Sosial şəbəkədə biz:

2025-ci ilin dövlət büdcəsi problemlərə çarə ola bilirmi? - TƏHLİL

2025-ci ilin dövlət büdcəsi problemlərə çarə ola bilirmi? - TƏHLİL

 2025-ci ilin büdcə gəlirlərinin 38,3 milyard manat səviyyəsində olması  ölkə iqtisadiyyatının inkişaf dinamikasını əks etdirir, lakin son 30 ildə 200 milyard dolları qeyri-neft sektoruna olmaqla, Azərbaycan iqtisadiyyatına 300 milyard dollardan çox investisiyanın qoyulmasına, 4 regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icra edilməsinə baxmayaq, ÜDM-in hələ də indiki 123 milyard manat səviyyəsində olması ölkədə ciddi kölgə iqtisadiyyatı probleminin olması ehtimallarını artırır. Ölkədə qeyri-rəsmi məşğulluğun səviyyəsinin yüksək olması da bu ehtimalları gücləndirir. Bu isə heç şübhəsiz birbaşa olaraq büdcə gəlirlərinin daha az səviyyədə olmasını şərtləndirir.  Belə olan halda dövlət də iqtisadiyyatın inkişafı və əhalinin rifah səviyyəsi ilə bağlı qarşıya qoyulan bütün vəzifələri vaxtında icra edə bilmir. Yaxşı olardı aidiyyatı orqanlar bu sahədə araşdırmalar aparıb real mənzərəni aşkara çıxarıb, ona qarşı tədbirlər görsünlər.  Əks halda ölkədə istehsal olunan ÜDM-in əhəmiyyətli hissəsinin dövlət büdcəsi vasitəsilə bölüşdürülməsinə nail ola bilməsək, dayanıqlı inkişaf məqsədlərinə, o cümlədən inklüziv sosial inkişafa nail olmağımız çətin olacaqdır. 2025-ci ildə ÜDM-in 29,7 faizinin büdcə vasisəsilə bölüşdürüləcəyi yaxşı haldır, ölkənin qarşısında bir sıra həlli vacib məsələlərin olduğu şəraitdə qarşıdakı illərdə bunun hətta 30-35% səviyyəsində olmasına ehtiyac vardır.
2025-ci ilin dövlət büdcəsinin xərcləri ilə bağlı əsas məsələlərdən biri elmə ayrılan vəsaitin əhəmiyyətli dərəcədə artırılmamasıdır. Unutmaq olmaz ki, XXI əsr elm və texnologiya əsridir. Perspektivdə ancaq o ölkələrin iqtisadiyyatları aparıcı mövqedə olacaq ki, onlar məhz bu sahələrdə ciddi uğurlara imza atırlar. Ona görə hər bir ölkə ilk növbədə elmə yönəldilən vəsaitin həcminin artırılmasına çalışır. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrdə elm xərcləri ÜDM-in 3-6%-i səviyyəsindədir. Bizdə isə bu göstərici 0,16% təşkil edir. 
Dövlət büdcəsindən elmə ayrılan vəsaitin həcmi hədsiz dərəcədə aşağı səviyyədədir. 2025-ci ildə bu məqsədlə 244,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da cari ildəkindən cəmi 8,3 milyon manat çoxdur. Aydın məsələdir bu qədər kiçik həcmli vəsaitlə elm sahəsində ciddi uğurlar əldə etmək mümkün deyildir. Elm sahəsi spesifik sahədir, bu sahəyə indiki münasibətin köklü şəkildə dəyişilməsinə ehtiyac vardır. Bu sahədə əsaslı dönüş yaradılması üçün ayrılan vəsaitin həcminin indiki ilə müqayisədə azı 4-5 dəfə çox olmasına ehtiyac vardır. 

Ölkəmizdə Elm Fondu fəaliyyət göstərir. Təsəvvür edin ora ayrılan vəsaitin həcmi cəmi 4 milyon manat təşkil edir. Qonşu Gürcüstanda elm fonduna ayrılan vəsait 12-13 milyon dollar səviyyəsindədir, bizdən 4 dəfə çox. Belə bir ifadə var: elmi maliyyələşdirmək hər bir dövlətə baha başa gəlir, amma onu maliyyələşdirməmək ondan da baha başa gəlir. Bu sahəyə lazımı səviyyədə vəsait ayıra bilməsək, gələcəkdə ölkə üçün onun mənfi fəsadları daha çox olacaqdır. Bu sahədə yaranan boşluqları aradan qaldırmaq asan olmayacaqdır. Bunu mütləq nəzərə almağımız lazımdır. Elm aşağı səviyyədədir, alimlərimiz zəifdir, bu sahəyə vəsait ayırmaq səmərəli deyil, alimlərimiz nəticələr ortaya qoysalar sonra vəsait ayırmaq olar kimi fikirlər heç bir halda doğru deyildir, onlardan imtina etmək lazımdır, dünyanın heç bir yerində elmin inkişafına belə münasibət olmayıb. 

Bildiyiniz kimi Cənab Prezidentin müvafiq sərəncamı ilə dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən aşağı səviyyədə saxlanılması qaydası müəyyən edilmişdir. Düzdür, iqtisadiyyatın investisiya ehtiyaclarının ödənilməsi üçün dövlətin müəyyən miqdarda borc vəsaitləri cəlb etməsi normaldır, lakin yaxşı olardı biz təkcə bu qaydaya riayət etdiyimizi düşünərək, dövlət borcunun hcminin artırılmasına getməyək. Bu məsələdə mümkün qədər ehtiyatlı bir yol seçməyimiz faydalı olar. Doğru yol daha çox öz valyuta ehtiyatlarımızdan istifadəyə üstünlük verməyimizdir. Daha yaxşı olardı bu ÜDM-in 30 faizlik həddi ilə yanaşı, dövlət borclarının dövlət büdcəsinin həcminə münasibətdə də bir qaydası formalaşdırılardı. 

2025-ci ildə təkcə faizlər üzrə 1,3 milyard manat olmaqla, bütövlükdə 2,4 milyard manat büdcə vəsaitinin dövlət borclarına xidmət edəcəyi müəyyənləşdirilib. Büdcə zərfində 2025-ci ilin sonuna dövlət borcunun 30 milyard manata qədər artacağı proqnozlaşdırılır. 2024-cü ildə dövlət borcunun 25,6 milyard manat olduğunu nəzərə alsaq, bu o deməkdir ki, 2025-ci ildə dövlət borcu daha 4,4 milyard manat artacaqdır.

2025-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 14,4 milyard manat vəsaitin transfert olunacağı nəzərdə tutulur ki, bu da hətta fondun 2025-ci il üçün proqnozlaşdırılan illik gəlirindən belə çoxdur. Transfertin həcmi 14 milyard 481 milyon manatdır, fondun gəliri 14 milyard 452 milyon manat. Bununla Neft Fondundan büdcəyə transfertin büdcə gəlirlərinin 37,6%-ni təşkil edəcəyi gözlənilir. Bu kifayət qədər yüksək göstəricidir. Bu onu göstərir ki, qeyri-neft-qaz sektorunun ÜDM-də payının 68,2 faiz olmasına baxmayaraq, büdcənin neft sektorundan asılılığı yüksək olaraq qalır.
Büdcə zərfində dövlət büdcəsi xərclərinin dayanıqlı inkişaf məqsədləri ilə uyğunluğu barədə yazılsa da, hesab edirəm qeyd edilənlər bu sahədə vəziyyətin nə yerdə olduğunu aydın görmək üçün yetərli deyildir, daha detallı məlumatların verilməsi yaxşı olardı.
Digər bir məsələ rayonların öz xərclərini öz gəlirləri hesabına ödəməsi ilə bağlıdır. 2025-ci ildə 67 şəhər və rayondan 62-sinin öz xərclərini gəlirləri hesabına ödəməsi və hətta əksər rayonların gəlirlərinin xərclərdən artıq qalan hissəsinin mərkəzi büdcəyə ödəməsi planlaşdırılır. 2025-ci ildə cəmi 5 rayon büdcədən dotasiya alacaq ki, bu dotasiyanın da toplan həcmi 5 milyon manatdır. İlk baxışdan bu hal çox müsbət görünür, belə baxanda mərkəzi büdcənin rayonlara dotasiya verməkdən azad olması yaxşı haldır, lakin gəlin baxaq görək burada real vəziyyət necədir? Normalda buna rayonların iqtisadi inkişafı hesabına nail olunmalıydı, lakin belə olmayıb. Rayonların bir sıra əsaslı xərcləri mərkəzləşdirilməklə qeyd edilən mənzərə formalaşıb. Bununla rayonlara dotasiyalrın verilməsi problemi real olaraq yox, nominal formada həll edilib. Problemin yolla həlli ilk növbədə dövlətin səmərəli regional siyasətinin formalaşdırılmasına mənfi təsir göstərir. Ona görə büdcə siyasətində paytaxtla regionlar arasında tarazlı inkişafın təmin edilməsi əsas prinsiplərdən biri kimi diqqətdə saxlanılmalıdır.
2025-ci ildən sonrakı 3 il üçün istər makroiqtisadi, istərsə də, büdcə ilə bağlı proqnoz göstəricilərin üç variantda təqdim edilməsi doğru yanaşmadır, lakin ola biləcək risklərlə bağlı qabaqlayıcı, büdcə zərfində mitiqasiya tədbirləri kimi qeyd edilənləri qənaətbəxş hesab etmək olmaz, daha çevik mexanizmlərlə öncədən zəruri tədbirlərin görülməsinə ehtiyac vardır. Böhran vəziyyəti ilə üzləşdikdən sonra tədbirlərin görülməsi gecikmiş addım kimi ola bilər.
İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi ilə bağlı onu qeyd etmək istəyirəm ki, işsizlik müavinətinin həcminin artırılması indiki halda ehtiyac olan məsələlərdəndir. İl ərzində işsizlikdən sığorta ödənişi kimi toplanacaq 206 milyon manat vəsaitin  cəmi 17 milyon manatının işsizlik müavinətinin verilməsinə sərf edilməsini optimal hesab etmək doğru deyildir. Düzdür aktiv sosial müdafiə tədbiri kimi daha çox vəsait özünəməşğulluq proqramına yönəldilir, amma burada da çox ciddi problemli məqamlar mövcuddur.
İqtisad üzrə fəlsəfə doktoru,
Firdovsi ŞAHBAZOV



Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol