Sosial şəbəkədə biz:
İqtisadi və məhkəmə islahatlarından başlamalıyıq - DEPUTAT
Xəbər Şəkli

İqtisadi və məhkəmə islahatlarından başlamalıyıq - DEPUTAT

25 June 2026, 15:29
Gündəm

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib.

Açıqlamanı təqdim edirik:

“AŞPA 2013-cü ilin oktyabrında Xocalı soyqırımını törətməsi ilə qürrələnən Ermənistan prezidenti Sarkisyanı ayaqüstə alqışladığı gündən mənim üçün mənəvi baxımdan iflas etmiş təşkilatdır.

Həmin iclasda Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova Sarkisyandan əsir götürülmüş və itkin düşmüş 4035 azərbaycanlının taleyinə aydınlıq gətirməsini istəmişdi. Sarkisyanı ifşa edən, faktlara əsaslanan çıxış etmişdi. Amma həmin çıxışı nəzərə alan oldumu?

AŞPA qonşu dövlətin torpaqlarının 20 faizini işğal etmiş, bir milyon insanı ev-eşiyindən didərgin salmış, soyqırımı və etnik təmizləmə həyata keçirmiş bir ölkənin prezidentini ayaqüstə alqışlayırdı. Ermənistan işğalçı dövlət kimi tanınmadı, sanksiyalar tətbiq olunmadı, AŞPA-dan qovulmadı, ona hər çür siyasi və maliyyə dəstəyi göstərildi. İndi AŞPA iki qonşu xalq arasında düşmənçilik yaratmış, əli günahsız dinc insanların qanına batmış, insanlıq əleyhinə ağır cinayətlər törətmiş erməni əsilli cəlladların azad olunmasını tələb edir. Əsl niyyətlərini gizlətmək üçün siyasi motivlərlə tutulduğu iddia olunan bəzi azərbaycanlıları da onlara qoşurlar.

Mən özüm dəfələrlə həbs olunmalarında siyasi motivlərin olduğu iddia olunan soydaşlarımızın, xüsusilə qızların əfv olunması təşəbbüsü ilə çıxış etmişəm. İnanıram ki, onlar azad olunsalar əksəriyyəti həyatlarını başqa cür qurar və daha realist olarlar. Amma AŞPA-da bu məsələni qaldıranlar bunu xoş niyyətlə etmir, erməni qatilləri azad etdirmək istəyirlər və məqsədləri başqadır.

Şvabe özü də açıqlamasında qeyd edir ki, qanunun aliliyi, insan hüquq və azadlıqları ilə bağlı problemlər bütün ölkələrdə var. Birində az, digərində bir az çox. Kiçik ölkələrdə siyasi islahatlar o zaman uğurlu olur ki, bunun üçün həm daxili faktorlar, həm də əlverişli geosiyasi vəziyyət olsun. Siyasi islahatlara cəmiyyət hazır olmalıdır. Region dövlətlərinin bundan necə yararlanacağı və istafədə edəcəyi hər kəsi düşündürməlidir.

Siyasi islahatlar sabitlik və təhlükəsizlik üçün təhdid yaratmamalıdır.

Biz qərəzli və islamafob dairələrin nə deməsinə, hansı qətnamələri qəbul etməsinə əhəmiyyət vermədən ölkəmizin inkişafı üçün ilk növbədə iqtisadi və məhkəmə islahatlarından başlamalı, 3+3 formatında regional əməkdaşlığı genişləndirməliyik”.