Cümə , Fevral 3 2023
Ana səhifə / Tibb / Sıfırdan aptek açmaq üçün nə qədər pul lazımdır və nə etmək lazımdır?

Sıfırdan aptek açmaq üçün nə qədər pul lazımdır və nə etmək lazımdır?

Bütün dünyada, o cümlədən də Azərbaycanda “aptek biznesi” ən əlverişli işlərdən hesab olunur. Təəssüflə qeyd etməliyik ki, “COVID-19” pandemiyasının yayılmağa başladığı son 2 ildə apteklər insanların ən çox üz tutduğu məkanlardan birinə çevrilib. Etiraf etməliyik ki, son zamanlar içərisində müştərinin olmadığı apteklərə nadir hallarda rast gəlməyə başlamışıq.
Belə bir vəziyyət insanların “aptek biznesi”nə olan marağını da artırıb. Lakin unutmamaq lazımdır ki, aptek işi kifayət qədər mürəkkəbdir və qanunla ciddi şəkildə tənzimlənir. Məlumdur ki, dərmanları marketlərdəki ərzaq məhsulları kimi satmaq olmaz. Əgər sıfırdan aptek açmaq qərarına gəlsəniz, bütün nüansları diqqətlə öyrənməniz lazımdır.
Aptek açmaq üçün atılacaq addımlar və lazım olacaq məbləğə qısaca nəzər salaq:
İlk növbədə qeyd edək ki, əczaçılıq sahəsində fəaliyyət “Dərman vasitələri haqqında” Qanunla tənzimlənir. Dərman istehsalı və satışı isə xüsusi lisenziya tələb olunan sahələrdən hesab olunur.
Bu baxımdan sıfırdan aptek açmaq istəyən şəxs ilk növbədə “dərman vasitələrinin pərakəndə satışı” üçün lisenziya almalıdır. Lisenziya üçün Səhiyyə Nazirliyinə müraciət etmək lazımdır və lisenziyanın qiyməti 1000 manat təşkil edir.
Lisenziya üçün müraciət edən şəxs üçün də bir neçə tələb var: Həmin şəxsin mütləq tibbi təhsili olmalı və fərdi sahibkar kimi qeydiyyata düşməlidir, yəni VÖEN almalıdır. VÖEN üçün dövlət rüsumu nəzərdə tutulmayıb. Yalnız “ASAN İmza” alarkən 18 manat birdəfəlik, 2,5 manat isə aylıq ödəniş tələb olunur. Bu xərc 3 ildən sonra təkrar ödənilir.
İkinci mühim məqam aptek üçün yerin seçilməsidir. Apteklə bağlı tələblər var. Aptek açmaq istədiyiniz məkan qeyri-yaşayış sahəsi olmalıdır. Yəni mənzil sahələrində aptek açmaq olmaz. Aptekin fəaliyyət göstərəcəyi yerdə dərmanların saxlanılması üçün bütün lazımi şərait yaradılmalıdır. Orada sanitar qovşaq olmalı, kondisioner quraşdırılmalı, telefon xətti çəkilməli, preparatların yığılması üçün lazımi mebel (rəflər) quraşdırılmalıdır. Bunlardan başqa dərmanların saxlanılması üçün müxtəlif temeratur rejimində fəaliyyət göstərən soyuducu, ya da soyuducular lazımdır. Bildiyimiz kimi hər bir dərmanın özünə məxsus saxlanma temperaturu olur. Soyuduculardan başqa yanğınsöndürmə balonu və digər təhlükəsizlik tədbirləri də görülməlidir.

Obyekti hazırlamaq, yoxsa hazır obyekti icarəyə götürmək
Aptekin ümumi ərazisi 75 kvadrat metrdən az olmamalıdır. Əgər tibbi preparatların hazırlanmasını da həyata keçirəcəksinizsə bunun üçün minimum 35 kvadrat metr olan ayrıca otağın olması lazımdır. Əgər sizin özünüzə məxsus qeyri-yaşayış sahəniz varsa, qeyd olunan şərtləri təmin etmək üçün müəyyən xərcləriniz olacaq. Yəni, kondisoner, soyuducu, kompyuter, mebel, kassa aparatı, yanğınsöndürmə balonu və s. üçün vəsait xərcləməli olacaqsız. Mövcud qiymətlərlə hesablandığı zaman qeyd olunan xərclər üçün orta hesabla 10 000 manat vəsait lazım olacaq. Onu da qeyd edək ki, aptek kimi bütün tələblərə cavab verən obyektlər də icarəyə verilir. Yerləşdiyi ərazidən və sahəsindən asılı olaraq icarə qiymətləri də müxtəlif olur. Nümunə üçün qeyd edək ki, paytaxt Bakının Yasamal rayonu ərazisində (“İnşaatçılar” metrosu yaxınlığı) minimal tələblərə (sahəsinə görə) cavab verən aptekin icarə qiyməti aylıq 2 500 manatdan başlayır.
Bunlardan başqa digər məhsulların satışından fərqli olaraq, aptekdə satıcı olmaq istəyən şəxsin tibbi təhsili olmalıdır. Minimal sahəyə sahib olan bir aptek üçün ən azı bir nəfər satıcı lazım olacaq və mövcud əmək bazarında aptek satıcılarının orta aylıq əmək haqqı 500 manat təşkil edir. Apteklər adətən 24 saat xidmət göstərdiyi üçün yaxşı olar ki, axşam və gecə növbələri də olsun və bu da əlavə 2 satıcı deməkdir. Amma ilkin olaraq işə bir satıcı ilə də başlamaq mümkündür. 

Şəxsi əlaqələriniz varsa dərmanlar üçün əvvəlcədən pul ödəməyə bilərsinz
Qeyd olunanları təmin etdikdən sonra işin əsas mərhələsinə keçmək lazımdır. Satışa çıxaracağın dərmanları və digər tibbi ləvazimatları almaq. Bildiyimiz kimi, Azərbaycanda dərman qiymətləri Tarif Şurası tərəfindən müəyyən olunur. Bu baxımdan qiymətlərlə bağlı hər hansı bazar araşdırması aparmağa ehtiyac yoxdur. Dərmanlar böyük əksəriyyəti xarici ölkələrdən idxal olunur və onların satışı da idxalçı şirkətlər tərəfindən təşkil olunur. Adətən bu şirkətlər müəyyən depozit qarşılığında aptekləri dərmanla təmin edirlər. Dərman vasitələrini daşımaq üçün iri həcmli yük avtomobilinə də ehtiyac yoxdur. Bunun üçün şəxsi minik avtomobilindən istifadə edə bilərsinin. Yalnız, bəzi dərmanlar temperatura qarşı həssas olduqları üçün onların daşınması üçün xüsusi qablaşdırmalara ehtiyac ola bilər. Ümumiyyətlə, minimal sahəyə malik bir apteki dərmanla təmin etmək üçün dəqiq bir rəqəm yazmaq mümkün deyil. Qeyd etdiyimiz kimi, bu sizin şəxsi əlaqələrinizdən daha çox asılıdır. Əgər sizin bu sahədə heç bir əlaqəniz yoxdur və dərman vasitələrini topdansatış məntəqlərindən nağd pul ilə almaq istəyirsinizsə, o zaman bir apteki zəruri olan minimal sayda və çeşiddə dərmanla təmin etmək üçün sizə 10 000 manat lazım olacaq. 
Rəqəmlərdən də göründüyü kimi, əgər sizin 15 000 manatdan az pulunuz varsa “aptek biznesi”nə başlamağınız mümkünsüz görünür. 
Bütün bu xərclərin üzərinə kommunal xərcləri də əlavə etmək lazımdır. 74 kv metr sahəsi olan bir obyektin kommunal xərcləri (işıq, su, qaz və s.) ay ərzindən 100 manatdan az olmayacaq.
Onu da bilmək lazımdır ki, satışa başladığınız andan siz vergi ödəməyə məcbur olacaqsınız. Aptek işlədən fərdi sahibkarların illik dövriyyəsi 200 min manatdan (ayda 16 666 manat) çox olduqda ƏDV ödəyicisi hesab olunur və 18 % dərəcəsilə vergiyə cəlb olunur. Yox, əgər dövriyyəniz qeyd olunan məblığdən aşağıdırsa, onda gəlir vergisi ödəyicisi kimi gəlirlərinizin 20%-i həddində vergi ödəməli olacaqsız.

“Aptek biznesi”nin olmazsa olmazları…
Yuxarıda qeyd olunan bütün xərcləri ödədiniz və aptek fəaliyyətə hazırdır. Bundan sonra da diqqət edəcəyiniz vacib məqamlar var. Baxmayaraq ki, dərmanların qiyməti dövlət tərəfindən tənzimlənir və bütün apteklərdə qiymətlər eynidir, yeni də bu sahədə ciddi rəqabət var. Məlumdur ki, apteklərdə sadəcə dərman satılmır. Qiyməti tənzimlənməyən onlarla çeşid tibbi məhsullar da satılır. Bu baxımdan qiymətləri elə tənzimləmək lazımdır ki, müştərilərin digər apteklərə getməsinin qarşısını ala biləsiniz. Xüsusən yaxınlıqda yerləşən apteklərin “qiymət siyasətini” diqqətlə təqib etməlisiniz. Sizdən daha ucuz qiymətə satmalarına şərait yaratmamalısınız.
İkinci bir məqam dərman çeşitlərinin çoxluğuna önəm verməlisiniz. Dərmanlardan istifadəni ərzaq məhsullarından fərqli olaraq təxirə salmaq olmur. Məsələn, siz diş ağrısı olan bir müştəriyə, “ağrıkəsici dərman hazırda yoxdur, yarım saatdan sonra təkrar gələrsiz” deyə bilməzsiniz.
Daha bir önəmli məqam odur ki, işə götürəcəyiniz satıcının öz peşəsinin nə qədər bilib-bilməməsilə bağlıdır. Heç kimə sirr deyil ki, Azərbaycanda aptek satıcıları həm də xəstələr üçün məsləhət xidməti göstərir. Xəstələr bir-çox hallarda hansı dərmanı alacağını satıcı ilə məsləhətləşir. Yəni, bir aptekin uğurlu biznesə çevrilməsində satıcının payı olduqca yüksəkdir. Yeniavaz.com

Həmçinin oxuyun

Məşhur dərmanın müəllifi olan alim: “70 yaşım var, mal-mülk istəmirəm ki, adımı versinlər”

Tibb Universitetinin müəllimi, farmakoloq alim Aydın Əliyev ona lazımi dəyər verilmədiyindən şikayətlənib.  Alim Cebhe.info-ya bu barədə …