Sosial şəbəkədə biz:
Bərabərsiz əmək bazarında qadınlar üçün bərabər pensiya yaşı
Xəbər Şəkli

Bərabərsiz əmək bazarında qadınlar üçün bərabər pensiya yaşı

15 July 2026, 16:39
Gündəm

Bir neçə il əvvəl Dövlət Statistika Komitəsinin ev təsərrüfatları üzrə apardığı “Azərbaycanda əhalinin vaxt büdcəsindən istifadəsi” tədqiqatı göstərmişdi ki, qadınlar ödənişsiz məişət işlərinə kişilərlə müqayisədə təxminən üç dəfə çox vaxt sərf edirlər.

20 min qadın və kişinin iştirakı ilə keçirilən sorğunun nəticələrinə görə, qadınlar həftənin bütün günləri üzrə orta hesabla sutkada 6 saat 6 dəqiqə, kişilər isə cəmi 2 saat 8 dəqiqə haqqı ödənilməyən məişət işləri ilə məşğul olurlar.

Əvəzində gəlir gətirən əmək fəaliyyətinə və təhsilə sərf olunan vaxt qadınlarda gündəlik orta hesabla 1 saat 44 dəqiqə, kişilərdə isə 4 saat 40 dəqiqə təşkil edir. Yəni kişilərin qadınlara nisbətən peşəkarlıqlarının artırmaq imkanları daha genişdir.

Qadınların gün ərzində orta hesabla 2 saat 33 dəqiqə, kişilərin isə 3 saat 15 dəqiqə asudə vaxtları olur.

Qadınlar kişilərdən  2 dəfə az əmək haqqı alırlar

Ödənişli əməyə gəlincə, statistika göstərir ki, qadınların qazancları kişilərlə müqayisədə təxminən xeyli azdır. Belə ki, ölkədə qadın işi bazarda daha çox ucuz əmək kimi istifadə edilir.

Ölkədə işçi qüvvəsi yaşında 4,2 milyona yaxın qadın var. Onların 3,5 milyonu əmək qabiliyyətli yaşda, 627,5 mini isə pensiya yaşındadır.

2024-cü il üzrə “Azərbaycan qadınları və kişiləri” hesabatına görə bu qadınların 1 milyon 528 min nəfəri işləmir. Beynəlxalq əmək metodologiyasına görə, bu insanlar könüllü işləmək istəməyən iqtisadi qeyri-fəal əhali hesab olunur. Azərbaycanda bu kateqoriyaya düşən qadınların 43 faizi və ya 658 minə yaxını “evdar qadın” kimi göstərilir. Əlbəttə, bu statusda olanların arasında kölgə iqtisadiyyatında işləyən xeyli sayda zərif cinsin nümayəndələri də var. İşləməyən qadınların 25,7 faizi, yəni 393 min nəfəri yaşa görə pensiya alır, yerdə qalan 18,5 faizi isə tələbədir. Məhz tələbələr arasında da qeyri-rəsmi əmək bazarına cəlb edilənlərin az olmadığı bəllidir.

Statistika Komitəsi leqal əmək bazarında olan qadınların sayını 2,4 milyon nəfər göstərir. Rəsmi statistikaya görə, onların orta aylıq əməkhaqqı 796 manat, kişilərin orta aylıq əməkhaqqı isə 1156 manat təşkil edib. Göründüyü kimi, cinslər arasında gəlirlərdə kəskin bərabərsizlik rəsmi rəqəmlərdə də “etiraf” olunur.

Eyni zamanda rəsmi qeydiyyatda olan işsizlər arasında da qadınların xüsusi çəkisi yüksəkdir. Məşğulluq orqanlarında qeydiyyata alınmış işsizlərin 56 faizini, yəni 157 min nəfərini qadınlar təşkil edir.

Statistik rəqəmlər göstərir ki, qadınların əmək bazarında iştirakçılığı daha çətin şərtlər altında formalaşır. Onlar fiziki olaraq həm ödənişli, həm də ödənişsiz işlərə daha çox əmək sərf etməli olurlar. Məhz gündəlik qayğıların qeyri-bərabər bölüşdürülməsi zərif cinsin nümayəndələrinin öz üzərində inkişaf imkanlarını azaldır və onları əmək bazarında daha ədalətsiz gəlir bölgüsü ilə üz-üzə qoyur.

Gender bərabərliyi tək pensiya yaşının eyniləşdirilməsi ilə deyil, əmək də bərabər qiymətləndirilməlidir

Bütün bunlar qadınların sosial rifahına ciddi təsir göstərən amillərdir. Digər tərəfdən isə dövlət pensiya yaşını artırmaqla onların üzərinə əlavə yük qoymuş olur. Halbuki bunun müqabilində hər hansı əlavə tənzimləmə və ya kompensasiya mexanizminin olub-olmayacağı qeyd edilmir.

“Əmək pensiyaları haqqında” Qanuna görə, 1 iyul 2026-cı il tarixindən etibarən qadınların pensiya yaşı 65 yaşa çatdırılıb. Bununla da ölkədə qadınlarla kişilərin pensiya yaşı tam bərabərləşib. 2017-ci ildən qanuna edilən dəyişiklik əsasında başlanan və hər il yaş həddinin 6 ay artırılmasını nəzərdə tutan mərhələli proses bu il yekunlaşır.

Qadınların pensiya yaşının kişilərlə eyniləşdirilməsi ictimaiyyətdə birmənalı qarşılanmır. Bununla bağlı Milli Məclisdə və mediada zaman-zaman aparılan müzakirələrdə qadınlar üçün hansı güzəştlərin tətbiq ediləcəyi barədə konkret yanaşma ortaya qoyulmayıb.

Qanuna görə, 65 yaşına çatmış qadının yaşa görə əmək pensiyası alması üçün iki əsas şərtdən biri yerinə yetirilməlidir. Birincisi, işlədiyi müddətdə tələb olunan pensiya kapitalını toplamalıdır. Bu halda sığorta stajına baxılmır.

İkincisi, əgər toplanan kapital minimum pensiyanı təmin etmirsə, şəxsin azı 25 il sığorta stajı olmalıdır.

Əgər toplanan kapital və sığorta stajı bu tələblərə cavab vermirsə, həmin şəxsə yalnız yaşa görə sosial müavinət təyin edilir.

Məhz bu baxımdan qadınların pensiya yaşının 65-ə qaldırılması onların üzərinə düşən ailə və məişət yükü, eləcə də uşağa qulluq öhdəlikləri fonunda ağır olması ilə dəyərləndirilir.

Bir müddət əvvəl Milli Məclisin deputatı Musa Quliyev qadınlar və kişilərin eyni yaşda pensiyaya çıxmaları məsələsinə münasibət bildirərək demişdi ki, bu yanaşma gender bərabərliyi prinsipinə əsaslanır.

Deputat bildirib ki, müəyyən kateqoriyadan olan qadınlara güzəştlər tətbiq edilə bilər: “Ola bilər ki, gələcəkdə 3 və 4 uşağı olan ailələrə də bu hüquq tanınsın. Bu, sosial siyasət kontekstində nəzərdən keçirilə bilər”.

Hazırda 5 və daha çox uşağı olan, həmçinin əlilliyi olan uşağı 18 yaşına qədər böyütmüş analar, eləcə də ağır və təhlükəli şəraitdə çalışan şəxslər bu güzəştlərə daxildir.

Lakin gender sahəsi üzrə mütəxəssislər hesab edirlər ki, qadınlar həyatlarının müxtəlif dövrlərində ana olduqları üçün müəyyən müddət əmək fəaliyyətini dayandırmalı olurlar. Bu dövrdə onların pensiya kapitalına yığımları da azalır. Digər tərəfdən isə kişilərin rəsmi əməkhaqqı qadınlarla müqayisədə daha yüksək olduğundan onların sosial sığorta ödənişləri də çox olur.

Hər iki halda qadınların pensiya kapitalı kişilərlə müqayisədə daha az formalaşır və nəticədə gələcəkdə onlar daha aşağı əmək pensiyası alırlar.

Buna görə də mütəxəssislər təklif edirlər ki, qadınlar pensiya yaşına çatdıqda böyütdükləri uşaqların sayına görə pensiya kapitalına xüsusi əmsal tətbiq edilsin. Eyni zamanda, uşaq böyütmək üçün əmək fəaliyyətindən kənarda qaldıqları müddətin sığorta stajına daxil edilməsini daha ədalətli yanaşma hesab edirlər.

Bu, qadınların pensiyaya çıxdıqda kişilərlə bərabər pensiya təminatı əldə etməsinə imkan verə bilər. Yəni qanunda gender bərabərliyi tək pensiya yaşının eyniləşdirilməsi ilə deyil, eyni zamanda əməyin də bərbər dəyərləndirilməsinə imkan verməlidir.

Əgər heç bir güzəşt nəzərdə tutulmasa….?

Sosial işçi Sənubər Heydərova Meydan TV-yə deyir ki, qadın və kişilərin eyni yaşda pensiyaya çıxması təcrübəsi digər ölkələrdə də var:

“Azərbaycana bunun tətbiqində birbaşa yaş məsələsində qınağımız yoxdur. Əsas məsələ güzəştlər, müavinətlərlə bağlı təcrübələrdə fərqlərin mövcudluğudur. Düşünürəm ki, ana olan şəxslərin hüquqları, onların işə çıxması ilə bağlı məcburiyyətləri, dekret dövrləri nəzərə alınmalıdır. Onlara əlavə olaraq sosial sığortada imtiyazlar verilməlidir”.

S.Heydərovanın sözlərinə görə, bu istiqamətdə beynəlxalq təcrübədə müxtəlif güzəştlər tətbiq edilir:

“Avropa ölkələrində uşağa qulluq dövrü qadınların iş stajına daxil edilir və sosial sığorta haqqı hesablanır. Azərbaycanda isə bu dövr iş stajında heç bir əlavə sosial sığorta hesablamır. Yəni qadın uşağa qulluğa görə işləmədiyi üçün vergi, sosial sığorta ödəyə bilmir. Avropada bunu nəzərə alıb, güzəşt olaraq daxil ediblər. Azərbaycanda isə qanunvericilikdə belə bir məsələ daxil edilməyib”.

Xarici ölkələrlə müqayisə aparan sosiloq deyir ki, Türkiyədə müəyyən kapital yığıldıqdan sonra qadının işinə nə qədər fasilə verməsinin əhəmiyyəti qalmır, promosyon olur. Fransada isə pensiya krediti var. Hər doğulan uşaq üçün əlavə staj hesablanır. Pensiya balı deyilən bir göstərici artırılır.

“Avropada hər iki valideyn uşaq doğulduqda məzuniyyət götürə bilər. Bu zaman hər iki valideyn yükü bərabər daşıya bilir. Bunun pensiyaya aidiyyəti olmasa da, iş həyatında olan güzəştdir. Ata da valideynlik imtiyazlarından istifadə edərək vergi də daxil olmaqla, müəyyən güzəştlər əldə edə bilir, illik məzuniyyət günləri uzanır. Avstraliyada belə bir qayda var ki, dövlətin özü valideyn olan şəxslərin pensiya kapitalını artırır”.

Sənubər Heydərova deyir ki, belə təcrübələr kifayət qədər çoxdur. Azərbaycanda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu yaşı gətirib bərabərləşdirib, lakin bunun hansı şərtləri, güzəştləri və müavinətləri ilə bağlı heç bir fikir bildirməyib.

Ekspertin fikrincə, əgər qanunvericilikdə dəstəkləyəcək proqramlar olmasa, o zaman pensiya yaşına çatmış insanlar arasında gender bərabərliyi ciddi şəkildə pozulacaq:

“Çünki qadınlar ana olduqları dövrdə onların pensiya kapitalı yığılmırsa, gələcəkdə yüksək pensiya almaq imkanlarını itirirlər. Bu proses 2017-ci ildə başlanılıb. Hamıya məlum idi ki, 2026-cı ildə yekunlaşacaq və yaş həddi bərabərləşəcək. O zaman 9 ildə bunu hazırlamağa kim onlara mane olurdu? Bu tənzimləmələrin və mexanizmlərin hazırlanmaması, yaxud prosedurların gecikdirilməsi birbaşa dövlətin məsuliyyətidir. Dövlət bu qərarı 9 il əvvəl verib, amma prosesin tamamlanması dövründə tənzimləmələrin necə olacağının mexanizmlərini müəyyənləşdirməyib”.

S.Heydərova deyir ki, əgər heç bir güzəşt nəzərdə tutulmasa, bu, demoqrafik vəziyyətə pis təsir edəcək.

“Azərbaycanda doğuş sayı aşağı düşür, nikaha girənlərin sayı azalıb, boşananların sayı artıb. Ölkədə əhali qocalma dövrünə artıq qədəmlərini qoyub. Bu da dövlət üçün yükdür. Qadınlara qarşı güzəştlər olmasa, o zaman karyeraya meyl artacaq, ailə planlamasında uşaqların sayı azalacaq. Habelə onlar işini dayandırmadan ana olmağa çalışacaq, bu da uşaqların ümumi rifahına pis təsir edəcək. Çoxlu belə yan təsirləri var ki, bunları birbaşa ölçmək mümkün deyil, sadəcə müşahidə edə bilirik”, – deyə S.Heydərova vurğulayıb.