“Hürriyyət”in redaksiyasına səhiyyə sistemindəki problemlərlə bağlı
şikayət məktub daxil olub. Məlum səbəblərdən adının gizli qalmasını
istəyən peşəkar, təcrübəli həkimin bizə ünvanladığı həmin məktubu olduğu
kimi oxucularımıza çatdırırıq:
“Mən
peşəkar həkiməm, terapevtəm. 1976-cı ildən Təcili Tibbi Yardım
xidmətində çalışıram.Təcili yardımda işləmək həm ağır, həm də
məsuliyyətlidir. Fiziki xəsarət, yaxud ölümlə nəticələnən bədbəxt (eləcə
də kriminal) hadisə yerinə ilk gələn polislə yanaşı, məhz təcili yardım
maşını olur. Əslində təcili yardım əməkdaşları hər an təhlükə ilə
üz-üzədirlər, getdikləri məkanda istənilən sürprizlə qarşılaşa bilərlər.
Bütün
bunları nəzərə alaraq, Təcili Tibbi Yardım xidməti əməkdaşlarının
maaşları digər sahələrdə çalışan tibb işçilərinə nisbətən həmişə daha
yüksək olub. Odur ki, maaş sarıdan şikayətimiz yoxdur.
Qarşılaşdığımız
ən böyük problem dövlət tərəfindən Təcili Tibbi Yardım xidmətinə
ayrılan dava-dərmanın həkimlərə gəlib çatmamasıdır. Ən yaxşı halda
ayrılan 10 adda dərmandan yalnız biri təcili yardım həkimlərinə gəlib
çatır, özü də bir qutu yox, cəmi bir ampul. Bir ampul dərmansa bir
xəstənin belə dərdinə əlac deyil. Bu səbəbdən məcbur qalıb öz maddi
vəsaitimizlə lazım olan dərmanları alırıq ki, bizdən imdad gözləyən
insanlara təcili yardım göstərə bilək.
Onu
da qeyd edim ki, Təcili Tibbi Yardım xidmətində dərman problemi
Azərbaycanda Birinci Avropa Oyunları keçiriləndən sonra yarandı, bu
günədək də davam edir.
Bundan
əlavə, işin düzgün planlaşdırılmaması nəticəsində təcili yardım
maşınları çağırışlara vaxtında yetişə bilmir, bu da çox vaxt insan
ölümünə səbəb olur.
Bir
faktı nəzərinizə çatdırım. 3 ildir ki, Masazır ərazisində yerləşən
yaşayış binalarından birində qaz sıması baş verir. Bunun səbəbi isə
müəmmalı olaraq qalır. Əslində o binanın sakinləri çoxdan ordan
köçürülməliydi, amma nədəbsə hələ də həmin qəzalı binada yaşamaq
məcburiyyətindədirlər. Halbuki, istənilən vaxt binada partlayış baş verə
bilər. 3 ildir həmin ərazidə fövqəladə vəziyyət elan olunub və təcili
yardım həkimləri daim orda növbə çəkir. Növbədə olan həkimlərdən birinin
ora getməyi isə həm digər həkimin iş yükünü artırır, həm də təcili
yardımın işinə neqativ təsir göstərir. Çünki bir həkim eyni vaxtda iki
ünvanda ola bilmir, bu isə ağır vəziyyətdə olan xəstələrin həyatını
təhlükəyə atır. Sonucda qınanan, suçlandırılan da məhz biz, həkimlər
oluruq.
Əslində
Fövqəladə Hallar Nazirliyi öz öhdəsinə düşən vəzifəni Təcili Tibbi
Yardım Xidmətinin üzərinə yıxmamalıdır. Nazirliyinin tibb biriqadası var
və məhz həmin briqada fövqəladə hallarla bağlı olaylara cavabdehdir.
Amma təəssüf ki, Masazırda növbə çəkmək də, dənizdə hər hansı təbii
fəlakət, yaxud bədbəxt hadisə nəticəsində baş verən hadisə yerinə
yetişmək də də təcili yardım briqadalarının öhdəsindədir.
Problemlərdən
biri də Təcili Tibbi Yardım xidmətinin yarımstansiyalarında (Bakı
şəhərində təxminən 39 yarımstansiya var) dispetçerlər ştatının ləğv
edilməsidir.
Aydınlıq
gətirmək üçün deyim ki, Bakı şəhərində yerləşən hər bir rayonun öz
yarımstansiyası var. Hər bir yarımstansiyanın da öz telefon nömrəsi
vardı. Təcili yardım çağırmaq istəyən şəhər sakinləri birbaş onların
ərazisində fəaliyyət göstərən yarımstansiyaya zəng vururdu və həmin
ərazini yaxşı tanıyan dispetçer dərhal zəngə cavab verib təcili yardım
briqadasını ünvan başına yönləndirirdi və təcili yardım maşını
yubanmadan xəstəyə yetişirdi.
Amma
son 4 ildir Təcili Tibbi Yardım xidməti mərkəzləşdirilmiş qaydada
fəaliyyət göstərir. Artıq heç bir yarımstansiyada dispetçer yoxdur
(bununla həkimləri nüfuzdan salmaq, insan həyatını təhlükəyə atmaq
bahasına büdcəyə qənaət edirlər), yalnız bir mərkəzi stansiyada hardasa
10 dispetçer zənglərə cavab verir, məhz onlar çağırışları qəbul edib
yarımstansiyalara, həkimlərə çatdırır (yarımstansiyalarda zənglərə
birbaşa həkimlər cavab verir, təbii ki, həmin vaxt çağırışda olmasalar).
Hər an Bakı şəhərinin hər yerindən ora (103 nömrəsinə) zənglər daxil
olur deyə dispetçerlər vaxtında çağırışlara cavab verə bilmirlər.
Nəticədə zərər çəkən çox, vaxtını, hətta həyatını itirən isə bütün
ümidini təcili yardım briqadasının köməyinə bağlayan xəstələr olur. Bu
yubanmalara görə qınanan, hətta bəzi hallarda söyülüb-döyülən isə biz
həkimlər oluruq. Dəfələrlə çağırışa gedib çatanda əsəbdən özünə yer
tamayan insanlarla qarşılaşmışam, gözünün önündə ağrıdan qovrulan əzizi
bizim yolumuzu gözləyən, bizi görəndə isə bütün hirsini, hikkəsini
üstümüzə tökən bu insanları qınamağa nə haqqımız var?! Axı bəzən təcili
yardım briqadası 1,5 saat, 2 saat çağırışa yubanır.
İnanın
ki, təcili yardım briqadaları çox gərgin şəraitdə işləyir. Bəzən
səhərdən axşamadək bir stəkan çay belə içməyə vaxtımız olmur. İlin bütün
fəsillərində, qızmar günəş altında, soyuqda, şaxtada, yağışda, qarda
gecə-gündüz yol üstəyik. Yarımstansiyada 10-ca dəqiqə oturub dincimizi
almağa vaxt tapmırıq. Bir çağırışdan digərinə tələsirik. Həkim qıtlığı
təkcə xəstələrə deyil, elə bizim özümüzə də çox böyük ziyan vurur,
sağlamlığımızı itiririk.
Amma
şikayət etmirik. Vətəndaşların sağlamlığının keşiyində dayanmaq, onlara
təcili ilkin yardım göstərmək bizim vəzifə borcumuzdur. Bu peşəni
özümüz seçmişik və sevə-sevə icra edirik. Amma bütün səylərinə rəğmən,
xəstə həyatını itirəndə, yaxud vəziyyəti daha da ağırlaşanda, üstəlik
buna görə heç bir günahın olmadığı halda qınanıb suçlananda özünü çox
pis hiss edirsən. Sanki bütün dünyanın ağırlığı çiyinlərinə çökür.
Elə
buna görə də “Hürriyyət”in redaksiyasına məktub yazmaq qərarına gəldim.
Bu məktubu təkcə öz adımdan deyil, bütün həmkarlarımın adından yazıram.
Ümid edirəm, qəzetiniz vasitəsilə səsimiz aidiyyati qurumlara çatacaq
və sadalanan problemlər ən tez zamanda öz həllini tapacaq”.
P.S.
İnanırıq ki, aidiyyati qurumlar, ilk növbədə Səhiyyə Nazirliyi bu
vicdanlı, peşəsinə hörmətlə yanaşan təcrübəli həkimin harayını eşidəcək,
səsinə səs verəcək.
Biz də öz növbəmizdə aidiyyati qurumlarla əlaqə saxlayıb, sözügedən məsələyə münasibətlərini öyrənməyə çalışacağıq.
Həmçinin oxuyun
Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”
Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …