Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ölümü ilə nəticələnən terror aktından sonra müxtəlif versiyalar səslənməkdədir. Bir sıra ekspertlər olayda Qərb dairələrinin əlinin olduğuna idda etməyə başlayıb.
Politoloq Hikmət Hacızadə Moderator.az-a açıqlamasında terror aktını Qərb dairələri tərəfindən təşkil olunmasına inanamadığını deyib:
“Bu hadisədə Qərbin imzası olduğuna inanmıram. Qərbin bu tip bir dəst-xətti də yoxdur ki, şübhəyə əsas versin. Mən hadisələri müşahidə etməkdəyəm, dünəndən bu günə kimi baş verənlər onu göstərir ki, qətildən sonra Türkiyə-Rusiya münasibətləri daha da istiləşməyə başlayıb. Hər iki ölkənin dövlət rəsmiləri bir-birinə zidd olan heç bir bəyanat səsləndirməyib, ruslar özləri də bəyan edib ki, baş vermiş hadisə Türkiyə-Rusiya münasibətlərinə xələl gətirməyəcək.”