Altı il əvvəl - 2020-ci il oktyabrın 17-si Füzuli şəhəri və ətraf kəndləri erməni işğalından azad edildi. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur.
İşğaldan azad olunan Füzuli şəhəri və kəndləri qısa zamanda yenidən qurma mərhələsinə qədəm qoydu. Zəfərdən keçən çox qısa zamanda Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Füzulini Qarabağın hava qapısına çevirdi.
İnfrastrukturun yenidən qurulması, iqtisadiyyatın fərqli sahələrinin inkişafının dəstəklənməsi və yeni sərmayə qoyluşları Füzuli rayonunun inkişafını daha stimullaşdırdı.
Zəfərdən sonra Füzulu rayonunun iqtisadiyyatı 4 dəfə böyüyüb. Rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 2020-ci ildə 191 milyon 923 min manat idisə, indi bu göstərici 800 milyon manata çatb. Sənaye məhsulunun istehsalında da artımlar qeydə alınıb. Belə ki, 2020-ci ildə 18.2 milyon manat sənaye məhsulları istehsal edən Füzuli rayonu hazırda 50 milyon manata yaxın sənayeyə malikdir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq üzrə də artım dinamikası davam edib. Füzulu rayonu 2020-ci ildə 87 milyon 872 min manatlıq aqrar məhsullar istehsal edirdi. İndi bu göstərici 146 milyon 896 min manatdır. Yenidənqruma layihələri ilə bağlı olaraq tikinti sektorunda 8 dəfədən çox artım qeydə alınıb. Hazırda Füzuli rayonunun tikinti sektorunda 550 milyon manatlıq dəyər formalaşır.
Göründüyü kimi, işğal nəticəsində dağıdılan və baxımsız şəhərə dönən Füzuli artıq regionun əsas mərkəzlərindən birinə çevrilməkdədir. Zəngəzur dəhlizinin başlandığı Füzuli rayonu regionun nəqliyyat və logistika mərkəzinə çevrilməkdədir. Bu rayon üçün yeni üstünlüklər və yeni iş yerləri demək olacaq.
İşğaldan azad edildikdən sonra yenidən qurulan Füzuli şəhərində hazırda 3100 nəfərdən çox sakin daimi olaraq məskunlaşıb. Şəhərin təsdiq olunmuş Baş Planına əsasən, 2040-cı ilə qədər Füzuli şəhərinin əhalisinin 50 000 nəfərə çatdırılması nəzərdə tutulub. Tezliklə Füzuli Qarabağın ən böyük şəhərlərindən birinə çevriləcək.
Vüqar Bayramov, millət vəkili