Son günlər media və sosial şəbəkələrdə Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərdiyi, həmçinin "UĞUR-777" estetik mərkəzində qanunsuz tibbi xidmət göstərildiyi iddiaları ilə bağlı məlumatlar və videogörüntülər geniş müzakirələrə səbəb olub. Yayılan görüntülərdə G. Abdullayevanın bir pasiyent üzərində narkoz tətbiq etmədən əməliyyat apardığı və həmin prosesi videoya çəkərək sosial şəbəkələrdə paylaşdığı əks olunub.
Sosial şəbəkələrdə özünü "Dr. Gülü" kimi təqdim edən Abdullayeva hazırda "Billur Estetik Mərkəzi" adı altında fəaliyyət göstərən mərkəzdə müxtəlif estetik prosedurlar həyata keçirir.
Mərkəzin mətbuat katibi Kənan Seyidov isə bildirib ki, əməliyyatı Gülbadə Abdullayeva deyil, başqa həkim həyata keçirib:
"Bu əməliyyat bir il əvvəl baş tutub. Gülbadə xanım həmin əməliyyatda sadəcə həkimin köməkçisi olub. "UĞUR-777" estetik mərkəzində narkozdan istifadə edilməyib, əməliyyat yerli keyitmə üsulu ilə aparılıb. Bu videoları hazırda barəsində cinayət işi açılan Xəyalə İsmayılova yayır. Gürcüstanda olan İlqar adlı şəxsin canlı yayımında da özü etiraf edib ki, Xəyalə İsmayılova onlara hədiyyələr göndərərək həmin videoları paylaşıb və Gülbadə Abdullayevanın adını hallandırmaq, onu nüfuzdan salmaq məqsədi güdüb. Çəkilişləri də əməliyyat otağında öz şəxsi telefonu ilə Xəyalə İsmayılova aparıb. Hazırda özü məhkəmə qarşısında olduğundan diqqəti özündən yayındırmaq üçün digər şəxsləri hədəfə alır. Üstəlik, söhbət bir videodan getmir. Sosial şəbəkələrdə yayılan videolar müxtəlif illərə aiddir. Onlardan biri 2025-ci ildə, digərləri isə 2024, 2023 və 2022-ci illərdə çəkilib".
Qeyd edək ki, araşdırma zamanı Abdullayeva Gülbadə Əlqismət qızının adının Səhiyyə Nazirliyinin Tibb işçilərinin vahid reyestrində yer almadığı da müəyyən edilib. Bu isə onun rəsmi qaydada tibbi fəaliyyət göstərmək səlahiyyətinin olmadığını göstərir.
G.Abdullayeva saytımıza açıqlamasında estetik cərrahiyyə ilə məşğul olmadığını bildirib. Onun sözlərinə görə, fəaliyyət göstərdiyi müəssisədə yalnız masaj xidmətləri təqdim olunur. Abdullayeva həmçinin qeyd edib ki, Ukraynada ali təhsil alsa da, diplomunu Azərbaycanda hələ də tanıda bilməyib.
Baş Prokurorluq bildirib ki, qeyd olunan faktlarla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılıb və cinayət işi başlanıb. İbtidai istintaq zamanı toplanmış kifayət qədər sübutlar əsasında Xəyalə İsmayılovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2, 139-1.2, 142.2, 309.2, 310 və 322.1-ci, Müşfiq Bağırovun 131.2, 139-1.2, 32.5, 309.2, 310 və 322.1-ci, Rəna Quliyevanın isə 142.2, 32.5, 309.2, 310 və 322.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmaları təmin edilib.
Cinayət işi üzrə ittiham aktı 22 aprel 2026-cı il tarixində ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror tərəfindən təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda iş üzrə məhkəmə baxışı davam edir.
Sözügedən cinayət işi üzrə Gülbadə Abdullayevaya münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə aparılan cinayət təqibinə "Konstitusiya və Suverenlik İli" münasibətilə elan edilmiş amnistiya aktının tətbiqi ilə xitam verilib.
Həmçinin aparılmış istintaq zamanı onun əməllərində Cinayət Məcəlləsinin 142.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri müəyyən edilməyib. Bununla yanaşı, G.Abdullayevanın zərərçəkmiş şəxsə vurduğu 2 min manat maddi ziyanın, eləcə də dövlət büdcəsinə ödənilməli olan 500 manat məbləğin tam şəkildə ödənilməsi təmin olunub.
Eyni zamanda G.Abdullayeva barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 və 428.1-ci maddələri ilə inzibati xəta haqqında icraat başlanılıb, materiallar baxılması üçün aidiyyəti dövlət orqanına göndərilib və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib.
Baş Prokurorluq bir daha vurğulayıb ki, vətəndaşların həyat və sağlamlığına təhlükə yaradan qanunsuz tibbi fəaliyyət halları ilə bağlı daxil olan bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırılır, hər bir fakta toplanmış sübutlar əsasında hüquqi qiymət verilir.
Musavat.com