Azərbaycanda 2026-cı ilin yanvar-avqust aylarında orta illik inflyasiya 5,7 faiz təşkil edib. Bu dövrdə ərzaq, içki və tütün məhsulları 6,9 faiz, qeyri-ərzaq məhsulları 3,7 faiz, xidmətlər isə 5,6 faiz bahalaşıb. Avqust ayında ərzaq qrupunda illik qiymət artımı 7,2 faizə çatıb.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bakupost-a bildirib ki, 2027-ci il üçün 5,3 faizlik inflyasiya proqnozu bir sıra iqtisadi şərtlərdən asılıdır.
Onun sözlərinə görə, dünya əmtəə və ərzaq qiymətlərinin nisbətən aşağı səviyyədə qalması, manatın məzənnəsinin sabitliyi və tənzimlənən tariflərdə dəyişikliklərin məhdud olması proqnozun reallaşmasına təsir edən əsas amillərdir.
“5,3 faizlik göstərici mümkündür, amma kifayət qədər şərtli proqnozdur. Azərbaycan idxaldan yüksək asılı olduğu üçün dünya bazarında ərzaq, enerji, xammal və logistika xərclərinin yenidən yüksəlməsi daxili qiymətlərə keçə bilər”, - deyə ekspert qeyd edib.
Akif Nəsirli hesab edir ki, burada əsas risklərdən biri ərzaq inflyasiyasıdır. O bildirib ki, orta inflyasiya 5,7 faiz olsa da, insanların gündəlik xərclərində ərzağın payı yüksək olduğundan qiymət artımı əhali tərəfindən daha ağır formada hiss edilə bilər.
Ekspertin fikrincə, gələn il inflyasiyanın 5,3 faizə yaxınlaşması üçün yalnız dünya bazarında qiymətlərin sabitləşməsi kifayət deyil. Daxili bazarda rəqabətin gücləndirilməsi, xüsusilə ərzaq təchizat zəncirində vasitəçi xərclərinin azaldılması, yerli istehsalın artırılması və tarif dəyişikliklərinin inflyasiyaya təsirinin məhdudlaşdırılması da vacibdir.
“İnflyasiya gözləniləndən yüksək olarsa, əsas problem nominal gəlirlərlə real gəlirlər arasındakı fərqin böyüməsidir. Məsələn, gəlir 7 faiz artır, inflyasiya isə 9 faiz olarsa, insanın nominal gəliri artsa da, həmin pulla əvvəlki qədər məhsul almaq mümkün olmayacaq”, - deyə A.Nəsirli vurğulayıb.
O əlavə edib ki, sosial ödənişlərin, pensiyaların və əməkhaqlarının artırılması zamanı yalnız rəsmi inflyasiyaya deyil, xüsusilə ərzaq və gündəlik tələbat mallarının qiymət dinamikasına da diqqət yetirilməlidir.
Ekspertin sözlərinə görə, dünya bazarında ərzaq və əmtəə qiymətləri sabitləşsə, manatın məzənnəsi dəyişməsə və tənzimlənən tariflərin inflyasiyaya əlavə təzyiqi məhdud qalsa, 5,3 faizlik göstəriciyə yaxınlaşmaq mümkündür. Əks halda inflyasiyanın proqnozdan yüksək olması riski artır.