Bu tükürpədici olay 2016-cı ilin aprel ayında baş verib. Bu barədə bəzi internet resurslarında materiallar da yayımlanıb. Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında bir qadının yaşadığı bu faciə ciddi bir məsələdir və o, əli hər yerdən üzüldüyü üçün, son anda başına gələnləri təkrar ictimailəşdirmək qərarına gəlib. Məqsədi isə, yalnız odur ki, ictimai qınağa tuş gələn bəd əməl vəzifə sahiblərini, bəlkə, bundan sonra, haqq yoluna qaytarmaq mümkün oldu. araz.az saytında gedən həmin yazını təkrar dərc etməkdə məqsədimiz də, bu çarəsiz qadınının pozulmuş hüquqlarının bərpasında ona yardımçı olmaqdır. Çünki on bir ildir həmin klinikanın işçisi olan bu qadını daha çox incidən də, elə, baş həkim Nəsimi Qasımovdur. Onun tələbi ilə, bacarmadığı işə təhrik edilən, yıxılaraq şil-küt olan bu ağsaçlı qadına bu baş həkim bir illik bülleten pulunu verməkdə qərəz nümayiş etdirir. Halbuki Nəsimi müəllim bülleten və ona vəd edilən əlavə xərclər pulunun ödənilməsinə çoxdan göstəriş verə bilərdi. Çünki bu klinikada bir cərrahiyyə əməliyyatından qanunsuz olaraq 3000 – 7000 manat rəhbərliyin cibinə gedir. Hələ onu demirik ki, bura müraciət edən onkoloji xəstəyə dövlət hesabına pulsuz verilməli olan dərman və digər tibbi preparatları, klinikanın birinci mərtəbəsindəki 52 saylı aptekin müdiri Asya Məmmədova qanunsuz yollarla sataraq, rəhbərliyə milyonlar qazandırır. Onu da nəzərinizə çatdırırıq ki, klinika rəhbərliyinin tələbi ilə satılan endoksan, doksorubisin, karboplatin, qemzar, paklitaksel, altuzan, eloksatin, sisplatin… adlı bu dərmanların “qara bazarda” qiymətləri olduqca bahadır.
Dünya və Azərbaycan mətbuatı öz yazılarında həyəcan təbili çalırlar ki, son vaxtlar insanların kabusuna çevrilən və hər kəsi qorxu içində yaşamağa vadar edən xərçəng xəstəliyi sanki bir epidemiya kimi yayılmaqda, getdikcə gəncləşməkdədir. Lakin hər kəs bir gün həyatını və ya ailə üzvünü, yaxın qohumunu bu xəstəlikdən itirəcəyi düşüncəsi ilə yaşadığı bir zamanda, klinikanın rəhbərliyinin dünya heç vecinə də deyil. Bu barədə, araz.az və arazmedia.az saytlarının əməkdaşları ciddi araşdırmalar hesabına geniş yazı da hazırlayıblar. Bu yaxınlarda həmin yazını saytlarımızda yayımlamağı da planlaşdırırıq.
Yuxarıda sadaladıqlarımız, ölkə başçısının səs-küylü son müşavirədə xüsusi vurğuladığı ciddi korrupsiya faktı deyilmi?!.
Onu da qeyd etməyi vacib bilirik ki, bu yaxınlarda şikayət xarakterli müraciətlə ATU-nun rektoru Gəray Gəraybəylinin və prorektor Sabir Əliyevin qəbulunda olan bu xanımın başına oyun açanlar sırasına, indi də, universitetin hüquqşünası Kəmalə xanım və baş mühasib İlqar müəllim də qoşulublar. Onlar xanımın rektora ünvanladığı şikayət ərizəsinin cavabını qəsdən yubadirlar ki, bu oyunda Nəsimi müəllimin “haqlı olduğuna” dəstək olsunlar.
Əziz oxucular! Təkrar dərcinə qərar verdiyimiz bu yazını oxumaqla, bu süründürməçiliyin əsl mahiyyətini siz də anlayacaq və bizim nədən narahat olmağımızin səbəbini də biləcəksiniz.
Şikayətçi: “Narazılıqlarımı Əhliman Əmiraslanova da çatdırdım. Baş həkim Nəsimi Qasımova iradlarını bildirib, göstərişlərini versə də…”
O müdhiş 1988-dən üzübəri, əksər qaçqın və məcburi köçkünlərimiz kimi, doğma el-obasından didərgin düşən Qərbi Azərbaycan kökənli Lalə Əmrah qızı Mustafayevanın da başı bəlalardan uzaq olmayıb. Ən betəri odur ki, doğma Hamamlı (indiki Spitak -red.) bölgəsində baş verən o amansız zəlzələ fəlakətini yaşayıb. Doğma kəndi Qursalıda min bir əzab-əziyyətlə qurduqları ata mülkünün yerlə-yeksan olma səhnəsinin dəhşətini öz gözləriylə görüb. Daşnaq rəzalətinin ata ocağından perik saldığı didərgin qohum-qonşularının ah-nalələrini öz qulaqlarıyla eşidib.
Çəkilən
fəryadların yanğısı qulaqlarından getməmiş, son ümid yeri olaraq üz
tutduğu Bakıda, Qarabağda şəhid olan yaxınlarının ölüm xəbərləri köksünə
sağalmaz yaralar vurub, sinəsinə dağ çəkib. Həyat şirinlikləri ondan
da, beləcə üz döndərib.
Özünə
birtəhər sığınacaq tapandan sonra bir tikə çörək pulu qazanıb, birtəhər
dolanmaq üçün döymədiyi iş yeri qapısı qalmayıb. Qan-tər içində
işlədiyi yerlərdə belə haqqın nahaqqa qurban verildiyinə şahidlik edib,
üzü üzlər görsə də, hər rəzalətə dözüb – iş yerini itirməsin deyə! Son
iş yerində – Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında isə,
doğma Qursalıdakına bənzər bir “zəlzələ dəhşəti” yaşayıb. Bunu mübaliğə
ilə desək də, burada onun başına gələnlər, həqiqətən, dəhşət dolu bir
zəlzələ epizodu təsiri bağışlayır. Düzdür, o amansız Hamamlı
zəlzələsində Lalə xanım heç yıxılmasa, zədə belə almasa da, bu “zəlzələ
əjdahası” ona aman verməyib, başı üstə yerə vuraraq, şil-küt edib…
Videogörüntülər… amansız bir zəlzələ səhnəsi
Qoltuğunda
zorla tutub, ora-bura apardığı qalın qovluq 61 yaşlı Lalə Mustafayevanı
artıq çoxdan bezdirib. Bu qalın qovluq da, elə, ora-bura yazıb
ünvanladığı ərizə və müraciətlərin, eləcə də, aidiyyatı dövlət
qurumlarından vətəndaş müraciətlərinə başdansovdu cavablanan məktubların
surətləri ilə ağzınadək dop-doludur. Hara yazsa da, kimə üz tutsa da
dərdinə əlac edən, problemini çözən birisi tapılmayıb; Nə edəcəyini də
bilməyib, son ümid yeri olaraq, üz çevirib redaksiyalara. Yaxşı ki,
dərdinə həmdərd bu qalın qovluğunun içindəkilər arasında, Onkoloji
Klinikada baş verən həmin “zəlzələnin” videogörüntüləri də var. (Bu
yerdə ictimai qınaq amilini vacib bilib, həmin videogörüntüləri
araz.az-ın və “İrəvanın səsi”- nin oxucularına da təqdim edirik – red.).
Yazığın ümidi göydə Böyük Allaha, yerdə bu görüntülərədir; Deyir ki,
bəlkə, yuxarıdakılardan kimsə bu götüntülərə baxa və ona yazığı gələ!..
…Əlindəki
əsaya dirənərək, yeriyə-dura, ayaqlarını zorla çəkə-çəkə imdad üçün
“İrəvanın səsi” qazeti redaksiyasına da üz tutan Lalə xanımla bərabər,
bu görüntülərə biz də baxırıq. Nərdivandan kəllə-mayallaq aşdığı anlar
bizə olduqca təsirli və həyəcanlı anlar yaşadır. Lalə xanım isə, başına
gələn o dəhşətli anların ağrısını bir daha çəkir. Əl-ayağı qıc olur,
üzünə su vurub, zorla özünə qaytarırıq…
Çətin on il – ağrılı son gün
Lalə
Mustafayeva düz 10 ildir ki, burada işləyir. Necə deyərlər, sözəbaxan
xadimə kimi “ad çıxarıb”; Hara deyiblər, ora qaçıb, görmədiyi bir iş də
qalmayıb. Yazıq, ötən ilin iyun ayının 19-da da, belə bir “sözəbaxanlıq”
edib və yaşına uyğun olmayan iş görmək “həvəsi” ucbatından özünü bəlaya
salıb. Həmin o videogörüntülərə baxmaq kifayətdir ki, onun başına
gələnlər, bizlərə də təəssüf və məyusluq hissləri yaşatsın.
…Onda
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının rəhbər heyəti,
baş vermiş bu ağrılı hadisə ilə bağlı akt da tərtib edib. Kilinikanın
baş həkimi, Nəsimi Qasımovun, həmkarlar komitəsinin sədri Rəna
Ələkbərovanın, poliklinika və diaqnostika şöbəsinin müdiri Tamara
Quliyevanın, baş həkimin təsərrüfat işləri üzrə müavini Nazim Kərimovun
və baş tibb bacısı Kəmalə Zülfüqarovanın imzaladıqları həmin aktda da
göstərilib ki, Lalə Mustafayeva klinikanın bayırdan divarına vurulmuş
boruya söykədilən nərdivana çıxaraq, pəncərə silmək istəyib. Lakin
tarazlığını itirərək yıxılıb, sağ pəncənin yarımçığı, hər iki topuğun və
aşıq sümüyünün qapalı qəlpəli yerdəyişən sınığı diaqnozu ilə,
Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna
yerləşdirilib.
Lalə
xanım deyir ki, əslində bu aktı tərtib edənlər də, ona ögey-doğma
münasibətdə olduqlarını göstəribər: “Yarı düz, yarı səhv akt tərtib
ediblər. Yazırlar ki, guya, mən, öz təşəbbüsümlə pəncərə silmək qərarına
gəlmişəm. Özünüz deyin, hansı yaşlı qadın bayırdan divara dırmaşmağa
qərar verər. Bu, lap gülüncdür.
Videogörüntülərə
özünüz də baxdınız. Hətta mühafizə rəhbəri Sahib Axundov da, üstümə
qışqırır ki, tez yuxarı çıxım. Başqa nə demək olar ki?!. Hara
buyurublar, ora qaçmışam. Sonra da özümü bədbəxt etmişəm. Aylarla yeriyə
bilməmişəm, yataq xəstəsi olmuşam. Elə olub ki, özümü öldürməyə belə
qərar vermişəm. Aktda o da qeyd edilib ki, guya, mən ambulator şəraitdə
evdə müalicə almağa qərar vermişəm. Sanki bilmirlər ki, məni
imkansızlıqdan bu addımı atmağa məcbur ediblər. Aylarla ev şəraitində,
gipsdə və yataqda qalmaq mənim üçün ölümdən betər olub…” Söhbətimizin
bu yerində Lalə xanım göz yaşlarını saxlaya bilmir. Hönkürtüsü ürək
ağrıdır. Deyir ki, böyük ailəsi də diaqnozu pis yöndən qoyulan xəstələr
“məkanıdır”, işləyə bilmirlər: “Dolanışığımız olduqca çətindir. Bu
səbəbdən, mənim üçün olduqca çətin olsa da, məcbur olub, iki-üç ay əvvəl
müdiriyyətə yalvar-yaxarla birtəhər öz işimə qayıda bildim. Başqa nə
edə bilərdim ki?!. Vəziyyətim olduqca ağır, səhhətimdə ciddi problemlər
olsa da, sənəd verən idarələr əlillik almaqda belə mənə maneçilik
yaradırlar. Sanki düz sənəd yazıb, imza atanda barmaqları sınacaq.
Klinikanın rəhbəri də mənə ürək ağrıdan tərzdə deyir ki, kimsəsiz və
arxasızam. Yazığı gəldiyindən məni işə qaytarıb. Mənsə göydə Allaha,
yerdə bu videogörüntülərə, ölkə başçısına, onun xanımına, eləcə də yaxşı
insanlara ümidliyəm…”
“TSEK də məndən nəsə umur”
Şikayətçinin
sözlərinə görə, o, haqqını almaq üçün döymədiyi qapı qalmayıb.
Respublika Səhiyyə Nazirliyinə yazdığı şikayət məktublarına, baxılması
üçün, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə
göndərilib: “Gəray müəllimə az-çox ümidim qalıb. Yəqin, Gəray müəllim
tezliklə mənim çözülməyən problemimə bir əncam çəkəcək. Mən sənəd
toplamaqdan bezmişəm. Hər yerdə adamın başına oyun açırlar”.
37
saylı şəhər poliklinikasının Həkim Məsləhət Komissiyası tərəfindən
müayinə olunduğunu deyən Lalə xanım, onu da bildirdi ki, bu barədə
göndərişləri “Tibbi-Sosial Ekspert Komisiyasına (TSEK – red.)
göndərişlərin reyestri”-nə daxil edilib. Bu barədə poliklinika HMK-nın
sədri Təranə Məmmədova dəfələrlə Nərimanov rayon TSEK-ə bildirişlər
göndərib: ” TSEK-in sədri isə, poliklinika ilə sanki “ötür-ötür oyunu”
oynayır. Əlillik və ya sağlamlıq imkanımın məhdudluğunu təyin etməkdə
məndən nə isə umur. TSEK onsuz da bu çirkin işlə məşğuldur. Bunu hamı
bilir. Mənsə, onların istədiyi qədər pul tapıb, verə bilmərəm. Bu
səbəbdən, sədr hər dəfə imtina yazır. Cavablarda yalandan göstərir ki,
Dövlət Səhiyyə Müəssisəsi tərəfindən verilmiş göndərişlərdə əlillik
səbəbi öz təsdiqini tapmayıb. Axı, necə tapmaya bilər ki, elə
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun verdiyi
arayışdaca mən ölü bir insan kimi göstərilmişəm. Arayışlarda mənim necə
xəstə olduğum açıq-aydın göstərilib: “Sağ qamış sümüyünün distal
epimetafizinin çoxqəlpəli oynaq daxili bitişmiş sınıqları. İç topuğun
qeyri-düzgün bitişmiş qəlpəli sınıqları. Sağ aşıq-baldır oynağının
deformasiyası. Sağ aşıq-baldır oynaqların kofrakturası. Ağrı sindromu,
sağ aşağı ətrafın funksiyasının kəskin pozulması və sairə, və ilaxır”.
Lakin
Nərimanov rayon TSEK sədri bu yazılanın dəhşətini başa düşmək istəmir.
Elə, məndən pul gözləyir. Hətta, o, Azərbaycan Tibb Universitetinin
inzibati-təsərrüfat işləri üzrə prorektoru Aydın Vəliyevin də, travma
nəticəsində neçə faiz əmək qabiliyyətimi itirməyimin təyin edilməsi
sorğusuna da başdansovdu cavablar verir”.
Şikayətçi
deyir ki, o, xəstə yatarkən də, klinikadan ona əmək haqqı təyin edilib.
Lakin, o, hələ bu pulun da hamısını ala bilməyib: “Hətta şikayət və
narazılıqlarımı millət vəkili, akademik Əhliman Əmiraslanova da
çatdırmışam. Baş həkim Nəsimi Qasımova öz iradlarını bildirib, tapşırıq
və göstərişlərini verib. Nə olsun?!. Hamı öz işindədir.
Mənsə,
bu ciddi məsələmi ictimailəşdirmək qərarına gəlmişəm. Məqsədim isə,
yalnız odur ki, qoy, pis məmurlar ictimai qınağa tuş gəlsinlər. Bəlkə,
bu yolla nəsə etmək mümkün oldu…”. \\”İrəvanın səsi”\\