Sosial şəbəkədə biz:

Avropa Komissiyası Rusiyaya 19-cu sanksiya paketini razılaşdırıb

Avropa Komissiyası Rusiyaya 19-cu sanksiya paketini razılaşdırıb

Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiya paketini təqdim edib.

Qurumun rəsmi təmsilçisi Paula Pinyo deyib ki, yeni məhdudiyyətlər kriptovalyuta, bank sektoru və energetikanı əhatə edəcək.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin dediyinə görə, yeni sanksiya siyahısına "kölgə donanması"ndan 118 gəmi də salınıb. Bununla da Aİ-nin sanksiyalarına məruz qalan Rusiya gəmilərinin sayı 560-ı keçib.

Yeni sanksiya paketinin əsas maddələrindən biri Rusiyadan Avropaya mayeləşdirilmiş təbii qazın (LNG) idxalına qadağa qoyulmasıdır. Rusiyanın "Rosneft" və "Qazpromneft" enerji şirkətləri də sanksiyalara məruz qalacaq. Qadağalar neft emalı müəssisələrini, üçüncü ölkələrdə, o cümlədən Çində yerləşən əlaqəli strukturları da əhatələyəcək.

Sanksiyalar təsirini göstərir

Avropa Komissiyası Rusiyanın bir sıra banklarına, həmçinin sanksiyalardan yayınmağa çalışan üçüncü ölkələrin maliyyə qurumlarına da tranzaksiya qadağası açıqlayır.

Fon der Lyayen məhdudiyyətlərin Rusiya iqtisadiyyatına ciddi zərbə vurduğunu deyib: "Əsas faiz dərəcəsi 17 faizdir, inflyasiya yüksəkdir, ölkənin maliyyə resurslarına və gəlirlərə çıxışı davamlı azalır".

Aİ artıq Rusiya mənşəli xam neftin dəniz yolu ilə idxalını yasaqlayıb. Rusiya neftinin barelinə 47.6 dollar qiymət həddi qoyulub. 2025-ci ilin yayınadək bu hədd 60 dollar idi. Daha öncəki plana əsasən, Aİ 2028-ci il yanvarın 1-dək Rusiya neft və qazından imtinaya hazırlaşırdı.

Estoniya hökuməti sentyabrın 18-də bildirib ki, 2026-cı il yanvarın 1-dən Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxal və alışına qadağa qoyacaq. Estoniyanın xarici işlər naziri Marqus Tsahkna deyib ki, Rusiya imperialist ambisiyalarından əl çəkməyib, Ukraynaya genişmiqyaslı hücumu davam etdirir və qlobal təhlükəsizliyi sarsıdır: "Rusiyanın təcavüzə görə ödəyəcəyi bədəlini qaldıracağıq, onun hərbi maşınını qidalandıran gəlirləri azaltmağın yollarını axtaracağıq".


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol