanvar ayında iqtisadi artım yüksək olduğu halda, fevral ayında kəskin zəifləmə müşahidə edilir. Ümumiyyətlə, son iki ildə iqtisadiyyatda ressesiya (durğunluq) davam edir. Əvvəlki illərdə ÜDM 5-7 faiz arasında artdığı halda, son iki ildə bu göstərici təxminən 1 faiz ətrafında olub.
Qeyd edək ki, 2026-cı il üçün hökumət ümumi daxili məhsulun 2,4 faiz artacağını proqnozlaşdırır. Lakin ilin ilk iki ayının göstəriciləri bu proqnozun ilin sonuna qədər özünü doğruldub-doğrultmayacağı ilə bağlı müəyyən suallar yaradır.
İqtisadçı-ekspert Natiq Cəfərli MeydanTV-yə şərhində bildirdi ki, ilin əvvəlində neftin hasilatının aşağı düşməsi və qiymətlərin 65-70 dollar ətrafında olması ÜDM-in artımına təsir göstərib:
“İqtisadiyyatın anatomiyası var. Hansı inkişaf dairələri və istiqamətləri mövcuddur. Habelə iqtisadiyyatı körükləyən parametrlərə baxdıqda iki aspekt önə çıxır. Birincisi, enerji sektoru, ikincisi isə büdcə xərclərinin yaratdığı effektdir. Yəni büdcədən vəsait ayrılır. Bu zaman büdcə xərcləri üçün ayrılan vəsait tikinti, sosial və digər sahələrə yönəldildikdə iqtisadiyyatın çarxları dönür.

İlin əvvəlində büdcədən ayrılan vəsaitin ilkin bölüşdürülməsi və fəaliyyətə başlaması zamanı, xüsusilə tikinti layihələri üçün ayrılmalarda gecikmələr olur. Bu gecikmələr isə iqtisadi aktivliyə təsir göstərir. Enerji daşıyıcılarına baxdıqda görürük ki, bizdə hasilat aşağı düşür. Mart ayında nisbətən stabilləşə bilər. İrandakı müharibəyə görə neftin qiyməti bahalaşır. Amma yanvar-fevral aylarında həm hasilat aşağı düşüb, həm də qiymətlər təqribən 65-70 dollar ətrafında olub. Bütün bunların da ümumi daxili məhsulun istehsalına ciddi təsiri edib”.
İqtisadçı mart ayında iqtisadi artım gözləyir. Lakin N.Cəfərli bunun müvəqqəti xarakter daşıdığını vurğulayır:
“Məsələyə fundamental baxdıqda, biz aylardır çıxış edərək hökumətə bildirirdik ki, büdcədə yaranmış problemləri vergilərin, cərimələrin və rüsumların artırılması yolu ilə həll etmək modelinə keçilib. Bu ildən bir sıra sahələrdə vergi artımlarını da gördük. Bu isə yanlış bir yoldur, iqtisadiyyatı daraldan bir yanaşmadır. Büdcədə bu gün problemlər var. Amma bu problemlərin həlli yolu rüsum və vergi artımları deyil. Bu, əks effekt yaradır və iqtisadiyyatın zəifləməsinə səbəb olur. Nəticədə iqtisadi aktivliyin azalmasına gətirib çıxarır və bu da ümumi iqtisadi vəziyyətə təsir edir. Artıq ilin əvvəlindəki ilkin rəqəmlər və gedən proseslər də bunu sübut edir”.
Onun sözlərinə görə, modelin özünün dəyişdirilməsinə ehtiyac var:
“Hökumət üçün prioritet büdcənin azalan gəlirlərinin doldurulması deyil, iqtisadi aktivliyin artırılması üçün hansı addımların atılmalı olmasıdır. Bu məsələlər prioritet olmalıdır. Nəticədə vergidən daxilolmalarda da artımı görəcəyik”.
İqtisadçı hesab edir ki, hökumətin ÜDM ilə bağlı qoyduğu proqnoz özünü doğrulda bilər:
“Çünki mart ayından situasiya dəyişib. Amma bu, keçici ola bilər. Neftin qiymətinin artması ÜDM-ə, vergi daxilolmalarına və ölkəyə gələn gəlirlərə müsbət təsir göstərən amilə çevrilir. Neftin qiymətinin bu gün 100 dollar civarında olması və bu bahalaşmanın uzun müddət davam etməsi təsir göstərəcək. Lakin bu, fundamental və qalıcı təsir deyil, müvəqqətidir. Ona görə də qalıcı təsirlər yaradan addımlar atmaq lazımdır. Keçən il ÜDM cəmi 1,4 faiz artıb. Ümumi daxili məhsulun 2 faizə qədər artımı beynəlxalq praktikada və iqtisadi ədəbiyyatda, nəzəriyyədə də ciddi artım sayılmır. Xüsusilə bizim kimi inkişaf etməkdə olan ölkələr üçün bu göstərici aşağı hesab olunur. Ona görə də ən azı bizdə iqtisadi artım 3 faizdən çox olmalıdır ki, bu da iqtisadiyyatın problemlərinin həllinə yardımçı olsun”.