Çərşənbə , Noyabr 13 2019
Ana səhifə / Tibb / Tibbi sığorta düyünü: AÇILIR? – ŞƏRH

Tibbi sığorta düyünü: AÇILIR? – ŞƏRH

Prezident İlham Əliyev “Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon (bir milyon üç yüz min) manat ayrılıb.

Qeyd edək ki, Azərbaycanda “Tibbi sığorta haqqında” qanun 1999-cu ildə qəbul olunub. Qanuna görə, tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi formasıdır. Sığorta hadisəsi baş verdikdə əhalinin tibbi və dərman yardımı almasına təminat verir. Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsidir.

Azərbaycanda tibbi sığortanın tətbiqini sürətləndirmək üçün prezident İlham Əliyev Nazirlər Kabineti yanında Tibbi Sığorta Agentliyinin yaradılması haqqında sərəncam da imzalayıb. 2009-cu ildən dövlət büdcəsindən tibbi sığorta islahatlarına vəsait ayrılır. 2012-ci ilin dövlət büdcəsi layihəsində icbari tibbi sığortanın tətbiqinə 30,1 milyon manat vəsait ayrılmışdı.

Məlumat üçün bildirək ki, hazırda icbari tibbi sığortanın tətbiq olunduğu pilot ərazilər -Mingəçevir şəhər, Yevlax və Ağdaş rayonu seçilib.

Hər il bu sahənin inkişafına vəsaitlər ayrılsa da, qanunun icrası gecikir.

Maraqlıdır, dövlət büdcəsindən icbari tibbi sığortanın tətbiqi ilə bağlı nəzərdə tutulan vəsaitlər istifadə olunurmu?

İqtisadçı-ekspert Əli Əhmədov “Cümhuriyət” qəzetinə bildirib ki, bu sahənin tətbiqi üçün vəsaitin ayrılması vacibdir: “Böyük ehtimalla dövlət büdcəsindən icbari tibbi sığortanın tətbiqi ilə bağlı ayrılan vəsaitlər təyinatı üzrə istifadə olunur. Ümumiyyətlə, ölkədə icbari tibbi sığorta olmalıdır. İnkişaf etmiş ölkələr bir kənara, keçmiş MDB dövlətləri ilə müqayisədə Azərbaycan icbari tibbi sığorta məsələsində 5-6 il geri qalır. Ölkəmizdə bu işlər paralel aparılmır. İcbari tibbi sığorta ilk olaraq Yevlax və Mingəçevirdə, daha sonra Ağdaşda tətbiq olundu. İcbari tibbi sığortanın pilot layihə kimi tətbiqində məqsəd, xərclərin nə qədər çıxdığını müəyyənləşdirmək və buna uyğun da sığorta haqqı hesablanması idi. Burada söhbət tək sığorta haqqı yığıb pulsuz səhiyyə xidməti göstərməkdən getmir.

Azərbaycanın səhiyyəsi idarəetmə sistemi baxımından hələ tibbi sığortanın tətbiqinə hazır deyil. Tədqiqat baxımından müəyyən irəliləyiş var, rayonlarda müasir xəstəxanalar tikilir və avadanlıqlar alınır. Amma problem ondadır ki, orada mütəxəssislər azdır. Ümumiyyətlə, bəzi rayonlarda yaxşı və hazırlıqlı mütəxəssis yoxdur ki, əhaliyə diaqnoz qoysun. Rayon xəstəxanalarının keyfiyyəti o qədər aşağıdır ki, onlar icbari tibbi sığortanın əhatə etdiyi xidmətləri göstərməkdə çətinlik çəkə bilər. Ona görə də burada idarəetmə sistemi yenidən qurulmalıdır. Dövlət xəstəxanalarında davamlı keyfiyyət monitorinqləri aparılmalıdır”.

İqtisadçı onu da vurğulayıb ki, qaydalara görə tibbi sığortası olan şəxsin ehtiyacı yarandığı təqdirdə, ölkədə istədiyi xəstəxanaya gedə biləcək: “Qeyd edək ki, Səhiyyə Nazirliyinin dəstəyi ilə “Ailə həkimi” layihəsi də icbari tibbi sığortanın tərkib hissəsidir. Sahə həkimlərindən fərqli olaraq ailə həkimləri bütün xəstəliklərə nəzarət edir və ailə üzvündə xəstəlik müşahidə olunarsa, xəstəxanaya göndərilməsinə göstəriş verir. Ciddi xəstəliyi olmayan insanların kütləvi şəkildə xəstəxanaya üz tutması normal hal deyil. Ailə həkimləri bir növ gərəksiz müayinə və müalicələrin qarşısını alacaq. Kimin ehtiyacı varsa, xəstəxanaya o şəxslər getməlidir. Təbii ki, müxtəlif dəyişikliklərin olması üçün vəsait ayrılmalı və işlər görülməlidir”.

Əli Əhmədovun sözlərinə görə, ötən ilin nəticələrinə əsasən, əhali sayına düşən icbari tibbi sığortanın illik məbləği 120 manat olub: “Aya 10 manat icbari tibbi sığorta xərcini yaxşı hesab etmək olar. Xarici ölkələrdə icbari tibbi sığortanın illik məbləği 300-400 dollardır. Doğrudur, orada əməkhaqqı da yüksəkdir. Adətən, insanlar xəstəliyin yüngül vaxtında yox, çarəsiz qalanda həkimə gedirlər. Artıq icbari tibbi sığorta var deyə, insanlar hər xırda şey üçün həkimə getməyə başlayacaqlar. Müsbət tərəfi odur ki, xəstəlikləri tez aşkar etmək mümkün olacaq, mənfi cəhəti isə xəstəxanalar yüklənəcək. Bu məsələlərin tənzimlənməsi üçün monitorinqlər aparılır. Amma yenə də xəstəxanaların idarə edilməsi və xidmətlərin keyfiyyəti çox vacibdir”.

Ekspert icbari tibbi sığortanın ilk növbədə dövlət xəstəxanalarına şamil olacağını da deyib: “İndiyə qədər səhiyyə formal olaraq pulsuz idi. Artıq xəstəxanalar rəsmi olaraq pullu olacaq və müştərilər onlardan keyfiyyətli xidmət tələb edəcəklər. İcbari tibbi sığorta əvvəlcə dövlət xəstəxanalarında tətbiq olunacaq. Daha sonra baza paketində icbari tibbi sığortaya aid olan xidmətlər müəyyən olacaq. Burada daha vacib məsələlər əhatə olunacaqdır. İcbari tibbi sığorta daha sonra publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək xəstəxanalar da tətbiq olacaq. Məlumata görə, özəl klinikalarda icbari tibbi sığortanın tətbiq olunmayacaq”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, ixtisasca həkim Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə şərhində, icbari tibbi sığortanın ciddi məsələ olduğunu deyib: “Bütün vətəndaşlar minimum özlərini sığortalamalıdır və istənilən halda lazım olunan effektli tibbi yardım almaq imkanları olmalıdır. Amma ciddi problemlər var. Birinci, vətəndaşların icbari qaydada tibbi sığorta olunma imkanları çox məhduddur. Çünki əhalinin böyük əksəriyyəti işsizdir. Bu da icbari sığorta sistemində böyük bir yük yaradır. İşsizlərin, aşağı səviyyədə yaşayan kasıbların necə sığorta olunması istiqamətində qeyri-müəyyənliklər var. Görünür, ayrılan pullar bu istiqamətdə hazırlıq işlərinin davam etdirilməsi üçündür”.

Ekspert onu da qeyd edib ki, inkişaf etmiş xarici ölkələrdə tibbi sığorta tətbiq olunur: “Bu, çox effektli sistemdir, vətəndaşlar sağlamlıqları ilə bağlı yüksək keyfiyyətli tibbi yardım alırlar. İndiki halda Azərbaycanda həm tibbi yardım aşağı səviyyədədir, həm də xərclər çoxdur. Amma sığorta sisteminin tətbiqinə keçildikdə sığorta idarələri özləri maraqlı olacaq ki, müalicə effektli və birdəfəlik olsun. Çünki hər dəfə xəstələrin müalicəsinə sərf olunan vəsaiti sığorta şirkətləri ödəməli olur. Ona görə də onlar ən yüksək tibbi yardımı təşkil etməkdə maraqlı olacaqlar. Gözlənilən odur ki, bu sahədə olan boşluğu icbari tibbi sığorta aradan qaldıracaq”.

Həmçinin oxuyun

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı düşündürücü məqamlar ortaya çıxır

“Gələn il sosial-iqtisadi mövzular içərisində ən qızğın müzakirə edilən məsələlərdən biri də icbari tibbi sığortanın …