Sosial şəbəkədə biz:

İki güləşçimiz dünya çempionatında finala yüksəldi

İki güləşçimiz dünya çempionatında finala yüksəldi

Azərbaycanın iki güləşçisi Yunanıstanın paytaxtı Afinada keçiriən U-17 dünya çempionatında finala yüksəlib.

Yunan-Roma güləşçilərimizdən Hikmət Haqverdiyev (51 kq) debütdə rumıniyalı Andrey Pelean üzərində inamlı qələbə qazanıb – 7:0.

Həmyerlimiz daha sonra norveçli Abu Bakar Saqaya şans tanımayıb – 9:2. Hikmət yarımfinalda qırğızıstanlı İslam Kurbanovla gərgin mübarizə şəraitində keçən qarşılaşmadan da qalib ayrılıb – 4:3. Haqverdiyevin finalda rəqibi özbəkistanlı Otabek Tursunov olacaq.

Əli Nəzərov (60 kq) ilk mərhələdə gücünü xorvatiyalı Roko Kuriçə göstərib – 5:1. Güləşçimiz gürcüstanlı Lazare Qoqotişvili (10:1) və özbəkistanlı Humoyun Erkinovu (9:0) isə vaxtından əvvəl xalçadan məyus yola salıb. Əli yarımfinalda iranlı Əbülfəzl Eşağini ilk xal prinsipinə əsasən (1:1) üstələyib. Nəzərov sabah qızıl medal uğrunda qırğızıstanlı Amangəldi Ysakbayevlə mübarizə aparacaq.

Abdurrahman Hüseynli (45 kq) amerikalı Tales Silvayla (6:3) gürcüstanlı Saba Abaşidzeni (9:6) mübarizədən kənarlaşdırıb. Avropa çempionumuz yarımfinalda qırğızıstanlı Nurkerim Kumarbekovla bacarmayıb – 0:7. Abdurrahman sabah bürünc medal uğrunda Mustafa Güvən (Türkiyə) – Timur Məhərrəmov (Ukrayna) görüşünün qalibiylə güləşəcək.

Yusif Əhmədli (71 kq) startda türkiyəli Emirhan Çakıra tam üstünlüklə (8:0) qalib gəlib. Pəhləvanımız gürcüstanlı Giorgi Qoqelaşviliylə (7:2) tacikistanlı Alişer Ruzimadovu (9:5) da mübarizədən kənarlaşdırıb. Yusif finala çıxmağa da yaxın olub. Özbəkistanlı Bəhruzbek Vəliyevlə görüşdə 5 xallıq fərqlə önə keçən Əhmədli ikinci hissədə təşəbbüsü əldən verərək məğlub olub – 5:9. Milli üzvünün bürünc medal uğrunda görüşdə rəqibi Mohammad Kazımi (İran), Matias Onnenlehto (Finlandiya) və ya Radoslav Peryanski (Bolqarıstan) olacaq.

Səid Paşayev (92 kq) 1/8 finalda iranlı Amirsam Mohammadiyə 1:6 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Paşayev sabah təsəlliverici görüşə çıxacaq. Həmyerlimiz moldovalı Vladislav Vasilevskiylə üz-üzə gələcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol