“Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) ali təhsili olmadığı halda Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tələbələri ilə görüşdüyü üçün tənqid edilməsinə münasibət bildirib.
Bu barədə Pravda.az-a açıqlama verən İsfəndiyar Axundov deyib ki, tələblərlə görüş çox yaxşı keçib, hər iki tərəf razı qalıb.
O, tələbələrin suallarını cavablandırıb, onlara istiqamət verib: “Çox mədəni, savadlı, bilikli gənclərdir. Onlara qayğı göstərən, nəzakətli müəllimlər var. Şəhərin keçmişi və bugünkü vəziyyəti barədə müzakirələr apardıq. Yağış suları nəticəsində şəhərin müəyyən ərazilərinin iflic vəziyyətinə gəlmə səbəblərindən, həmçinin inşaat sahəsində gedən proseslərdən, gənclərin gələcəyindən danışdıq. Azərbaycanda işə götürülmə qaydaları haqda məlumatlar, eyni zamanda gənclərin öz gələcəklərini qurmaları barədə tövsiyələr verdik. Bütün bunlar barədə tələbələr suallar ünvanladılar, mən də hər birinə cavab verdim. Aramızda geniş diskussiya getdi. Təhsilim olmasa da, mənim yetmiş altı yaşım var. Tələbələr universitetdə cəmi dörd il oxuyub təhsil alırlar. Mən isə həyat dərsi keçmişəm, həyatımın əhəmiyyətli hissəsini istehsalat olmuşam. Əlbəttə, ali savad olsa, daha gözəl olar. Tələbələrə göstərdim ki, bağçalar, orta məktəblər, otellər, restoranlar tikirəm. Həm Türkiyədə, həm də Azərbaycanda xidmətimiz var. Dayanmadan çalışırıq, yaşayırıq ki, dövlət, xalq, millət, cəmiyyət üçün nəsə edə bilək”.