Sosial şəbəkədə biz:
“Bizim bölgə araq içməyi sevir, nə deyə bilərik ki...” - Elçin Şıxlı
Xəbər Şəkli

“Bizim bölgə araq içməyi sevir, nə deyə bilərik ki...” - Elçin Şıxlı

11 June 2026, 12:38
Cəmiyyət

Bu ilin ilk rübündə Azərbaycanda əhali alkoqollu içkilərə ayda adambaşına orta hesabla 2,35 manat xərcləyib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında yayılan rəqəmlərə görə, alkoqollu içkilərə ən çox vəsait xərclənən iqtisadi rayon Qazax-Tovuz olub.

Həmin bölgədə sakinlər ayda adambaşına orta hesabla 3,9 manat alkoqollu içkiyə pul sərf ediblər. Ən aşağı göstərici isə Lənkəran-Astara iqtisadi rayonunda qeydə alınıb – burada aylıq xərc cəmi 1,4 manat təşkil edib. Statistikaya əsasən, Bakı və Abşeron-Xızı iqtisadi rayonlarında bu göstərici 2,5 manat, Şəki-Zaqatalada 2,6 manat, Qarabağ və Naxçıvanda 2,4 manat, Quba-Xaçmazda 2 manat, Şirvan-Salyanda isə 1,5 manat olub.

Mövzu ilə bağlı Musavat.com-a danışan jurnalist Elçin Şıxlı Qazax-Tovuz bölgəsində alkoqollu içki istehlakının yüksək olmasını təsdiqləyib: “Bu zonada mağazalarda satılan alkoqollu içkilərdən əlavə evlərdə hazırlanan araqları da istifadə edirlər. Bunu da nəzərə alsaq, deməli, bizim zonanın insanları doğurdan da bu siyahıda birinci yerdədirlər. Qazax-Tovuz bölgəsi içməyi sevir, nə deyə bilərik ki... Cənub zonasında isə spirtli içkini az qəbul edirlər. Amma bir məsələ də var ki, orada narkomaniya daha çoxdur. İranın bu zonaya təsiri aydın hiss olunur. Qəsdən insanlarımızı zəhərləmək istəyirlər”.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli də hesab edir ki, ölkənin qərb və şimal-qərb rayonlarında spirtli içki istehlakı daha yüksəkdir: “Tovuz, Qazax, Gədəbəy, Şəmkir, Balakən, Zaqatala kimi bölgələrdə və Rusiya ilə həmsərhəd olan digər ərazilərdə spirtli içki qəbulu digər rayonlarla müqayisədə daha çoxdur. Cənub zonasında isə əksinə daha az istifadə olunur. Çünki orada dinin təsiri daha çoxdur”. Statistikada yalnız rəsmi satışlar nəzərə alınır. Buna görə də ev şəraitində hazırlanan və qeyri-rəsmi yollarla satılan spirtli içkilərin həcmi rəqəmlərdə tam əks olunmur. Bu baxımdan bəzi bölgələrdə real istehlakın rəsmi göstəricilərdən daha yüksək ola biləcəyi istisna edilmir.