Ayda 36 200 manat yığan avtobus niyə ziyanla işləyir?
- Rəsmi məlumat: ““BakuBus” ötən 2025-ci ildə büdcədən 100 milyon manat dotasiya alıb - Bakıda sərnişindaşıma sahəsində yaranmış zərərin qarşılanması üçün 50,7 milyon manat, 4 şəhərdə (Xankəndi, Cəbrayıl, Ağdam və Laçın) elektrik doldurma stansiyaları ilə təchiz edilmiş qarajların və 3 şəhərdə (Şuşa, Cəbrayıl və Laçın) avtostansiyaların tikintisi, habelə şəhərdaxili və şəhərlərarası daşımaların icra edilməsi məqsədilə müvafiq olaraq, elektrik və yüksək ekoloji standartlara cavab verən dizel yanacaqlı avtobusların alınması üçün 49,3 milyon manat ayrılıb”.
Qaraj tikintisi, avtobusların alınması – bunları anladım, 49 mln. 300 min manat bu işlərə xərclənib, yəni, maddi texniki bazanın yaradılmasına ayrıca pul alırlar.
Sərnişindaşımaya görə 50 mln. 700 min manat dotasiya ödənilib. Rəsmi rəqəmlərə görə “BakuBus” hər gün 557 min sərnişin daşıyır. Məsafədən asılı olaraq qiymətlər 0.60, 0.70, 0.80 manat və maksimum 1.30 manatdır, bir tək hava Limanına 1 manat 50 qəpik öəniş edilir. Ortalama 65 qəpikdən götürsək, günə 362 min, aya 10 mln. 861 min, ilə 130 mln. manat dövriyyəsi olur. Yəni, “BakuBus” öz dövriyyəsinin 40%-ə yaxınını büdcədən, yəni, bizim ödədiyimiz vergidən dotasiya alır.
"BakuBus" MMC gün ərzində paytaxtın marşrut şəbəkəsinə orta hesabla 280-320 avtobus çıxardır. Ortalama 300 avtobus götürək, hər avtobus günə 1200 manat vəsait toplayır, deməli aya 36200 manat vəsait yığılır. Yaxşı, ayda 36200 manat yığan avtobus niyə ziyanla işləyir ki, hələ bir dotasiya da alırlar?! Nədir xərcləri, nə qədər xərcləyirlər, hara xərcləyirlər – bununla bağlı “BakuBus”-un hesabatı varmı? Sürücünün maaşı, yanacaq (ya elektrik), təmir və s. – bu xərclər ayda nə qədərdir ki, 36200 manat vəsait yığan bir avtobus öz xərclərini ödəyə bilmir?!
Natiq Cəfərli, Real Partiyasının sədri