Sosial şəbəkədə biz:
Bəylər Eyyubovun qardaşı oğlu ev dustaqlığına buraxılıb
Xəbər Şəkli

Bəylər Eyyubovun qardaşı oğlu ev dustaqlığına buraxılıb

05 June 2026, 15:40
Gündəm

5 milyon manatdan artıq dəyərdə siqaret qaçaqmalçılığı işi üzrə həbs edilən “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov ev dustaqlığına buraxılıb.

İyunun 4-də Binəqədi Rayon Məhkəməsi onun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

Ruslan Eyyubov ötən ilin dekabrında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı istintaq çərçivəsində saxlanılmışdı.

Baş Prokurorluq bildirirdi ki, Hövsan limanının rəhbərliyi, gömrük əməkdaşları və digər şəxslərdən ibarət qrup Birləşmiş Ərəb Əmirlikləri və İrandan ümumilikdə 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə şübhəli bilinir.

İstintaqın versiyasına görə, tütün məhsulları gəmilər vasitəsilə “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı”ndan və Qaradağ rayonunun Ələt qəsəbəsi yaxınlığında qanunsuz inşa olunduğu bildirilən körpü üzərindən ölkəyə keçirilib.

Cinayət işi üzrə Ruslan Eyyubovla yanaşı limanın baş direktoru Rəşad Daşdəmirov, Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğlu, Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük Postunun rəisi Fərid Usubov, bir sıra gömrük əməkdaşları, gəmi heyəti üzvləri və digər şəxslər də məsuliyyətə cəlb olunublar.

Onlara qarşı qaçaqmalçılıq, aksiz markası olmayan məhsulların satış məqsədilə saxlanılması və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlar irəli sürülüb.

Ruslan Eyyubov Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.

Ruslan Eyyubovun qardaşı Həsən Eyyubov da uzun illər Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb. O, cinayət işi üzrə həbslərdən qısa müddət əvvəl vəzifəsindən azad edilib.

Ruslan Eyyubov həmçinin kimya sənayesi sahəsində fəaliyyət göstərən “NB Qrup” şirkətinin rəhbəri kimi tanınır.

Təqsirləndirilən şəxslər barəsində irəli sürülən ittihamlarla bağlı yekun məhkəmə hökmü hələ çıxarılmayıb.