Sosial şəbəkədə biz:
MİLLİ İRSDƏN MÜASİRLİYƏ: “ŞƏHƏRSALMA VƏ MEMARLIQ İLİ” MƏKTƏBLİLƏRİN GÖZÜ İLƏ
Xəbər Şəkli

MİLLİ İRSDƏN MÜASİRLİYƏ: “ŞƏHƏRSALMA VƏ MEMARLIQ İLİ” MƏKTƏBLİLƏRİN GÖZÜ İLƏ

06 May 2026, 20:52
Cəmiyyət

Azərbaycan qədim dövrlərdən etibarən Şərq və Qərb memarlıq ənənələrinin qovuşduğu, özünəməxsus şəhərsalma mədəniyyətinin formalaşdığı nadir məkanlardan biridir. Ölkəmizin müxtəlif guşələrində ucalan qala divarları, qədim məscidlər və tarixi yaşayış kompleksləri xalqımızın yüksək estetik zövqünün və mühəndislik təfəkkürünün parlaq nümunələridir.

Bu zəngin irsin qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu sahəyə göstərilən dövlət diqqətinin bariz ifadəsidir.

Bu mühüm qərarla əlaqədar olaraq Bakı şəhəri, Qaradağ rayonu, S.Məhərrəmov adına 106 nömrəli tam orta məktəbdə ibtidai sinif şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir təşkil olunub. Təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Əhmədovanın təşəbbüsü ilə keçirilən tədbir şagirdlərin yaradıcılıq potensialını üzə çıxarmaq baxımından xüsusi əhəmiyyət kəsb edib.

Tədbirin açılışında çıxış edən məktəbin direktoru Nigar Osmanlı mövzunun aktuallığını vurğulayaraq qeyd edib ki, memarlıq yalnız tikinti prosesi deyil, həm də xalqın tarixini, mədəniyyətini və dünyagörüşünü yaşadan mühüm sənət sahəsidir:

“Məktəb olaraq əsas məqsədimiz şagirdlərə müasir biliklər verməklə yanaşı, onlarda milli irsimizə sevgi və bağlılıq formalaşdırmaqdır. Bu gün təqdim olunan maket və layihələr göstərir ki, şagirdlərimiz Azərbaycanın gələcək qurucuları kimi formalaşmaq yolunda inamla irəliləyirlər. Bu cür tədbirlər onların estetik zövqünün inkişafında mühüm rol oynayır.”

Tədbir çərçivəsində nümayiş etdirilən videoçarxlar və şagird çıxışları onların urbanizasiya və ətraf mühitin planlaşdırılması ilə bağlı ilkin biliklərə yiyələndiklərini aydın şəkildə nümayiş etdirib.

Sevinc Əhmədova isə çıxışında bu tip tədbirlərin, şagirdlərin dünyagörüşünün genişlənməsinə, məsuliyyət hissinin formalaşmasına və ətraf mühitə həssas münasibətin inkişafına xidmət etdiyini bildirib. Onun sözlərinə görə, erkən yaşlardan memarlıq və şəhərsalma mədəniyyəti ilə tanış olan uşaqlar gələcəkdə daha şüurlu və məsuliyyətli vətəndaşlar kimi yetişirlər.

Tədbir zamanı aparılan müzakirələr və təqdim olunan yaradıcılıq nümunələri məktəb kollektivinin böyük marağına səbəb olub. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən bu layihə şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinə və onların gələcək inkişafına mühüm töhfə verir.

 Əli Rza Xələfli

“Kredo” qəzetinin baş redaktoru