Sosial şəbəkədə biz:

Azərbaycanın bank sektorunun xalis mənfəəti 32 % artıb

24 June 2023, 16:54
Gündəm

Azərbaycanın bank sektoru bu ilin yanvar-may aylarında 437,1 milyon manat xalis mənfəət əldə edib.

Bu barədə iyunun 23-də Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,9 % çoxdur.

Hesabat dövrü ərzində bankların əməliyyat gəlirləri 1 milyard 866,3 milyon manat (1 il əvvələ nisbətən 27,9 % çox), əməliyyat xərcləri 1 milyard 195,6 milyon manat (27,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 127,8 milyon manat (8,4 % çox), gözlənilməz gəlirləri 0,3 milyon manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 106,1 milyon manat (45,15 % çox) təşkil edib.

Eyni zamanda bank sektorunun aktivlərinin 11 % artdığı bildirilir. 

Belə ki, bu il iyunun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 45 921,8 milyon manat təşkil edib. Bu, ötən il iyunun 1-i ilə müqayisədə 11 % çoxdur.

Bankların aktivlərinin 19 428,6 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 15,1 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,8 %-dən 42,3 %-ə qalxıb.

Həmçinin bildirilir ki, son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,7 dəfə azalaraq 107,7 milyon manat olub.

Sektorun balans kapitalı isə 14,9 % artaraq 5 837,2 milyon manat təşkil edib.