“Qırmızı attestat” aldılar, amma 200 balı keçə bilmədilər – Səbəb açıqlandı
“Hər tədris ilində Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalında statistikalar dərc olunur. Məsələn, elə rayonlar var ki, “əlaçı attestatı” alan şagirdlərin 40 faizi 0-200 arası bal toplayır. Bu o deməkdir ki, məktəblərdə kütləvi şəkildə qiymət şişirdilməsi hallarına yol verilir”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında sabiq deputat, professor Etibar Əliyev deyib. O bildirib ki, 513 nəfər əlaçı abituriyentin qəbul imtahanlarından kəsilməsi olduqca ciddi rəqəmdir:
“Hətta bunun hüquqi tərəfini də araşdırmaq olar. Çünki elə şagirdlər var ki, məktəbə gəlib, dərslərdə mütəmadi iştirak edirlər, qiymətləri də yaxşı olur, lakin onlar “qırmızı attestat” ala bilmirlər. Bəlkə də məktəbi əlaçı olaraq bitirib, universitetə qəbul mərhələsində kəsilənlərin bir qismi ümumiyyətlə dərslərdə iştirak etməyib. pizza
Hamıya məlumdur ki, orta məktəb şagirdlərinin dərslərə davamiyyəti bərbad vəziyyətdədir. Mart ayında baş tutan buraxılış imtahanlarından sonra isə dərslər demək olar ki, bitir. Məktəb direktorları və digər rəhbər şəxslər bundan sui-istifadə edərək qiymət şişirdilməsi edirlər. 513 nəfər əlaçı abituriyentin qəbul imtahanlarından kəsilməsi olduqca ciddi rəqəmdir. Bu qədər yüksək qiymət alan şagirdin keçid balını yığa bilməməsi o deməkdir ki, məktəblərdə qiymət şişirdilməsi geniş vüsət alıb”.
E.Əliyev əlavə edib ki, orta məktəblərdə riyaziyyat fənninin tədrisində və mənimsənilməsində ciddi problemlər var:
“Digər tərəfdən, DİM-in açıqlamasında daha bir maraqlı fakt ortaya çıxmışdı. Məlum olub ki, şagirdlərin 50 faizə qədəri riyaziyyat fənnindən 0-100 bal yığır. Əsas fəndən 50 faiz uşaq “2” alırsa, bunun özü funksional savadsızlıqdır.
Mən deputat olduğum dövrdə, zaman-zaman bu məsələni qaldırmışdım. Ötən ilin rəqəmlərinə əsasən, IX sinif üzrə riyaziyyat fənnini mənimsəməyən şagirdlərin nisbəti 40,70%, XI sinif üzrə riyaziyyat fənnini mənimsəməyən şagirdlərin nisbəti isə 46,93%-dir. Bu dəhşətli statistikadır. Görünən odur ki, riyazi təfəkkürü məhdud olan nəsil yetişir.
Bütün bunlar göstərdi ki, məktəb islahatları nəticə vermir. Təhsildən anlayışı olmayan insanların məktəblərə rəhbər gətirilməsinin əks effektini görürük. Dünyanın qabaqcıl ölkələri riyaziyyat elminin tədrisinə çox böyük önəm verir. Bu gün informatika, fizika, kimya və digər fənlər riyaziyyat biliyi olmadan ötüşmür. Bu baxımdan, ölkəmizdə özünü göstərən rəqəmlər heç də ürəkaçan deyil”.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin dərc etdiyi statistik göstəricilərə əsasən, ötən il əlaçı kimi məzun olan 513 şagird qəbul imtahanlarında 0-200 bal aralığı nəticə qazanıb. Onlardan 32 nəfəri isə ümumiyyətlə 0-100 bal aralığında nəticə əldə edib.