Cümə , Aprel 19 2024
Ana səhifə / Tibb / TV-lərdəki “ara həkimləri”nə inanmayın! – Tövsiyə

TV-lərdəki “ara həkimləri”nə inanmayın! – Tövsiyə

Bir neçə gündür, Türkiyə mediasının gündəmində “Prof.Dr.Əhməd Maranki” deyilən, özünü şəfalı bitkilər, xalq təbabəti üzrə mütəxəssis hesab edən biri var. Ə.Marankinin birdən-birə gündəmə düşməsinin səbəbi iştirak elədiyi bir televiziya proqramında sərf etdiyi sözləri olub.

24.06.2018-ci il tarixində Türkiyədə prezident və millət vəkili erkən seçkilərinin keçiriləcəyini bilirsiniz. Ə.Marankinin verilişdə “….əksi olarsa gedəcək yerimiz yoxdur. Mənim ümidim 25 iyunadır… Olmasa, Belqrad meşəsində torpağa basdırdığımız “şeyləri” küçələrə çıxaracağıq”. 25 iyunda indiki iqtidar qalib gəlməsə, “şey” dediyi silahları küçəyə çıxaracağıq deyir yəni. Onun sözləri dərhal mediada tənqid edildi və prokurorluq tərəfindən “xalqı vətəndaş müharibəsinə sürükləmək” ittihamı ilə istintaq başladıldı. Media əhli isə başlarına döyərək, “bu televizor canavarını biz yaratdıq, vaxtında saxtakar olduğunu niyə bilmədik?” deyə təəssüf edir. Əslində bu adam kimmiş deyə tərcümeyi-halını araşdıranda məlum olur ki, hamının həkim deyə bildiyi Ə.Marankinin həkimliklə əlaqəsi yox imiş. İstanbul Universitetində mühəndislik oxuyubmuş. Professorluğunun da saxta olduğu deyilir.

İştirak elədiyi televizor proqramları reytinq qıran, televiziyalardan dəvətlər yağan, konfrans verdiyi salonlar ağzınacan dolan, kitabları yüz minlərlə satılan, ağzından çıxan hər sözü “hikmət” qəbul edilən Ə.Maranki media sayəsində layiq olmadığı şöhrətə, sərvətə qovuşdu və indi media onu yerdən-yerə vurur.

Ə.Maranki 1993-2005-ci illərdə Azərbaycanda yaşayıb. 1998-ci ildə Azərbaycanda “İlin ən müvəffəqiyyətli xarici elm adamı” adına layiq görülüb. Milli Məclisdə məsləhətçi, Azərbaycanda BMT-nin inkişaf proqramlarının həyata keçirilməsinə cavabdeh şəxs kimi çalışıb, universitetlərdə kafedraların qurulmasında, təhsil proqramlarında iştirak edib.

Bəzi məsləhətlərinə baxaq: 1). diqqətiniz dağılanda qulaq məməsini çimdikləyin, beyinə qan gedəcək; 2). qalxanabənzər vəzini əməliyyat etdirməyin, cəfəri yeyin; 3). yumurtalıq kistasının müalicəsi üçün soğanlı su için; 4). prostat xəstəliklərindən qurtulmaq üçüm gündə 1 ovuc boranı toxumu yeyin; 5). nar EKQ anormallıqlarını önləyir və s.
İnternet Ə.Marankinin belə “tövsiyələri” ilə doludur. Verdiyi məsləhətlərin bir hissəsi tibbdə var, tibbi kitablardan əldə edib, öz adına çıxır. Bir hissəsi isə tamamilə cəfəngiyyatdır. Necə olur ki, belə bir şarlatan həkim olmadığı halda yüz minlərlə insanı aldada bilir? Bu fırıldaqçının Azərbaycanda bir çox işlərdə necə rol aldığı da ayrı bir sualdır.

Özünü “bitkilərin əfəndisi”, “sağlam həyat tərzinin markası” kimi insanlara sırıyanlar arasında ən məşhurlardan Canan Karatay və İbrahim Saraçoğlunun da adı var. Onlarda “professor-doktor”lardır. İ.Saraçoğlunun da tibblə əlaqəsi yoxdur. Yüz minlərlə insana ordan-burdan yığdığı otu-kökü, bitkini paketləyib dərman adıyla çarəsiz xəstəliklərə çarə olacaq deyə satan bir kimya professorudur. Canan Karatay isə kardioloqdur, tibb təhsili alıb. Elmi faktlara söykənməyən ifadələri ilə tez-tez gündəm yaradan C.Karatay Türkiyədə tibb cəmiyyətləri tərəfindən dəfələrlə tənqid olunub, bir neçə dəfə Səhiyyə Nazirliyi tərəfindən “həkimlikdən uzaqlaşdırılma” cəzası alıb. Yazdığı 2-3 məqalə ilə professor ünvanını necə alıb, o da maraqlıdır. Qəbuluna düşmək istəyənlər müayinə haqqını və aylar sonraya verdiyi tarixi eşidəndə heyrət içində qalır.

Onların məsləhətlərinə bizim KİV-lərdə rast gəlirəm, “dərmanlarını” apteklərdə görürəm. Oxuculara məsləhətim: Onlara inanmayın! Elmə inanın!

Vüsal Vəliyev, kardioloq
[email protected]

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …