Sosial şəbəkədə biz:
"Tərəfdaşlıq Prioritetləri" razılaşdırıldı: Azərbaycan və Aİ yeni saziş danışıqlarını bərpa edib
Xəbər Şəkli

"Tərəfdaşlıq Prioritetləri" razılaşdırıldı: Azərbaycan və Aİ yeni saziş danışıqlarını bərpa edib

04 June 2026, 08:07
Gündəm

Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında tərəfdaşlığın 30 illiyində tərəflər Bakıda yeni hərtərəfli saziş layihəsi üzrə danışıqları yenidən canlandırıblar. İyunun 2-3-də keçirilən görüşlərin yekunu olaraq, gələcək əməkdaşlığın əsasını qoyan "Tərəfdaşlıq Prioritetləri (2026–2030)" sənədinin mətni ilkin olaraq tamamlanıb.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin iyunun 3-də verdiyi məlumata görə, bununla da tərəflər arasında yeni ikitərəfli saziş üzrə rəsmi müzakirələr bərpa olunub. Qurumdan bildirilib ki, əsas diqqət siyasi dialoqun, regional əlaqələrin və iqtisadi əməkdaşlığın gücləndirilməsinə yönəlib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də yeni saziş layihəsi üzrə müzakirələrin məhsuldar keçdiyini və bir çox sahədə irəliləyiş əldə olunduğunu vurğulayıb.

Danışıqlara Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Aİ tərəfdən isə Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi Audrone Perkauskiene rəhbərlik edib. Görüşdə XİN-lə yanaşı, Prezident Administrasiyası və müxtəlif nazirliklərin nümayəndələri də təmsil olunublar.