Sosial şəbəkədə biz:
Ölkənin pambıq yığımında rekord
Xəbər Şəkli

Ölkənin pambıq yığımında rekord

13 December 2025, 11:08
İqtisadiyyat

Azərbaycanda bu il rekord həcmdə pambıq toplanıb. Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı məlumata görə, ölkədə pambıq yığımı yekunlaşmaq üzrədir. 

Belə ki, dekabrın 8-dək əkin aparılmış 100 468,1 hektar sahədən kondisiya çəkidə 353 914 ton xam pambıq yığılıb: “Operativ məlumata əsasən, pambıq üzrə orta məhsuldarlıq 35,23 sentner/ha təşkil edir. Bu rəqəmlər müstəqillik dövründə qeydə alınan ən yüksək pambıq tədarükü və orta məhsuldarlıq göstəriciləridir”.

Müqayisə üçün bildirək ki, ötən il 103 min hektardan çox sahədə pambıq əkilib, 307 min tondan çox məhsul götürülüb. Beləliklə, əvvəlki 3 ildə pambıq istehsalında azalmadan sonra artım  qeydə alınmışdı. Belə ki, 2020-ci ildə Azərbaycanda 337 min ton, 2022-ci ildə 323 min ton, 2023-cü ildə 276,3 min ton pambıq istehsal edilmişdi.

Məlumata görə, Azərbaycanın ənənəvi pambıqçılıq rayonlarından sayılan Bərdədə bu il 8 448,8 hektar sahədə pambıq əkilib. Dekabrın 8-dək sahələrdən 30 249,4 sentner pambıq yığılıb. Rayonda pambıq üzrə orta məhsuldarlıq göstəricisi 35,8 sentner/ha təşkil edir. Bərdə rayonunda pambıq əkini aparan fermerlər 5 pambıq emalı şirkəti ilə müqavilə bağlayaraq məhsulu bu şirkətlərə təhvil verirlər. Fermerlərlə ən çox müqavilə bağlayan şirkətlər “Prime Cotton” MMC, “Azərpambıq” MMC, “P-Agro” MMC və “Elakoton” MMC şirkətləridir.

Xatırladaq ki, Azərbaycanda pambıq əkinləri torpaq mülkiyyətçisi olan fermerlərlə pambıq tədarükü və emalı şirkətləri arasında bağlanan müqavilələr əsasında aparılır. İmzalanan müqaviləyə əsasən, şirkət fermeri zəruri toxum, gübrə, pestisid və herbisidlərlə təmin edir, torpağın əkinə hazırlanması, aqrotexniki qulluğun göstərilməsi və məhsulun yığılması ilə bağlı texnika təchizatını həyata keçirir, bitkinin vegetasiya dövründə fermerə zəruri məsləhətlər vermək üçün aqronom ayırır, əkin xərclərini qarşılamaq üçün avans verir. Fermer isə bunun qarşılığında məhsulu yetişdirmək və müqavilədə müəyyən olunmuş qiymətə şirkətə təhvil vermək öhdəliyinə malikdir: “”Contract farming" formatında müqaviləli əkin fermerlərin əkin xərclərini və məhsul satışı problemini aradan qaldıran üsul kimi Azərbaycanda uzun illərdir tətbiq olunur və özünü uğurla doğruldur".

Qeyd edək ki, 2025-ci təsərrüfat ilində respublikanın 16 rayonunda pambıq əkini aparılıb. Əkinlərin təxminən 86 faizə yaxını pambıqçılıq üzrə ixtisaslaşmış 9 rayonun (Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan) payına düşür. Bu rayonlarda pambıq əkinlərinin ümumi ərazisi 86 min hektara yaxındır. Bu il ən çox pambıq Saatlı (12 634,1 ha), Ağcabədi (11 821,7 ha) və Sabirabad (11 086,2 ha) rayonlarında əkilib.

Bu günədək pambıq üzrə ən yüksək məhsuldarlıq Beyləqan rayonundadır. Bu rayonda orta məhsuldarlıq göstəricisi 41,07 sentner/ha təşkil edir. Dekabrın 8-dək rayon üzrə əkin aparılmış 8 898,3 ha sahədən 36 543,9 ton məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib.

Orta məhsuldarlıq göstəricisinə görə növbəti yerləri Neftçala (39,64 sentner/ha), Biləsuvar (39,45 sentner/ha), Tərtər (37,46 sentner/ha), Bərdə (35,80 sentner/ha) və Saatlı (35,69 sentner/ha) rayonları tutur. Bu rayonlarda pambıq üzrə orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.

Onu da qeyd edək ki, Aqrar Subsidiya Şurası növbəti təsərrüfat ili üçün pambıq istehsalına görə məhsul subsidiyasının artırılması barədə qərar qəbul edib. 2026-cı ildə fermerlərə müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrində yetişdirilən pambığın hər tonuna görə 215 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələrində yetişdirilən pambığın hər tonuna görə isə 200 manat subsidiya ödənilməsi nəzərdə tutulur.

Gələn il pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Yevlax, Zərdab rayonlarına, habelə Cəlilabad rayonunun Günəşli və Təzəkənd kəndlərinə və Ucar rayonunun Xələc kəndinə şamil ediləcək, digər rayonlarda əkiləcək pambığa görə isə məhsul subsidiyası ödənilməyəcək.

Rəsmi statistikaya əsasən, 100,9 min hektar sahədə pambıq əkilmişdi. Bu isə sahələrin 95 faizindən çoxunda dekabrın 8-dək yığımın başa çatdırılması deməkdir. Bu, son onillikdə rekord nailiyyət sayıla bilər, çünki pambıq yığımı əksər hallarda yanvarda da davam edirdi.

Pambıqçılıqda bu ilki nəticələrə necə nail olunub? 

Əfras Əsgərov

Sualı cavablandıran Sabirabad rayonundan olan fermer Əfras Əsgərovun “Yeni Müsavat”a dediyinə görə, bu il onun sahələrində bol məhsul yığılıb: “Son iki ayda yağıntının olmaması pambıqçılar üçün göydəndüşmə oldu. Yığımı vaxtında başa çatdıra bildik. Hazırda çox cüzi sahələr qalıb, onlarda da yığım başa çatmaq üzrədir.

Bildiyiniz kimi, 2016-cı ildə cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə pambıqçılığın vəziyyətinə həsr olunmuş müşavirə keçirildi. O müşavirədə dövlət başçısı bu sahədə məhsuldarlığın artırılması üçün ciddi tədbirlərin görülməsini tapşırdı. Məhz həmin müşavirədən sonra əvvəla, pambıq əkinləri genişləndirildi, ikincisi isə bu sahədə müasir texnologiyaların tətbiqinə başlandı. Həm məhsuldar, xəstəliklərə davamlı toxum sortları gətirildi, həm də səpin və qulluq texnologiyaları yeniləndi. Eyni zamanda dövlət subsidiyalaşması tətbiq olundu, döbvlətin dəstəyi ilə texnika parkı tamamən yeniləndi. Pambıqçılıqda texnika mühüm rol oynayır: əkindən, səpindən, qulluqdan tutmuş yığıma qədər. Bu gün hətta xırda fermerlərin belə kiçik də olsa, texnika parkı yaranıb. Dövlətin texnika alışını subsidiyalaşdırması mexanizmindəki ciddi dəyişiklik bizə bu imkanı yaradıb. Şəxsən mənim hazırda heç biri texnikaya ehtiyacım yoxdur, hamısı özümdə var.

Bundan əlavə, suvarma-meliorasiya işləri gücləndirildi, effektiv mexanizm tətbiq olundu. Təsəvvür edin ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmət Mərkəzlərinin nümayəndələri bizimlə bərabər sahələrdə olurlar bütün günü. Hər sahədə məsləhətlərini verirlər, dəstək göstərirlər. Bütün bunların nəticəsində həm istehsal artdı, həm də məhsuldarlıq. Əvvəlcə 15-16 sentner olan məhsuldarlıq 28-29-a, daha sonra 30-31-ə yüksəldi. Biz bu dəstəyə və diqqətə görə cənab Prezidentə təşəkkür edirik. Pambıqçılıq ən əməktutumlu sahələrdən biridir, burada 400 minə yaxın insan məşğul olur. Dövlətin dəstəyin onların gəlirini artırır, rifahını yüksəldir". 

Fermer bildirir ki, pambıqçılıqda çalışan fermerlərə pambıq emalı şirkətlərinin dəstəyi də mühüm əhəmiyyət kəsb edir: “Fermer toxumu pulsuz alır, bir çox işlərin yerinə yetirilməsində zavoddan dəstək görür. Pambıqçılıqda emal müəssisələri ilə əvvəlcədən müqavilə mexanizminin tətbiqi ümumilikdə çox müsbət haldır, inkişafa təminat verən prosesdir”.

Ə.Əsgərovun fikrincə, gələn il dövlət subsidiyasının 1 ton üçün 5 manat artırılması nəzərdə tutulur ki, bu da yetırli sayıla bilməz: “5 manat çox kiçik məbləğdir. Dünya bazarında qiymətlərin aşağı olması zavodların alış qiymətini artırmasına imkan vermir. Bu baxımdan, dövlət subsidiyasının çüzi artımı fermerlərin artan xərclərinin az bir hissəsini kompensasiya edəcək. Əgər bizdə pambığa əsaslanan trikotaj sənayesinin inkişafına nail olunarsa, pambıqçılıqda gəlirlər daha çox artar. Deyilənə görə, Azərbaycan Sənaye Korporasiyası trikotaj sənayesinin inkişafı üçün layihə hazırlayır. Bu, reallaşarsa, pambıqçılığa böyük təkan verəcək. Bundan əlavə, zərərvericilərə qarşı mübarizədə fermerlərə dəstəyin artırılmasına ehtiyac var. Bu il şüküt ki, sovka az oldu, məhsuldarlığın yüksəlməsində bunun rolu böyükdür. Eyni zamanda müasir suvarma mexanizmlərinin tətbiqi vacibdir, yerli və keyfiyyətli sortların yaradılmasına, dərman preparatlarının yerli istehsalının yoluna qoyulmasına böyük ehtiyac var”.

Qeyd edək ki, bu il Azərbaycanda pambıq mahlıcı və iplik istehsalında da ciddi artım var. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-noyabrda ölkədə 76 856,5 ton pambıq mahlıcı istehsal olunub ki, bu da illik ifadədə 33,8 faiz artım deməkdir. Dekabrın 1-nə anbarlarda 28308,2 ton ehtiyat olub. Bu dövrdə pambıq ipliyinin istehsalı 22,9 faiz artımla 19737,4 tona bərabər olub, 1 dekabra anbarlarda 5214,7 ton iplik qalıb. 

Bu ilin yanvar-oktyabrında pambıqdan əldə olunan iplik ixracı 27 milyon 451.01 min dollar dəyərlə 12 029.40 tona bərabər olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 8,8 faiz, miqdar baxımından isə 17,8 faiz çoxdur. Ötən ilin eyni dövründə pambıq iplik ixracı 25 milyon 228.40 min dollar dəyərlə 10 208.23 tona bərabər olub.