Azərbaycan və Laos prezidentləri bu gün mətbuata bəyanatlarla çıxış ediblər. İki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi görüşlərdə müzakirə edilən prioritet məsələlərdəndir.
Əvvəlki ilə nisbətən 2025-ci ildə Azərbaycan ilə Laos arasında ticarət dövriyyəsi 40 faiz artasa da belə dövriyyə kiçik rəqəmlə ifadə olunur. Belə ki, ölkələr arasındakı ticarət dövriyyəsi cəmi 329 min dollardır.
8 milyon əhalisi və 236 min km2 ərazisi olan Laosun nominal ümumi daxili məhsulunun (ÜDM) həcmi 16.3 milyard dollardır. Alıcılıq qabiliyyəti indeksi nəzərə almaqla ölkənin ÜDM-ü 78.8 milyard dollara çatır. Kənd təsərrüfatı ölkə ÜDM-nin 50, məşğulluğun isə 80 faizini təmin edir. Neft və qaz idxal edən Laos elektrik enerjisini ixrac edir.
Azərbaycan Laos ilə 30 məhsul növü üzrə ticarət əlaqələri qurub. İdxalımızın 96 min dollarını ayaqqabılar təşkil edir. 71 min dollar rezin ayaqqabılarının, 49 min dollar kommutasiya qurğuları daxil olmaqla səsin, təsvirin və ya başqa məlumatların qəbul edilməsi, çevrilməsi və ötürülməsi və ya bərpası üçün maşınların, 48 min dollar isə taxta altlıqlı ayaqqabıların idxalına xərclənir.
Həmin müddətdə Azərbaycan məhsulları Laos bazarına daxil olmayıb. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Laos Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşündə də iqtisadi sahənin daha da fəal inkişafını müşahidə etmək istəyi xüsusi qeyd edilib. Laos Prezidentinin Azərbaycana səfərinin öllkələr arasındakı iqtisadi əməkdaşlığa təkan verəcəyi gözlənilir.
Vüqar Bayramov, millət vəkili