Hüseyn Abdullayevin anası Avropa Məhkəməsinin qərarından danışdı
Xəbər verdiyimiz kimi, Avropa İnsan Hüquqları Məhkəməsi “Quska” kimi tanınan keçmiş deputat Hüseyn Abdullayevin anasının şikayəti əsasında Azərbaycana qarşı qərar çıxarıb.
Zeynəb Abdullayevanın ölkədən çıxışına qoyulan qadağaya görə, Avropa Məhkəməsi Azərbaycan hökumətini cərimələyib.
Qərara əsasən, Zeynəb Abdullayevaya maddi ziyana görə 3000 avro, məhkəmə xərclərinə görə də 500 avro kompensasiya təyin olunub.
Gununsesi.info-ya açıqlamasında Zeynəb Abdullayeva bildirib ki, bu barədə şikayəti hələ bir neçə il öncə vəkilləri göndərib:
“Açığı, belə bir qərarın veriləcəyini gözləmirdim. Çünki bu məsələni çoxdan unutmuşdum. Mənim düşüncələrim yalnız oğlumun azadlığı ilə bağlıdır və bu qərarın hazırda mənim üçün əhəmiyyəti yoxdur. Mən bütün məsələlərdə köməyi Prezident İlham Əliyevdən və birinci vitse-prezident Mehriban Əliyevadan gözləyirəm. Yəqin ki, onlar mənim mətbuatda səsləndirdiyim fikirlərlə tanış olublar. Oğlumun vəziyyəti çox ağırdır. O, ona təyin edilmiş cəzanı çəkməyə nə fiziki güc, nə də sağlamlıq baxımından qadirdir. Ona görə də fürsətdən istifadə edərək bir daha sizin sayt vasitəsilə cənab Prezidentdən Hüseynin azadlığa buraxılmasını xahiş edirəm”.