“Kimin marağı var ki, xəstəliyi olan şəxsi hərbi xidmətə göndərsin?”
Ehtiyatda olan polkovnik Şair Ramaldanov sağlamlıq imkanları məhdud olan gənclərin hərbi xidmətə çağırılması ilə bağlı yayılan iddialara münasibət bildirib.
Ş.Ramaldanov Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanda hərbi xidmətdə belə hallar çox az olur və bu, bütün ordularda baş verir: “Hər halda bütün söz-söhbətlər, bəlkə də, məlumatsızlıqdan yaranır. Məlumatı əldə etmək, yaxud təhlil etmək üçün zaman lazımdır. Hərbi xidmətdə vəfat edən Coşqun Sadıqova Allah rəhmət eləsin. Belə hallarda istintaq təyin olunur, nəticəsini gözləmək lazımdır. Azərbaycanda istənilən əsgərlə bağlı məsələyə çox ciddi yanaşılır. Sovet ordusunda da xidmət edən biri kimi Azərbaycandakı ciddi yanaşmanı, əsgərlərin qanunsuz hərəkətlərinə qarşı mübarizəni yüksək səviyyədə qiymətləndirirəm. Çünki heç bir hal diqqətsiz keçmir. Şəxs yararsızdırsa, onu əsgərliyə çağırmağa ehtiyac yoxdur, yaxud heç kim bunda maraqlı deyil. Əvvəl bu məsələlər çağırış məntəqələrində hərbi həkim komissiyası tərəfindən həll olunurdu. Bəzən burda da müəyyən maraqlar olması ilə bağlı söz-söhbətlər var idi. Bunlar eldə gəzən sözlərdir. Heç biri təsdiqini tapmayıb. Burada son qərarı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verir. Nazirlikdə olan hərbi həkim komissiyası məsələlərə çox ciddi yanaşır. Mən həkim deyiləm, bilmirəm ki, hansı proses necə gedir. Lakin bilirəm ki, əvvəllər də hərbi komissarlıqlarda, çağırış məntəqələrində əsgərlər həkim komissiyasından keçiblər, hər hansı şübhəli məqam varsa, daha təkmilləşmiş həkimlərə yönəldiliblər, sonda həmin rəy nəzərə alınıb. Hər bir xəstəlik barədə dərəcəsinə görə müvafiq sənəd əsasında qərar qəbul olunur. Məsələn, görmə qabiliyyəti zəif olanlarda mənfi səkkizə kimi əsgərliyə yararlı sayılır. Mənfi səkkizdən aşağı isə yararsızdır. Yəni hər bir xəstəliyin dərəcələri var. Buna əsasən həkim komissiyası qərar qəbul edir. Vərəm ciyərlərə bağlı xəstəlikdir. Xəstə rentgendən keçirilməldir. Rentgenin nəticələrinə görə qərar qəbul edirlər. Rentgen fotosunda heç nə görünmürsə, nəticələr təmiz çıxıbsa, həkim nəyin əsasında qərar qəbul etsin? Yaxud indiyə qədər vərəmlə bağlı müraciət olunubsa, dispanserdə müalicə olunubsa, məlumatlar varsa, əsgər həmin məlumatları da təqdim edəndə məhz bu məsələyə çox ciddi şəkildə yanaşırlar. Açıq danışaq, kimin marağı var ki, xəstə gənci hərbi xidmətə göndərsin? Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, əvvəlki dillə desək, Hərbi Komissarlığın nümayəndələri bunda maraqlı deyillər. Qərarları da onlar qəbul etmirlər. Nə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan tibbi hərbi komissiya bunda maraqlı deyil ki, yararsız gənci hərbi xidmətə göndərsin. Hərbi hissənin rəhbərliyinin də bunda marağı yoxdur ki, xəstə əsgər həmin hərbi hissədə xidmət göstərsin. Bundan əlavə, bilirəm ki, hətta hərbi xidmətə düşən əsgərlərin, xüsusən, yeni gələn gənc əsgərlərin səhiyyə problemində, tibbi məsələdə problemləri yaranırsa, çox ciddi şəkildə onların müraciətləri nəzərə alınır, yoxlanılır. Belə hallara bir neçə misal demək olar. Heç bir komandir də marağında deyil ki, onun əsgəri xəstə olsun, xəstə-xəstə xidmət etsin, Allah eləməsin, ölümü ilə nəticələnsin. Buna görə də Azərbaycan Silahlı Qüvvələrinin növündən asılı olmayaraq, əsgər harda xidmət edirsə, onun tibbi təminatına, sağlamlığına peşəkarca yanaşan, çox ciddi münasibət bildirən tibbi heyət var. Komandirlər bu qərarları tam şəkildə nəzarətdə saxlayırlar. Bəlkə də, dünyasını dəyişən əsgər vərəm xəstəliyinə görə heç yerə müraciət etməyib, yaxud xəstəlik gizli formada gedib. Hərbi xidmət keçmiş, bu gün Azərbaycan Silahlı Qüvvələrində əsgərlərə, xüsusən də, gənc əsgərlərə olan diqqəti, nəzarəti, nəzakəti, qayğını bilən bir adam kimi düşünürəm ki, istisnalar hər yerdə var. Hər kəsin başına nəsə gələ bilər. Sosial şəbəkə mənsublarına bildirmək istəyirəm ki, hansısa istintaqın cavabları yoxdursa, əsgərin ölüm səbəbi bilinmirsə, bununla bağlı məlumatsız olduğu halda hərə öz fikrini deməkdən çəkinsin. Konkret faktlar haqqında danışsınlar. Bunun həmin əsgərin yaxınlarının psixoloji durumuna təsir etdiyini nəzərə alsınlar. Azərbaycan ordusunda hər bir əsgərə yanaşma Azərbaycanın müvafiq qanunları və nizamnamə çərçivəsindədir”.