Sosial şəbəkədə biz:
Nazirlik Mətbuat muzeyi üçün yer təklif edir, “Şərq” qəzeti razı deyil
Xəbər Şəkli

Nazirlik Mətbuat muzeyi üçün yer təklif edir, “Şərq” qəzeti razı deyil

07 February 2026, 11:17
Cəmiyyət

“Eksponatların bir qismini toplamışıq. Ancaq xeyli sayıda eksponat əlimizdə qalıb. Onların arasında portretlər, şəkillər, sənədlər var. Onlara yer tapa bilmirik”.

Bu sözləri “Yeni Sabah”a "Şərq" qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı deyib.

Onun sözlərinə görə, "Azərbaycan Nəşriyyatı"nın təmirə bağlanması ucbatından yaratdığı, eksponatların sayı 250-dən çox olan Mətbuat muzeyinin fəaliyyəti dayanıb:

“2017-ci ilin martından fəaliyyət göstərən muzeyə səfirlər, xarici ölkələrin nümayəndələri gəlib. Hazırda Beynəlxalq Mətbuat Mərkəzində 2 otaq kirayələmişik. Bu isə işçilərin fəaliyyəti üçün belə yaramır.

"Azərbaycan Nəşriyyatı" təmirə dayanan ərəfədə müraciətim əsasında mədəniyyət nazirinin müavini Səadət Yusifova muzeylə tanış oldu. Nazirlik eksponatların Muzey Mərkəzinə verilməsini təklif edib. Amma bizim eksponatları Muzey Mərkəzinə vermək fikrimiz yoxdur. Elə qəzetlər var ki, 130 illik tarixi var. Həmin qəzet anbarda nəm çəkə bilər. "Azərbaycan Nəşriyyatı"nın rəhbəri söz verib ki, muzey üçün yer veriləcək. Ancaq nə zaman və harada, bu bəlli deyil”.