Maliyyə Nazirliyi: Subsidiyalar artıb, məhsuldarlıq azalıb
Kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi və güzəştlərin tətbiqi üçün 2020-2024-cü illərdə dövlət büdcəsindən 2.2 milyard manatdan artıq vəsait yönəldilib.
Bu barədə Maliyyə Nazirliyinin bu gün, avqustun 18-də yaydığı hesabatda bildirilir.
Vurğulanır ki, son dövrlərdə subsidiyaların məbləği ilə istehsalının həcmi arasında uyğunsuzluqlar aşkar edilib: "Aqrar Subsidiya Şurasının qərarları əsasında hər il üçün müəyyən edilən əkin subsidiyasının əmsallarının dövri olaraq artırılmasına baxmayaraq, həmin bitki növləri üzrə məhsul istehsalında azalmalar müşahidə olunub. Habelə istifadə edilmiş subsidiyanın məbləğinə uyğun istehsal həcminə nail olunmayıb".
Dövri mətbuatda yer alan iddialara görə də, Azərbaycanda bəzi hallarda əkin işləri kağız üzərində aparılıb. Həmin iddialarda vurğulandığına görə, bəzi məmurların qanunsuz əməlləri nəticəsində subsidiyaların verilməsində pozuntu halları baş verib. Lakin hüquq-mühafizə orqanlarının bununla bağlı ayrıca hesabatı olmayıb.